Bu dəqiqəyə qədər - Səxavət Məmməd savaş alanından yazır
27-10-2020, 08:21

Faktiki olaraq gün ərzində Ermənistan tərəfi atəşkəs və humanitar məsələləri vecinə almayıb. Gün ərzində cəbhə boyu yaşayış məntəqələrimiz artilleriya və raket atəşinə məruz qalıb. Təbii ki, bunun cavabıları da olub.
Açığı informasiya məkanındakı gərginlik cəbhədən daha ağırdır. Görüb və hiss etdiyim bəzi məsələlər var. Xüsusilə informasiyaların sızdırılması, döyüşlərin getdiyi ərazilərdən yayılan videolara nəzarət edə bilməməyimiz və digər məsələlər daha çox diqqətli olmağıma əsas verir. Qurunun oduna yaşın yanması məsələsi.
Bir neçə dəfə yazmışam, rəsmi açıqlanan ərazilər tam təmizlənib və möhkəmləndirmə işləri aparılmış yerlərdir. Bu da onu deməyə əsas verir ki, təxminən 2 gün öncə həmin yer həll olub, bir neçə km daha da irəlidəyik. Məsələ ondadır ki, yayılan videolar işi bir qədər çətinləşdirir. Təsəvvür edin, Şuşa və Güləbirdin videoları yayılır, ancaq hələ də Cəbrayılın kəndləri işğaldan azad olunur, Qubadlıya isə dünəndən başlamışıq. O videoların sevinc tərəfi böyük olsa da, faktiki olaraq gərginlik yaradır. Niyə Şuşa deyilmir, niyə Laçın deyilmir kimi suallar meydana gətirir. Vaxt uzandıqca suallar da çoxalacaq. Əslində MN dolayısı ilə Laçın məsələsini təstiqləmiş oldu. Bunu heç bəyənmədim. Daha çox əhali və KİV-ə səslənən MN və Baş Prokurorluq görmür ki, videolar hardan çıxır?
Bəziləri elə bilir ki, ancaq təkrar yazıram. Əslində mən heç nəyi təkrar yazmamışam. Hər gün eyni proses gedirsə, eyni istiqamətlər vurulursa, bu təkrardı deyib, yazmamalıyam? Sizin təkrar dediyinizə fərqli insanların qanı tökülür, fərqli şəxslərin evi dağılır. Yaşananlar film deyil ki, sıxıldığın yeri irəli verib baxmağa davam edəsən. Müharibədir.
Deyəcəksiniz bədbinlik yağdı yazıdan. Əsla. Ordunun gördüyü iş son dərəcə əladır. Sadəcə informasiya məsələləri məni sıxır.
Teref.az