Qərb mərkəzli dünya gələcəyimizi hara aparır?

22-01-2021, 11:12           
Qərb mərkəzli dünya gələcəyimizi hara aparır?
Sözügedən bu kainat qaza çevrilmiş, qlobalizmin fövqəlmilli quruluşlarla birləşdiyi, bulud texnologiyaları ilə aparılan, təhlükəsizliyi əsas götürən, lakin azadlıqları önəmsiz hala gətirən və basdıran Qərb mərkəzli bir dünyadır...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 yanvar 2021-ci il

20-ci əsr sənaye, məşğulluq və inkişafa əsaslanan bir “dövlət kapitalizmləri” dövrü idi. Bunun memarı isə Keyns idi. Dövlətlər ya Yeni Müqavilə yolu ilə ABŞ-da, ya da Ren kapitalizmi əsasında Avropada dominant rol oynadılar. Sovet İttifaqı və Çin də dövlət kapitalizminin ən sıx tətbiqlərini nümayiş etdirirdilər.

20-ci əsr həm də müstəmləkəçiliyin ləğv edildiyi bir dövr kimi qəbul edilir. Yeni millətlər də dövlət kapitalizminə uyğun olaraq qurulurdu. Bu regionlarda dövlət və ya dövlət kimi görünən partiyalar kapital yığmağa hazırlaşırdılar. Bir sözlə, dövlət kapitalizmi 20-ci əsrin paradiqması idi. Bəs hansı fərqlər vardı? Bütün dövlət kapitalizmlərində bu və ya digər dərəcədə “yenidən bölgü” vacib idi. Siyasi baxımdan isə məsələ yenidən bölüşdürülmənin “sövdələşməyə” əsaslanaraq aparılması ilə bağlı idi. Fırtınaların başladığı məqam da burada idi. Qərb dünyası yenidən bölüşdürülməni liberal demokratiya ilə sövdələşmə əsasında təşkil etmişdi. Sovet İttifaqı və ya “3-cü Dünya” modellərində də yenidən bölgü prosesi dövlətin uyğun gördüyü qədər aparılmışdı. İdeoloji gərginliyə qapılmış ikiqütblü dünya anlayışını və illüziyasını yaradan da bu idi.

20-ci əsrdə dünyada sosial olmayan bir dövlət tapmaq demək olar ki, mümkünsüz idi.

Sosial dövlətin real sosial xərcləri ilə bağlı da deyə bilərik ki, burada da çox təəccüblü və gözlənilməz məqamlar var. Bu, Herbert Markusenin “Tək ölçülü insan”ıdır. Bu, günü-gündən zəifləyən və səmərəlilik hissi ilə mərkəzçi quruluşları əhatə edən bir bəşəriyyətdir. Proseslər ya təzyiqlə, ya da qorunma yolu ilə eyni yerə gəlib çıxırdı. Bu səbəbdən, 1960-cı illərdə başlayan üsyanlar “mədəni” əsaslara söykənirdi. Maonun “Mədəni İnqilabı”nın Qərbdə yaratdığı sehr də eyni şəkildə görülməlidir. Mədəniyyət son sığınacaq kimi qəbul edilirdi. “İqtisadi-siyasət qarşısında bir qurtuluş sahəsi olaraq “mədəni-siyasət” ön plana çıxarılırdı. Mədəni-siyasət həm də kapital dövləti ilə millət arasındakı əlaqələri də zəiflədirdi.

21-ci əsrdə kapitalın siyasi davranışı bir tərəfdən “Yeni Sağ” vasitəsilə (sosial) dövləti, digər tərəfdən də mədəni-siyasi (etnik mənsubiyyət, cinsiyyət və dinə əsaslanaraq) reaksiyaları müstəmləkəyə çevirərək millətləri dağıtmağa yönəlmişdi. Bir sözlə, plüralizm həmişə bir illüziya olmuşdu, lakin bu mərhələdə mənasını getdikcə daha çox itirirdi. Dövlətlər özlərini sosial vəzifələrindən qurtarmağa və əsas mövqeləri olan şiddət inhisarları ilə repressiya aparmağa məcbur edilirdilər. Əlbəttə ki, bu, “liberal yeni sol”un təzyiqinə səbəb olurdu. Lakin heç bir faydası yox idi. Yeni sol artıq işin içində kapitalın təsirini görmədiyi üçün dövlət reflekslərini də keçmiş dövlətin davamı kimi görürdü. Dövlətlə apardıqları mübarizədə belə, müxtəlif fondlar vasitəsilə kapitaldan aldıqları dəstəyi faydalı bir inkişaf xətti kimi qəbul etdilər.

Bir sözlə, siyasi kartlar istər sol, istərsə də sağ vasitəsilə kapitalın əlində idi. Vəziyyətin tələb etdiyi kimi istəsə azadlıq üçün sol kartları, istəsə də nizam üçün sağ kartları masaya qoya bilərdi. Bu gün gedən mübarizənin qlobal miqyasda “dövlət-millət” strukturları ilə “fövqəlmilli” kapital strukturları arasında getdiyi aydın başa düşülür. Regional baxımdan ənənəvi dövlət-millət arasındakı gərginliyin 21-ci əsr üçün çox yad olduğunu düşünürəm.

ABŞ-Çin gərginliyinə gəldikdə isə Çini drenaj işi ilə məşğul olan bir inşaatçı dövlət kimi görürəm. Kapitalın Çinə qaçması və Çinin nəhəng bir istehsal gücü olaraq yüksəlməsi Qərb mərkəzli dünyanın sonu olaraq qəbul edilir. Son vaxtlara qədər mən də belə düşünürdüm, amma artıq elə düşünmürəm. Çin yalnız Qərbin drenaj sistemini təşkil edir. Birincisi, bu, Qərbin zəhmət tələb edən, çirkli, israfçı sənaye sahələrini özünə cəlb etdi. Lakin sonradan kapital və texnologiyanın sıx olduğu kapital da Qərbi tərk etdi. Detroitdən sonra Silikon Vadisi də boşalır. Çin millətlərarası quruluşlar tərəfindən idarə ediləcək. Həmçinin, yeni dünyanın texno-faşizmə qədər uzanan tətbiqləri üçün laboratoriya kimi işləyir. Bu sistemlər Şərqdə gücləndiriləcək və sonra tədricən sağlamlıq və terror vasitəsilə qorxusu idarə olunan Qərb ictimaiyyətinə yayılacaq. Çin həmişə dünyanı çirkləndirən “qaranlıq kainat” kimi lənətlənəcək. O zaman Qərb mənəvi üstünlüyünü bərpa edəcək və Yaşıl Yeni Müqavilə ilə steril bir dünya quracaq. Milli-dövlətlər olaraq kodlanan Qərb hegemoniyasına gələcəkdə yer yoxdur. Bu, daha çox regionsuz bir Qərbdir. Marks “qatı halda olan hər şey buxarlanır” deyirdi. Sözügedən bu kainat qaza çevrilmiş, qlobalizmin fövqəlmilli quruluşlarla birləşdiyi, bulud texnologiyaları ilə aparılan, təhlükəsizliyi əsas götürən, lakin azadlıqları önəmsiz hala gətirən və basdıran Qərb mərkəzli bir dünyadır.pia.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.