1 aydır gedən savaş bizə nə verdi- Qubad İbadoğlu yazır
27-10-2020, 07:53

Düz 1 ay əvvəl səhər saatlarında müharibə başladı xəbərini bütün Azərbaycana ildırım sürəti ilə yayıldı. Bu xəbərdən diksinənlər də, narahatlıq keçirənlər də, köksünü ötürüb nəhayət ki deyənlər də oldu. Xilaskar ordumuz xalqı çox intizarda qoymadı, tez bir zamanda əldə etdiyi qələbə xəbərləri ilə hər gün onun həsrətini yaşayanların gözlərini sevinc yaşları ilə yaşartdı, bükülmüş kürəkləri dikəltdi, sınmış qürurları özünə qaytardı. Məğrur vətən oğulları illərdir ki, düşmən tapdağı altında inildəyən torpaqlarımızı işğaldan qurtaqmaq üçün cəhbəyə axışdı.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazır. Qubad bəy daha sonra yazır:
Uzun illərdir ki, qəflət yuxusunda olan toplum birdən oyandı, özünü tanıdı, vətəndaş mövqeyini ortalığa qoymağa başladı, insanlıq hissləri önə keçdi, qarşılıqlı sevgi bizi yaxınlaşdırdı, bu hisslər hər kəsi cəhbə üçün birləşdirdi, dostları və düşmənləri ayırd etmək üçün bizə şans verdi. İlk dəfə olaraq özümüzü yalqız hiss etmədik, Azərbaycanda yaşayan müxtəlif millətlərin igid oğullarının yanımızda olmasından, qardaş Türkiyənin çoxdan gözlədiyimiz gerçək dəstəyindən fərəhləndik, gələcəyə və qələbəyə daha da ümidləndik.
Xalq ordusuna güvəndı, ədaləti bərpa etmək hər gün ölümlə üzbəüz qalan vətən oğulları təkrar qələbələri ilə milyonlara sevincə bəxş etdi. Bu asan başa gəlmədi. Xain düşmən min bir fitnə və hiylə ilə yüzlərlə igid oğlanlarımızı, qəhrəmanlarımızı əlimizdən aldı, yaşayış məntəqələrini, müki obyektlərini hədəfə götürdü, onlarla dinc sakinlərin həyatını yarımçıq qoydu. Amma istəyinə nail ola bilmədi. Müzəffər ordumuz rəşadəti ilə yeni tarix yazdı. Azərbaycanın müasir tarixinə ləkə salan işğal tarixlərini zəfər günləri ilə əvəz elədi.
Azərbaycana yeni nəfəs, həyat və gələcək bəxş edən şanlı ordumuz yuxuları, arzuları, xəyalları gerçək etdi. 27 ildən sonra ayağımızı torpağımıza basa bildik və torpaqlarımızın hər qarışı uğurunda aparılan qanlı mübarizəni yaddaşlarımıza qələbə sözləri ilə birlikdə yazdıq.
Ötən 1 ayda yalnız ön cəbhədə deyil, bütün mövqelərdə qələbə qazandıq. Dünyanın gözü bizdə olanda hər kəs gördü ki, Azərbaycanın dövlət başçısı Ermənistanın hökümət başçısından, milli ordumuz düşmənin silahlı qüvvələrindən, xalqımız erməni millətindən qat-qat güclü və üstündür.
Qəti və tam qələbəyə doğru zəfər yürüş davam edir. Yolun sonuna az qalıb, qarşıdakı hədəflərimiz gözlə görsənir, ora tezliklə yetişmək üçün daha böyük əzmlə çalışmalı, diqqətli olmalıyıq, həmrəliyimizi və birliyimizi qoruyub, xalqın gücüylə yüksələrək irəli gedən ordumuza dualarımızı əsirgəməməliyik. Yolları açıq və rəvan olsun! Allahın mərhəməti Azərbaycan xalqına qələbə sevinclərini yaşadan əsgər və zabitlərimizin üzərində olsun!.
Teref.az