"Bu boyda Holdinqlər Silahlı Qüvvələr Fonduna 1 milyon manat ödəməklə fəxr edirlər"- Qubad İbadoğlu nyazır...

7-11-2020, 05:35           
"Bu boyda Holdinqlər Silahlı Qüvvələr Fonduna 1 milyon manat ödəməklə fəxr edirlər"- Qubad İbadoğlu nyazır...
Azərbaycanda taksiyə minirsən, sürücü soruşur ki, hara gedirsən, deyirsən ki, urologiyaya, soruşur ki, ora haradır, deyirsən ki, xəstəxanadır. Razılaşıb, maşına oturan kimi təkrar soruşur ki, xeyir ola, həkimə gedirəm, böyrəyimdə daş var deyən kimi dərhal məsləhət verməyə başlayır. Deyir ki, qardaş mən bilirəm neyləmək lazımdır, sən filan otu al, qaynat suyunu iç, filan otu al dəmlə çayını iç mütləq sağalacaqsan, yəni Bakıda sürücü də adamla həkim kimi danışır.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır. Daha sonra fikrini davam etdirən Qubad bəy yazır:
Həqiqətən də Azərbaycanda biri başqasına dərman məsləhət verir, deyir ki, mən bilirəm nə etmək lazımdır, həkimə getmə, filan yerin ağrıyırsa, get aptekdən bu dərman al və sairə.
İndi də nə yazırsan, dərhal "məsləhətçilər" səhifəyə gəlir, biri yazır ki, indi bunun vaxtı deyil, ölkədə müharibə gedir, başqa birisi yazır ki, bu şəkili niyə post edirsiniz, o biri yazır ki, o videonu niyə paylaşırsınız, bəzən razılaşsam da, çox vaxt razılaşmıram. Yəni, son vaxtlar Facebookda çoxlu senzorlar, nadzorlar, məsləhətçilər əmələ gəlib. Nəysə onları da yola verə bilirəm.
Çətini yeni yaranan "iqtisadçı alimlər"lərdir. Belə ki, on illərlədir ki, ölkənin gəlirli bazarlarının müxtəlif seqmentlərində hökmran mövqeyini siyasi elitanın hesabına qoruyub, həmin bazarlarda bahalı sövdələşmə qiyməti tətbiq edən, ora başqa şirkətlər üçün giriş baryerləri qoyub, milyardlar qazanan və elə o qədər də milli iqtisadiyyata və yerli istehlakçılara ziyan vuran şirkətlərdən yazanda başlayırlar mənə (ABŞ-ın Şimalı Karolina, Duke, Princeton, Rutgers Universitetlərində iqtsiadiyyatdan dərs verən şəxsə) iqtisadiyyat dərsi keçməyə, biri yazır ki, şirkətin funksiyası vergi verməkdir, o biri yazır ki, şirkətin sosial məsuliyyət öhdəliyi yoxdur. Bax, bunlarla barışa bilmirəm. Hətta, soruşanda ki, şirkət büdcəyə hər il nə qədər vergi ödəyir, bunu yazanlar onu da bilmirlər. Bilirsinizsə yazın, yazın görək, Azərsun, Azərcell hər il nə qədər vergi ödəyir? Bu boyda Holdinqlər Silahlı Qüvvələr Fonduna 1 milyon manat ödəməklə fəxr edirlər.
Nəysə, belələrindən xahiş edirəm ki, 1-2 kitab və ya məqalə oxuyub mənə taksi sürücüsü səviyyəsində (əsla taksi sürücülərinin xətrinə dəymək istəmirəm) məsləhət verməsinlər. Mənim heç bir şirkətlə qərəzim yoxdur, istədiyim odur ki, onlar şəffaf işləsinlər, vergilərini açıqlasınlar, inhisarçı, oliqopol mövqelərindən, siyasi hakimiyyətdəki himayəçilərindən istifadə edib, bazarda haqsız rəqabət yaratmasınlar.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.