Azərbaycanda 20 Yanvar şəhidləri yad edilir

21-01-2021, 07:26           
Azərbaycanda 20 Yanvar şəhidləri yad edilir
Azərbaycan xalqı hər il olduğu kimi, bu il də 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrin ildönümünü yad edir. Bu hadisə Azərbaycan xalqının həm ən ağır faciələrindən, həm də tarixinin qəhrəmanlıq səhifələrindən biridir.

1980-ci illərin sonlarında SSRİ dağılmaq üzrə idi. İqtisadi və ideoliji düşüş, islahatların düzgün həyata keçirilməməsi və pis idarəçilik imperiyanın çöküşünü sürətləndirmişdi. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neftin qiymətinin kəskin düşməsi isə iqtisadiyyata da böyük zərbə vurmuşdu.

Eyni vaxtda Ermənistan SSR qonşusu Azərbaycana qarşı ərazi iddiaları irəli sürürdü. Söhbət o zaman ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətindən gedir. Bu vilayət Azərbaycanın 1920-ci ildəki işğalından sonra SSRİ rəhbərliyi tərəfindən məhz Azərbaycanın tərkibində yaradılmışdı.

İndi SSRİ rəhbərliyi ermənilərin özbaşınılığına, azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləməyə göz yumurdu. Bu, 1987-1989-cu illərdə 250 mindən çox azərbaycanlının Ermənistandakı əzəli torpaqlarından qovulması ilə nəticələnmiş, üstəlik, ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini də tələb etməyə başlamışdı.

Bütün bunların fonunda Azərbaycan xalqı ədalətsizliklərə qarşı etiraz aksiyalarına başlamışdı. 1988-ci ilin fevralından ölkədə kütləvi mitinqlər keçirilirdi. SSRİ rəhbərliyinin Ermənistanı dəstəkləməsi aksiyaları daha da alovlandırırdı.

Nəticədə 1990-cu il yanvarın 20-də SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusu Azərbaycanın paytaxtı Bakıda daxil olub. Məqsəd kommunist rejiminin hakimiyyətdə saxlanılması, Azərbaycan xalqının artıq milli azadlıq hərəkatına çevrilmiş oyanışının qarşısının alınması idi.

Rəsmi məlumata görə, həmin gün Bakıda 147 mülki şəxs qətlə yetirilib, 800 nəfər yaralanıb, 841 azərbaycanlı qeyri-qanuni həbs edilib, 5 nəfər isə itkin düşüb.

Bu hadisələr baş verən zaman Azərbaycan xalqının ümumilli lideri, mərhum prezident Heydər Əliyev hələ Moskvada yaşayırdı. O, 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndiliyində mətbuat konfransı keçirmiş, hadisələrə qorxmadan, tərəddüd etmədən ciddi etirazını bildirmişdi.

20 Yanvar faciəsi bir ölkə rəhbərliyinin öz xalqına qarşı qəddarlığının nümayişi idi. Bu, həm də yanlış siyasi düşüncənin göstəricisi idi. Elə həmin günlərdə ABŞ və Böyük Britaniya mediası “Qara yanvar” haqda yazır, Bakıda törədilmiş vəhşiliklər haqda xəbər yayırdı.

Azərbaycan xalqı məhz bu faciədən daha açıq şəkildə müstəqillik tələb etməyə başlamışdı. Nəticədə ölkədə fövqəladə vəziyyət elan edilmiş, bu vəziyyət 1991-ci ilin ortalarınadək davam etmişdi. Lakin 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti 1989-cu il sentyabrın 23-də qəbul edilmiş qanunu əsas götürərək, dövlət müstəqilliyinin bərpa olunduğunu elan edib. Xatırladaq ki, ölkə Azərbaycan Xalq Cümhuriyyəti olaraq, ilk müstəqilliyi 1918-ci ildə elan etmişdi.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetində tarixi sənəd – dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktı qəbul olunub.

20 Yanvar şəhidləri Bakının ən gözəl məkanı olan Dağüstü parkda dəfn ediliblər. Bu gün ora Şəhidlər Xiyabanı adlandırılır. Bir zamanlar sevgililərin bir-birinə verdiyi qırmızı qərənfil isə 20 Yanvar faciəsindən sonra şəhidlərin xatirəsinin anılması üçün matəm rəmzinə çevrilib.

Azərbaycanda heç vaxt ekstremizmin olmadığını bir daha vurğulamaq istərdik. Azərbaycan bütün tarixi boyu tolerant ölkə olub. Burada müxtəlif xalqlar, dinlərin nümayəndələri yaşayıb və onlar bu gün də sülh və dostluq şəraitində yaşayır. Azərbaycan prezidenti İlham Əliyev bu gün də bu siyasəti uğurla həyata keçirir. Azərbaycanda müxtəlif dinlərə aid abidələr qorunur, bərpa olunur. Ən müxtəlif xalqların nümayəndələri Azərbaycan vətəndaşı olduqlarına görə qürur duyur. Onlar İkinci Qarabağ müharibəsində ehtiyac duyulduğu təqdirdə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban verməyə hazırdır olduqlarını bir daha sübut ediblər. Yeri gəlmişkən, Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü bərpa edib. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini (822, 853, 874, 884) Azərbaycan əsgərləri öz qanları, həyatları bahasına icra edibər. Çünki ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 28 il ərzində aparılmış diplomatik danışıqlar nəticə vermirdi. Səbəb isə yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi, beynəlxalq birliyin təcavüzkara lazımi təzyiqi göstərməməsi idi.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Times Kuwait
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.