İşbazlar bizə texniki buğda və kartof yedirdirlər- Genefondumuzu belə məhv edirlər
17-01-2016, 20:14
“Təəssüflər olsun ki, ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur. Hətta insan orqanizmi üçün təhlükəli olan bu məhsulu inhisarçı işbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə satırlar”.
Bunu tanınmış kənd təsərrüfatı mütəxəssisi, AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli feysbuk səhifəsində yazıb.
Mütəxəssis qeyd edir ki, əslində, texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur. Texniki və yemlik sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə olunur. Ona görə də onlardan qida kimi istifadə etmək insan orqanizmi üçün zərərlidir.
V.Məhərrəmli həmçinin, ölkəyə çörəkbişirmə üçün idxal olunan buğdanın da ərzaq buğdası olmadığını yazıb: “Bilirsinizmi, çörəyimizin dadı niyə yoxdur? Çörəkbişirmədə istifadə olunan buğda 4-cü, 5-ci sinif buğda standartına uyğundur. Bu buğdadan digər ölkələrdə əsasən heyvandarlıqda yem kimi istifadə olunur. Təəssüflər olsun ki, çox ucuz olduğu üçün inhisarçılar yemlik buğdanı ərzaq buğdası adı ilə ölkəyə idxal edirlər. Qonşu Gürcüstanda Şaakaşvili hakimiyyətə gələn kimi 4-cü, 5-ci sinif buğda idxalına qadağa qoydu”.