Hər sinifdə 20 yox, 45 şagird: - Müəllim və şagirdləri köçürmək çıxış yolu olacaq?
29-06-2020, 19:34
![Hər sinifdə 20 yox, 45 şagird: -](/uploads/posts/2020-06/1593444937_1.jpg)
Orta məktəblərdə sıxlıq probleminin olması pandemiya şəraitində bir daha aktual xarakter alır. Baxmayaraq ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda hər bir sinifin 20 nəfərdən komplektləşdirilməsi nəzərdə tutulur, bir sıra məktəblərdə şagird sayı müvafiq göstəricini 2 dəfədən də artıq üstələyərək, 40-45 nəfərə çatır. Sıxlıq problemi rus bölmələri üçün xüsusilə xarakterikdir.
Bəs sentyabrın 15-də dərslər başlanacağı təqdirdə bu problem necə tənzimlənəcək?
Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Cebhe.info-ya açıqlamasında bildirib ki, orta məktəblərdəki sıxlıq problem bütün respublika üçün xarakterik deyil:
“Bu, əsasən, Bakı şəhəri üçün xarakterikdir, o da paytaxtın mərkəzini və qaçqın və köçkünlərin kompakt yerləşdikləri əraziləri əhatə edir. Bəzi məktəblər sıxlıq məsələsini ikinövbəli sistemə keçməklə həll ediblər. Ümumiyyətlə, Sovet dönəmində birnövbəli məktəb olmayıb. İndi isə uşaqların rahatlığı üçün birnövbəli sistem tətbiq edilir. Elə məktəblər də var ki, ərazi olmadığına görə, tikinti aparmağa imkan yoxdur. Rus bölməsində sıxlığın səbəbi isə başqadır. 1990-cı illərdən sonra rus bölməsinə maraq atıb, müəllinlərin sayı isə azdır”.
Problemin həlli istiqamətində müəyyən işlərin görüldüyünü bildirən təhsil eksperti deyib ki, bəzi sıxlıq olan məktəblərin şagirdlərini müəllimlərlə birlikdə qonşu məktəblərə köçürmək mümkündür:
“Bəzi valideynlər var ki, uşaqlarının “elit” sayılan məktəblərdə oxumasını istəyirlər. Sovet dövründə həm də məktəbə qəbul əraziyə görə aparılırdı. Sonradan isə şagird, müəllim, valideyn təhsil prosesinin bərabərhüquqlu subyekti sayıldığına görə, valideyn və şagirdə məktəbi seçmək hüququ verildi. Bir neçə il əvvəl yenidən dislokasiyanın tətbiq olunması nəzərdə tutuldu, amma bu, özünü doğrultmadı”.
Koronavirus pandemiyasına gəldikdə, Nadir İsrafilov bildirir ki, sentyabrın 15-də dərslərin başlanıb-başlanmayacağı hələlik məlum deyil:
“Beynəlxalq qurumlar təhsilə yeni baxış ortaya qoymağa çalışır. Distant, məsafədən təhsilin formaları düşünülür”.
Təhsil eksperti eləcə də ölkəmizdə məktəb tikintisinə xüsusi önəm verildiyini qeyd edib.
Təhsil eksperti Kamran Əsədov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, post-pandemiya dövründə təhsil sisteminin əvvəlki qaydada olmayacağı realdır:
“Təhsil sistemi artıq yeni bir dövrə qədəm qoyub. Virusun dərmanı tapılsa da, sosial məsafənin qorunması vacib olacaq. Hazırda Azərbaycanın 4447 ümümtəhsil məktəbi var və orda 6 milyon şagird təhsil alır. Təkcə Bakıda 440 min şagird təhsil alır. Nazirlər Kabinetinin qərarına görə, bir sinifdə 20, maksimum 25 nəfər təhsil almalı olduğu halda, real vəziyyətdə hətta 54 şagird olan siniflər var. Postpandemiya dövründə isə bu halın təkrarlanacağı gözlənilmir”.
Kamran Əsədov deyir ki, təkliflərdən biri odur ki, post-pandemiya dövründə məktəblərdə gündəlik dərslər keçirilməsin:
“I, III, V günlərdə 2, 3, 5,7 9-cu siniflər, digər günlərdə başqa siniflər məktəbə gəlsin. Bu zaman siniflərdə məsafəni gözləməklə dərsləri təşkil etmək mümkündür. Bundan başqa, sıxlıq olan məktəblərdə əlavə korpuslar, mərtəbələr tikməklə və ikinövbəli sistemə keçməklə şagird sıxlığının aradan qaldırılması mümkündür”.
Kamran Əsədovun şagirlərin bir məktəbdən digərinə köçürülməsini çıxış yolu hesab etmir:
“Bu mümkün deyil. Təkcə Bakıda 440 min şagird təhsil alır. Onları hara daşısaq da, problem həllini tapmayacaq. Toplananların yerini dəyişməklə cəm dəyişmir. Yasamal, Səbail, Xəzər, Xətai rayonlarında çox ciddi sıxlıq var. Təkcə 20 nömrəli məktəbin beş mindən çox şagirdi var, onları hara köçürmək olar?”