Dəymiş zərərin kompensasiyasının ödənilməsi üçün beynəxlaq təcrübədə örnəklər də vardır

7-11-2020, 09:10           
Dəymiş zərərin kompensasiyasının ödənilməsi üçün beynəxlaq təcrübədə örnəklər də vardır
Ordumuz zəfər yürüşünü davam etdirib, qarşısındakı hədəflərə sistemli və ardıcıl olaraq çatdığı dövrdə biz də paralel olaraq təhlükəsizlik, bərpa və itkilərin qiymətləndirilməsi sahəsində müzakirələrimizi davam etdirməliyik. Bu baxımdan prezident İlham Əliyevin dünən imzaladığı "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"nı təqdir edirəm. Eyni zamanda Sərəncamla bağlı bır sıra qeydlərimi onu hazırlayanların diqqətinə çatdırmaq istəyirəm. İnanıram ki, sizlərin ictimai dəstəyi ilə mənim təkliflərim dövlətimizin maraqları çərçivəsində səmimi qiymətləndiriləcək. Çünki, söhbət milli maraqlarından və dövlət mənafeyindən gedir.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazır.Daha sonra Qubad İbadoğlu yazır:
Əvvala hesab edirəm ki, bu sərəncam bütövlükdə erməni təcavüzü nəticəsində dəymiş bütün növ ziyanların qiymətləndirilməsini əhatə etməlidir. Halbuki, sərəncamda yalnız sentyabrın 27-dən sonra dəymiş zərərin müəyyənləşdirilməsindən söhbət gedir.
İkincisi, sərəncamda sadalanan dəymiş ziyanın subyektlərinə ətraf mühitə və təbii sərvətlərə, tarixi və memarlıq abidələrinə, yalnız maddi əsasda deyil, həm də məhrumiyyətlər nəticəsində əhaliyə, dövlət büdcəsinə (sosial və hərbi xərclər üzrə) dəymiş zərərlər , eləcə də vaxt amili nəzərə alınmaqla əhalinin, biznesin və iqtisadiyyatın itirilmiş imkanları da daxil edilməlidir. Sərəncamda yalnız mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanlardan söhbət gedir.
Üçüncüsü, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının tərkibində Mədəniyyət nazirliyi (tarixi və memarlıq abidələrinə görə), Ekologiya və təbii sərvətlər nazirliyi (ətraf mühitə və təbii sərvətlərə görə), Kənd Təsərrüfatı Nazirliyi (aqrar sektorda itirilmiş imkanlara görə) də təmsil olunmalıdır.
Dördüncüsü, dəymiş ziyanın hesablanmasının elmi və konseptual bazasının və tərəfsizliyinin təminatı üçün Dövlət Komissiyası elmi -tədqitaq institutları (Məsələn, UNEC-in İqtisadi Tədqiqatlar İnstitutu), eləcə də beynəlxalq və yerli qiymətləndirici şirkətlərlə işləməlidir. Çünki, bu hesablamalar gələcəkdə məhkəmə iddialarının qaldırılması üçün də vacibdir. O zaman bu işin müstəqil qiymətləndiricilər tərəfindən aparıldığını göstərməklə kompensasiya iddiası daha inandırıcı görsənə bilər. Şəxsən mən öz tərəfimdən İqtisadi Tədqiqatlar Mərkəzi adından bu işə töhfə verməyə hazır olduğumu bəyan edirəm.
Yeri gəlmişkən qeyd edim ki, dəymiş zərərin kompensasiyasının ödənilməsi üçün beynəxlaq təcrübədə örnəklər də vardır. Onlardan birini təqdim edirəm.
1990-cı ildə Küveytin İraq tərəfindən işğalı nəticəsində vurulmuş zərərin qiymətləndirilməsi üçün BMT Təhlükəsizlik Şurası tərəfindən xüsusi Kompensasiya Komissiyası yaradılıb. Həmin Komissiya 12 illik fəaliyyəti dövründə 352,5 mlrd dollar həcmində 2,7 milyon iddiaya baxmış, $52.4 mlrd dollar məbləğində 1,5 milyon iddianı təsdiq etmişdir. Təsdiq edilmiş iddialar üzrə 47.8 mlrd. dollar vəsaitin ödənilməsi təmin edilmişdir.
BMT İnkişaf Proqramının 2000-ci il üzrə hesabatında göstərilir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 54,5 milyard dollar qiymətləndirilib. Təbii ki, bu məbləğ mövcud gerçəkliyi əks etdirmir, təkrar qiymətləndirmə ehtiyacı yaranıb. Odur ki, hesab edirəm ki, Prezidentin yaratdığı Komissiya BMT-nin İnkişaf Proqramı ilə sıx əlaqədə işləməlidir.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.