Amerika seçkilərinin nəticəsi bizə nə vəd edir
8-11-2020, 08:01

Demokratların nümayəndəsi keçmiş vitse-prezident Joe Biden ABŞ-da prezident seçkilərini uddu.
İlkin nəticələrə görə Biden 270 tələb olunan elektoral səsə qarşı 290, Trump isə 214 toplayıb. Baxmayaraq ki, hələ Şimali Karolina və Georgia ştatlarında yekun nəticələr açıqlanmayıb. Şimali Karolinada Tramp, Georgiada isə Biden liderdir. Amma Trump hətta hər 2 ştatda seçkiləri qazansa da bu prezidentlik üçün tələb olunan 270 elektoral səs üçün yetərli deyil. Beləliklə, ABŞ-ın 46-cı prezidenti seçki tarixində ən yüksək (75 milyona yaxın) səs toplamış Joe Biden olacaq.
Teref.az xəbər verir ki,bunu ADR sədri, politoloq Qujbad İbadoğlu yazır. Qubad bəy daha sonra yazır:
Bidenin ABŞ prezidenti olması bizim üçün nə deməkdir?
İstənilən halda bu xüsusilə də ABŞ-ın xarici siyasətində daha çox dəyişikliyə gətirib çıxaracaq. Amma bu dəyişikliklər növbəti ildən başlaya bilər. Çünki, Tramp Ağ Evi yanvarın 20-də tərk edəcək.
Növbəti ildən başlayacaq dəyişikliklərə gəlincə, onu Azərbaycana və Qarabağa münasibətdə birmənalı qiymətləndirmək çətindir, müsbət və mənfi çalarları olacaq. Təbii ki, Azərbaycan və Qarabağ üçün Respublikaçıların namizədi Trumpın davam etməsi daha uyğun variant idi. Demokratlar həmişə ermənipərəstliyi ilə fərqləniblər.

Digər tərəfdən Biden Rusiyaya mənfi, Çinə isə müsbət münasibətilə seçilir. Odur ki, onun dövründə ABŞ-ın xarici siyasət prioritetləri də dəyişə bilər. Təbii ki, bu məsələdə Senatın və Nümayəndələr Palatasının kimin nəzarətində olması da əhəmiyyət kəsb edir.
Bugünə olan nəticəyə görə, Senatda respublikaçılar 48 yerə, demokratlar isə 46 yerə malik olub, çoxluq üçün 51 səs tələb olunur. Şimali Karolina ştatında respublikaçı namizəd liderlik etsə də seçki hələ yekunlaşmayıb.
Nümayəndələr Palatasına seçkilərə gəlincə, indiyədək demokratlar seçkilərdə 214, respublikaçılar 195 yer qazanıb. Çoxluq üçün 218 yer tələb olunur.
Göründüyü kimi, demokratlar Nümayəndələr Palatasına seşkilərdə, respublikaçılar isə Senata seçkilərdə üstünlük qazanıblar. Baxmayaraq ki, demokratlar nümayəndələr palatasında mütləq üstünlüyə yaxındır, amma onların heç biri hələ ki, bunu əldə etməyib.
Teref.az