QARABAĞ SAVAŞI TÜRK DÜNYASINA YENİ QAPI AÇA BİLƏR :Çindən Avropayadək uzanan “Orta dəhliz”də yeni mənzərə yaranacaq - TƏHLİL
2-10-2020, 07:22

Kürşad Zorlu
“Habertürk”, Türkiyə, 30 sentyabr 2020-ci il
Qarabağdakı hadisələrin inkişafı Azərbaycan torpaqlarının işğalına son verilməsini təmin etməklə birlikdə, türk dünyasının gələcəyi üçün böyük önəm daşımaqdadır. Əgər bu proses tarixi əsaslardan qoparılmadan münaqişənin ədalətli şəkildə həllinədək çatdırıla bilərsə, türk dünyasının əməkdaşlıq sahəsi müsbət mənada yeni bir qırılma yaşayacaqdır.
Belə ki, XIX əsrdə Osmanlının Qafqazdakı hakimiyyətinə son verməyə və Orta Asiya ilə bağlarını qoparmağa yönəlik olaraq edilən həmlələr SSRİ-nin dağılmasından sonra da bənzər bir anlayışla davam etdirilmişdir. Rusiya, İran, Fransa, İngiltərə və ABŞ, –müxtəlif ağırlıqlarla olsalar da, – bu prosesin parçaları olmuşlar. Miqyası dəyişsə də, Ermənistanın Qarabağ mərkəzli oyunlarda alət kimi istifadə edilməsi məlum bir həqiqətdir. O dövrdə ən açıq olanı Ermənistanın qurulduğu ərazinin, Zəngəzur dəhlizinin Naxçıvan-Azərbaycan və təbii, Türkiyə-Azərbaycan quru bağına bir bıçaq kimi saplanmasıdır.
1991-ci ildə Azərbaycanın digər türk cümhuriyyətləri kimi, yenidən öz müstəqilliyini əldə etməsilə Türkiyənin mərkəzi Xəzər olmaqla bu bölgədə yeni oyunçu kimi ortaya çıxması isə Dağlıq Qarabağ və ətrafının işğal edilməsini sürətləndirmişdir.
Qeyd etmək lazımdır ki, bu potensial 1991-1994-cü illər arasındakı qısa dövr ərzində Türkiyə tərəfindən yetərincə oxuna bilməmiş və ya dəyərləndirilməmişdir. Türkiyə bu ölkələrin müstəqilliyinə töhfələr vermiş olsa da, başda enerji qaynaqlarının çıxarılması və nəql edilməsi olmaqla, strateji addımların atılması sahəsində gözləntilərin gerisində qalmışdır.
“Təbiət boşluq qəbul etməz” ifadəsi coğrafiyaların ruhu üçün də keçərlidir. Həqiqətən, bu ölkələrin strateji hədəfi olan uzunmüddətli layihələrində lazım olan təsirli mövqe əldə edə bilməmişdir. Nəsil dəyişdikcə də, yeni gözləntilər ortaya çıxmış və daha geniş əlaqələrin qurulması və idarə olunması məcburi hala gəlmişdir.
2009-cu ildə Naxçıvanda imzalanan anlaşmaya əsasən qurulan Türk Şurası (TŞ) son dövrdə bir genişlənmə mərhələsi yaxalayıb. Uzun illər ərzində Türkiyə ilə durğun münasibətlər yaşayan Özbəkistan Türk Şurasının daimi üzvü olub. Macarıstan isə artıq TŞ-də müşahidəçidir. Ukrayna da qatılmaq istəyir. Bildiyimə görə, sırada başqa ölkələr də var. Mən hələ Rusiya Federasiyası tərkibində və bəzi digər ölkələrin daxilində olan türkdilli icmaları saymıram. Koronavirus pandemiyası ilə birlikdə milli dövlətlərin üstün yönlərinin önə çıxması bu icmalar baxımından da qiymətli imkanlar yarada bilər.
Qarabağdakı işğala son verilməsi halında, türk dünyasının, xüsusilə də çoxlu layihələr həyata keçirməsilə bağlı, güclü bir impuls yaxalaması mümkün görünməkdədir. Öncəliklə qeyd edək ki, özünə və təsir gücünə inamın artması hissi bu ölkələri yeni motivasiya sahəsinə daşıyacaqdır. Türkiyənin Xəzərin o biri tayı ilə quru əlaqəsi yaratması Çindən Avropayadək uzanan “Orta dəhliz”də yeni bir mənzərə ortaya çıxaracaqdır. Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan tərəfindən tanınması yenidən gündəliyə gələ bilər. Bununla birlikdə, ilk dəfədir yazıram, Türk Şurasına Asiya-Sakit okean bölgəsindən də qatılmaların olması (ilk növbədə Cənubi Koreya nəzərdə tutulur –tərc.) hər an gündəliyə gələ bilər.
Bütün bunları nəzərə alaraq, “Məsələ sadəcə Dağlıq Qarabağ məsələsi deyildir” deyirəm.
Tərcümə Strateq.az-ındır