“Xalq artıq müharibədən yox, müharibənin dayandırılmasından qorxur...”
2-10-2020, 10:27

“Bu, 32 ildə çəkdiyimiz əzab-əziyyətin, tökdüyümüz qanın, verdiyimiz canın əbəs getməsi, müstəqilliyimiz, ərazi bütövlüyümüz, dövlətçiliyimiz üçün böyük təhlükə olar...”
3 cümlə ilə bir “ATƏŞ”...
Son 5 günlük Şəhid və itkilərimizə rəğmən bütövlükdə Dövlətimizə, Ordumuza, Qələbəmizə inamımız yüksək səviyyədədir...
Paytaxt və bölgələrdəki müşahidələrimiz; çağırış məntəqələrinə könüllü axınları, ictimai məkanlarda, teleekran qarşısında hərb meydanındakı hər uğurlu əməliyyatımız barədəki xəbər qarşılığındakı kütləvi sevinc, coşğu, cəbhə bölgələrindəki əsgərlərimiz və dinc sakinlər üçün göndərilən yardımlar, keçirilən dəstək kampaniyaları və s. göstərir ki, artıq xalq müharibədən yox, son onilliklərdə çoxüzlülükləri, ermənipərəstlikləri bəlli olmuş BMT-nin, AŞ-ın, ABŞ-ın, ATƏT-in, Rusiyanın, Fransanın və s. təzyiqi ilə müharibənin yarımçıq – Qələbəsiz dayandırılmasından qorxur...
Hamı - hər bir Vətənsevər, Qarabağsevər vətəndaş, xüsusən 32 ildən bəriki, o cümlədən bu günlərdəki şəhidlərimizin, qurbanlarımızın ata-anaları, bacı-qardaşları, oğul-qızları, bütün əzizləri də, eləcə də Ermənistandan qaçqın, Qarabağdan məcburi köçkünlər də işğalçı Ermənistan ordusunun hər bir qarış torpağımızı tərk etməmiş hərbi əməliyyatları dayandırmağı çəkdiyimiz əzab-əziyyətin, tökdüyümüz qanın, verdiyimiz canın əbəs getməsi, şəhidlərimizin qanının yerdə qalması, müstəqilliyimiz, ərazi bütövlüyümüz, dövlətçiliyimiz üçün böyük təhlükə hesab edir...
P.S. Bütün vətənpərvərlər “Mənim sözüm birdir - Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdır!” deyən Ali Baş Komandanın arxasındadır...
Sultan Laçın