İsrailli politoloq: “Azərbaycana Vətən savaşında kömək etmək İsrail üçün şərəf məsələsidir...”

7-11-2020, 08:57           
İsrailli politoloq: “Azərbaycana Vətən savaşında kömək etmək İsrail üçün şərəf məsələsidir...”
Ermənistanın hərbi-siyasi rəhbərliyi reallıqla barışmalı olacaq
Azərbaycan Ordusu Qarabağda zəfər yürüşünü davam etdirdikcə işğalçı ölkənin rəhbərliyi bir o qədər başını və məntiqini itirir. Birinci Qarabağ savaşında kənar dəstəyin hesabına qazandığı müvəqqəti hərbi uğuru illərdir “məğlubedilməz erməni ordusu”nun adına yazan ermənilər Qarabağda aldıqları ağır məğlubiyyətdə nədənsə özlərini deyil, başqalarını günahlandırırlar. Qələbəni heç kimlə bölüşmək istəməyən Ermənistan beləcə, öz “halal” məğlubiyyətinə yiyə durmaq istəmir.

Erməni mediasını izlədikcə, İrəvan rəsmilərinin absurd bəyanat və açıqlamaları ilə tanış olduqca əminlik yaranır ki, bu, heç də ayrı-ayrı fərdlərin düşüncəsi deyil. Haradasa milli-ictimai bir yanaşmadır. Guya dünyanın bu “qədim və nadir xalqı”nın tarixində heç vaxt uğursuzluq olmayıb, ola bilməz, çünki guya ermənilər dünyanın ən “müdrik, ən ağıllı, ən ali” milləti, “ən təmiz” irqidir. Hətta bəşəriyyəti də bunlar xilas edib və ona görə hamı onlara borcludur.

Təbii ki, bu cür düşüncə - ifrat millətçilikdən, faşizmdən də o yana gedir. Heç vaxt vətəni olmamış və özünə saxta tarix, saxta dövlətlər, “dənizdən-dənizə Ermənistan” uydurmuş və əsrlərlə bu uydurmalarla yaşamış bir toplumdan, onun başabəla rəhbərlərindən, Allaha, dinə-imana dəxli olmayan kilsələrindən və üstündə silah gəzdirən terrorçu katolikoslarından bundan artıq nə gözləmək olar ki?

*****

“Ermənilər xülya ilə yaşayan, nağıllar əsasında özlərinə tarix düzəldən, vəziyyətdən asılı olaraq özlərini bəzən cəsur, bəzənsə məzlum göstərən xalqdır. Bundan sonra Ermənistan məzlum obrazı alaraq dünya dövlətlərinin qapısında dilənməyə başlayacaq. Orada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ölkəni düşdüyü vəziyyətdən çıxara bilməyəcək”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistanda yaxın gələcəkdə müşahidə olunacaq prosesləri şərh edərkən deyib.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğluna görə, indiki halda Ermənistanın Rusiya üçün heç bir əhəmiyyəti qalmayıb: “Çünki Rusiya Türkiyə, Azərbaycan və digər türk ölkələri ilə yüksək səviyyəli və qarşılıqlı fəaliyyətə əsaslanan əməkdaşlıq mexanizmi qurub. Əksinə, Ermənistan bu əməkdaşlığa maneə elementi kimi ortaya çıxır. Rusiya da yəqin ki, bu yükü öz üzərindən atacaq”.

ADP sədri xatırladır ki, artıq ermənilər Ermənistandakı rus bazalarının çıxarılması haqda fikirlər səsləndirir: “İndi onlar Avropada özlərinə arxa axtarırlar, faktiki olaraq öz mövqelərini dəyişməyə başlayıblar. Rusiyada da bunu başa düşürlər. Rusların Ermənistanı itirməsi onların maraqları üçün heç bir əhəmiyyət kəsb etmir”.

Ermənistanda anti-Rusiya prosesinin başladığına diqqət çəkən S.Cəlaloğlu deyib ki, erməni ekspertləri və ziyalılarının çıxışlarından hər şey görünür: “Bədii dildə desək, artıq onlar Rusiyadan inciyiblər və özlərinə yeni ağa axtarırlar. Amma onlar özlərinə ağa tapa bilməyəcək. Çünki uzun illər bu regionda ermənilərin oynadığı rol indi heç kimə lazım deyil”.

