“Paşinyan devrilir, yerinə gələn məğlub ölkənın başçısı isə...” - Politoloq
7-11-2020, 10:19

Elşən Mustafayev: “O, hələ də xarici qüvvələrə ümid edir...”
Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən, demək olar ki, imtina etdiyini bildirdi. Ekspertlər hesab edirlər ki, müharibədə böyük üstünlük əldə etmiş dövlətin başçısının verə biləcəyi ən doğru qərar məhz bu cür olmalıdır.
Bəs sabah kapitulyasiya və ya buna bənzər hər hansı sənəd imzalansa, Ermənistanı kim təmsil edəcək? Tərəflər arasındakı görüş formatı necə olacaq? Dünya təcrübəsində bu cür proses necə olub indiyədək?
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bldirdi ki, Prezident İlham Əliyevin hazırkı durumda Nikol Paşinyanla görüşmək istəməməsi çox doğru addımdır: “Bəziləri bu imtinanı ordumuzun ugurları ilə əlaqələndirirlər. Əslində isə əsas səbəb Nikol Paşinyanın danışıqlara hazır olmaması ilə bağlıdır. Paşinyan işğalçı ordusunun məğlubiyyətini qəbul etmək istəmir, prosesləri xalqından gizlədir və hələ də hansısa qüvvələrin onu açıq şəkildə müdafiə edəcəyinə ümid bəsləyir”.
Ekspert qeyd etdi ki, hazırda görüş olarsa indiyədək olan görüşlərdən fərqlənməyəcək: “Burada yenilik o ola bilər ki, Azərbaycan tərəfindən hücumu dayandırmaq istənilsin. Belə hal olarsa heç kim təminat vermir ki, sonradan onlar əks hücuma keçməyəcəklər. Məlumdur ki, istənilən müharibə sonda danışıqlar masasında tərəflərin mövcud reallıqlarla razılaşmasından sonra sona çatdırılır. Tarixən hər zaman belə olub. Azərbaycan ordusu işğalda olan ərazilərini azad etməkdə davam etdikcə Paşinyanın vəziyyəti daha da ağırlaşacaq. O artıq erməni xalqından həqiqətləri gizlədə bilmir və tam olmasa da qaytardığımız ərazilərin bir hissəsini etiraf etməyə məcbur olub. Normalda hadisələrin inkişafı belə olmalıdır. Hərbi əməliyyatlar uğurla davam etdirilir, informasiyalar Ermənistanda daha geniş yayılmağa başlayır. Etirazlar dalğasında Paşinyan hakimiyyətdən gedir, yerinə gələn məğlub ölkənın başçısı kimi bu danışıqları aparmağa məcbur olur. Yaxud hakimiyyətdə qalmaqla Paşinyanın özü bu danışıqlara məcbur olur. Danışıqlar baş tutarsa hesab edirəm ki, bu ATƏT-in Minsk qrupunun cərçivəsində davam edəcək. İstəsək də istəməsək də hələlik problemin həlli üçün görəvləndirilmiş qurum odur. Faktiki olaraq Türkiyə prosesin içində olduğundan ən azı qeyri-rəsmi, eyni zamanda tam gücü ilə danışıqların gedişatına təsir edəcək”.
E.Mustafayevin fikrincə, masada əsas üstünlük uğurları olan tərəfdə olduğundan Minsk Qrupunun arbitr olmağından qorxmamalıyıq: “Amma biz anormal baş nazirdən danışırıqsa, o, hadisələrin belə axınla getməsinə razı olmaya bilər. Paşinyanın hazırkı durumundan belə qənaətə gəlirəm ki, o, nə hakimiyyəti əldən vermək istəyir, nə də məğlubiyyətlə barışır. Hələ də xarici qüvvələrə ümid edir. Eyni zamanda, onu hakimiyyətə gətirənlər getməyini istəmirlər. Düşünürlər ki, vəziyyətdə dönüş yarada bilməsələr, Ermənistan ərazisində güc formalaşdırıb beynəlxalq dəstək qazanıb yenidən əks hücum edib qələbə qazanacaqlar. Bu da cəfəngiyatdır və ölkəsini üçuruma aparmağa bərabərdir. Ermənilər KTMT ilə hərbi ittifaq səbəbindən Azərbaycanın hərbi əməliyyatları Ermənistan ərazisinə keçirə bilməyəcəyinə inanırlar. Lakin belə hal baş verərsə, yəni Dağlıq Qarabağ azad edildikdən sonra Ermənistan ərazisindən hücum olarsa biz ona cavab verib Ermənistan ərazisinə daxil ola bilərik. Hərbi müqavilə Ermənistana hücum olan təqdirdə işə düşə bilər. Hücuma cavab olaraq onların ərazilərinə girəcəyimiz halda isə müqavilə öhdəlikləri qüvvəyə minmir. Düşündüyüm bugünkü reallıqlara istinadən dediklərimdir. Bu gündən sonra baş verənlər, yəni ordumuzun uğurlarının artması Ermənistanda olan bütün gücləri ayıq başla düşünməyə məcbur edə bilər”.