TEYMURUN QƏLƏBƏSİNİN ƏHƏMİYYƏTİ - Qələbəyə sözardı....
4-01-2021, 07:23

Mənə bəzi kosmopolitlər irad tuturlar ki, bir çox milli xarakter daşıyan məsələlərə münasibət bildirərkən dozanı artıq edirəm. Guya bu cür münasibət daha çox ifratçılıqdı ki, bu da ziyanlı bir prosesdi.
Məsələn, Teymur Rəcəbov olayını götürək. Adam o erməninin təslim bayrağı qaldırmasından sonra göz yaşlarını saxlaya bilmir, ağlayır... için-için ağlayır. Niyə? 60 min dollar qazanıb deyə ağlayır? Aronyanı ilk dəfə məğlub edib deyə ağlayır? Əsla!
Rəcəbovun nə həmin o 60 min dollara ehtiyacı var, nə də Aronyanı ilk dəfədir yenir. O, kifayət qədər imkanlı biridi, Aronyanı da dəfələrlə məğlub edib.
Rəcəbovu ağladan tamam başqa şeydi. Bunu özünü kosmopolit hesab edən tör-töküntülər anlamaz! Teymur ona görə ağlayırdı ki, Aronyana lap 50 dəfə də uduzmaq olar, bu bir yarışdı, yarışda da yalnız bir qalib olur, amma indiki məqamda bu yarışı əsla əldən vermək olmazdı, həm də finalda rəqibin ermənidirsə. Teymur anlayırdı ki, bu final qarşılaşması Şuşa qalası uğrunda gedən savaşın davamıdı.
Əgər Teymur finalda erməniylə yox, bir başqasıyla qarşılaşsaydı... məsələn, dünyanın 1 nömrəsi, Kennet Karlsenlə... Teymur Karlseni yendiyi təqdirdə çox rahat bir şəkildə rəqibin əlini sıxar, qələbəsini adi bir hal kimi qarşılardı. Ancaq Aronyan üzərindəki qələbə, həm də indiki vaxtda qazanılmış qələbə...
Bu qələbənin əhəmiyyəti tamam başqadı. Bu final görüşü iki fərqli düşüncənin qarşı-qarşıya gəlməsiydi. Teymur, əhəmiyyət daşıyan bu görüşdə əsla məğlub ola bilməzdi. Teymurun ağlamasının səbəbi buydu. O, çox gözəl anlayırdı ki, bu final görüşü əsəb və stress savaşıdı. Elə bir stress ki, rəqibi bütün dünyanın gözü qarşısında biabır edir. Sizcə, Aronyan o qədər axmaq adamdı ki, publika qarşısında burnunu qurdalayır və oradan çıxardığı zibili ağzına qoyur? Əsla! Düşmən olsa da, etiraf etməliyik ki, Aronyan dünyanın ən öndə gələn, ən yetənəkli 3-5 şahmatçısından biridi. Ancaq gördüyümüz qədərilə o da bu yarışa başqa gözlə baxır, nə olur-olsun qalib gəlmək istəyirdi. Bu, həm də bir savaş idi - psixoloji savaş, əsəb və məsuliyyət savaşı.
Teymur bu cür kritik anlarda daha məsuliyyətli, daha soyuqqanlı, psixoloji cəhətdən daha hazırlıqlı olduğunu bütün dünyaya göstərdi. Bax, qələbənin əhəmiyyəti budur, bizim sevincimiz də bundan qaynaqlanır. Yoxsa adi bir yarışda qələbəni ümummilli dəyərə çevirmək kimi bir istəyimiz yoxdur. Sadəcə mən və mənim kimi düşünənlər demək istəyir ki, bu bir yarış deyildi, bu, əsil savaş idi. Və həmin o savaşda bizim sərkərdəmiz - Teymur daha güclü strateq olduğunu göstərdi!
Sağ ol, Teymur!
Təkcə bu qələbənə görə, sən Azərbaycanın fəxrisən!
Biz səninlə qürur duyuruq!!!
El,in Ilqarolu
Teref.az