*****

Amma kimə deyirsən. Onlar hələ də özlərini az qala bütün bəşəriyyət üçün vazkeçilməz, böyük dəyər sayırlar. Görünür həm də o üzdən bu toplum öz məğlubiyyətlərinə görə indi özündən başqa hamını suçlu çıxarır. Rusiya təbii ki, “suçlular və satqınlar” sırasında onlar üçün birinci yerdə gəlir. Sırada Azərbaycanın strateji tərəfdaşı İsrail də var. Bu da növbəti fakt.

“Ermənistan İsrail dövlətinə və yəhudilərə yaşadıqları yerdən asılı olmayaraq hörmətsiz yanaşır”. Bu barədə Ermənistanın Armenianreport.com saytındakı məqalədə deyilir (Axar.az).

Məqalə müəllifi yazıb ki, bu, İsrail və yəhudilər haqqında deyilə biləcək ən yumşaq ifadədir. Erməni resursu yazır ki, yəhudilərə qarşı hörmət bəslənməməlidir, nifrətlə baxmaq lazımdır. Müəllif Ermənistan vətəndaşlarının və demək olar ki, dünyanın bütün ermənilərinin onunla eyni fikirdə olduğuna əmindir.

Ermənilər bütün bu illər ərzində çürük içlərini “zəif”, “müdafiəsiz” və guya “yaxşı xalq” adı altında gizlətməyə çalışıblar. Lakin bütün dünya yəhudiləri yer üzündən silməyə çalışan SS üzvü olan erməni nasistlərini yaxşı xatırlayır. İndi nə dəyişildi? Heç nə. Ermənilər əvvəl də yəhudilərə nifrət edirdi, bu gün də nifrət etməyə davam edirlər. Sadəcə, Qarabağdakı müharibə onların maskalarını cıra bilib. İndi onlar ümidsizdirlər və daxilən kim olduqlarını gizlədə bilmirlər.

*****

Buradaca yada salaq ki, hazırda Vətən müharibəsi aparan Azərbaycan Ordusunun sıralarında həmişəki kimi, yəhudi milliyyətindən olan vətəndaşlarımız da vuruşur. Bunu da yada salaq ki, Birinci Qarabağ savaşı zamanı bizim Albert Aqarunov kimi yəhudi Milli Qəhrəmanımız, şəhidimiz olub. Bu da boşuna deyil, iki xalq arasında qədim tarixə gedib çıxan güclü bağların sayəsindədir. Bu bağlar indi də möhkəm və etibarlıdır.

“Yəhudi icması və İsrail Qarabağ münaqişəsinə müdaxilə edə bilməz və etməyəcək, ancaq Vətən müharibəsində Azərbaycan tərəfini tam müdafiə edir və dəstəkləyir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusdilli Vesti.az saytına israilli mütəxəssis Mixail Finkel deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan az öncə “The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə ironik şəkildə İsrail hakimiyyətinə İrəvana deyil, “Dağlıq Qarabağdakı muzdlulara” humanitar yardım göndərməyi təklif etmişdi. Ermənistan hökumətinin başçısı yəhudi dövlətinin rəhbərliyinə iradını onunla əsaslandırmışdı ki, İsrail hökuməti Qarabağ münaqişəsi zonasında guya “Azərbaycan tərəfində döyüşən yaraqlılara silah verir”.

“Biz yüksək keyfiyyətli silahlarımızı Azərbaycana tədarük etmişik və yenə də edəcəyik. Biz qardaş Azərbaycan xalqını işğal olunmuş və beynəlxalq hüquq baxımından Azərbaycan kimi tanınan öz torpaqları uğrunda apardığı azadlıq müharibəsində dəstəkləyirik. Bütün dünya ölkələrində və BMT-də Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənir. İsrailin münasibəti, ədalətli münasibət bundan ibarətdir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, İsrail üçün Azərbaycan kimi bir ölkəyə Vətən müharibəsində kömək etmək və onunla əməkdaşlıq etmək şərəf məsələsidir. Onun fikrincə, Təl-Əvivin Ermənistanla və Azərbaycanla münasibətləri tərəzinin eyni gözünə qoyulmamalıdır, çünki sonuncusu ilə münasibətlər dərin tarixə malikdir. “Təəssüf ki, erməni xalqı içərisində böyük bir antisemitizm ənənəsi var” - Finkel bildirib.

O, Ermənistandakı antisemitizmin dərin tarixi köklərə malik olduğuna və yerli kilsə tərəfindən daim qızışdırıldığına diqqət çəkib. “Burada söhbət ilk növbədə İsa peyğəmbərin ölümündə yəhudilərin günahkar olması barədə ənənəvi radikal xristian ittihamlarından gedir. Bundan əlavə, həsəd, dərinə işləmiş özünə vurğunluq kompleksi, yəhudi xalqı ilə rəqabət aparmaq istəyi, yəhudilərdən daha qədim millət olduğunu isbatlamaq cəhdi, daha qədim tarixə malik olma iddiası, daha böyük səltənətlərə sahib olma iddiası, ”soyqırımı" sübut etmək istəyi var", - deyə ekspert əlavə edib.

*****

Ancaq Azərbaycan Atalar məsəlində deyildiyi kimi, “Sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Necə ki, sındırıb. Yuxarıda sadalanan keyfiyyətlər Ermənistanın hazırkı rəhbərliyini dayanmaq və müharibədəki məğlubiyyəti etiraf eləmək əvəzinə, öz xalqını daha böyük fəlakətə sürükləməyə vadar edir.

“Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi, Dağlıq Qarabağ münaqişəsinin qızışdırıcıları olan Serj Sərkisyan və Robert Köçəryanın öncəki rejimləri kimi eyni dərəcədə ”müharibə partiyası"dır və təəssüflər olsun ki, Qarabağ müharibəsində istənilən sayda öz vətəndaşlarını ölümə göndərməyə hazırdır".

Bu barədə rusiyalı ekspert Vyaçeslav Şuriqin “Vestnik Kavkaza”nın əməkdaşına müsahibəsində bildirib.

“Ermənistanda axırıncı erməniyə qədər döyüşməyə hazır olan bir ”müharibə partiyası" var. Hazırda cəbhədə baş verənləri böyük ölçüdə məhz o müəyyənləşdirir. Ancaq müharibəni davam etdirməyin tezliklə erməni qüvvələri üçün nəyə gətirəcəyi barədə erməni rəhbərliyinin sağlam təsəvvürü yoxdur. “Total müharibə” şüarı onların davranışını irrasional edir" - təhlilçi bildirib.

Analitik Azərbaycanın dinc əhalisinin raket atəşinə tutulmasını ən əvvəl bununla - Paşiynan iqtidarının rasional düşüncə qabiliyyətini itirməsi ilə əlaqələndirir: “Şübhəsiz ki, Azərbaycan şəhərlərinə endirilən bu cür zərbələr cavabsız qalmayacaq. Lakin Azərbaycan Ordusu Ermənistanda əhalinin sıx məskunlaşdığı bölgələrə zərbə vurmayacaq, əksinə, cəbhədə hücumu davam etdirəcək, Laçın dəhlizini bağlayacaq, bununla da Dağlıq Qarabağın taleyi böyük müharibə olmadan öz həllini tapacaq. Belə vəziyyətdə Ermənistandakı ”müharibə partiyası" nəyin bahasına olursa olsun atəşkəs əldə etmək və danışıqlar masasına oturaraq Dağlıq Qarabağın hansısa statusu barədə danışıqlar aparmaq əvəzinə, kiminsə kənardan bu müharibəyə müdaxilə edəcəyinə ümid bəsləyir. Heç kim müdaxilə etməyəcək..."

Nə yazıq ki, Ermənistan rəhbərliyi hələ də ölkəsinin dünyada faktiki tək qaldığını anlamaq istəmir. Ancaq İrəvandakı “müharibə partiyası” gec-tez acı reallıqla barışmalı olacaq. Bir şey qalmayıb...

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.