Məmurların Şuşaya “hücum” cəhdinin təhlükəli tərəfi var - Tapşırıq Rusiyadan verilib?

4-02-2021, 10:39           
Məmurların Şuşaya “hücum” cəhdinin təhlükəli tərəfi var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi məmurların Şuşa şəhərində regional idarələr yaratmaq üçün ona müraciət etdiklərini bildirib. Həmin məmurların əsassız müraciətlərini tənqid edən dövlət başçısı konkret ad da çəkib.

Qeyd edək ki, rəhbəri olduqları qurumlar üçün Şuşada qərargah yaratmaq istəyən məmurlar sırasında adı korrupsiyada və xarici ölkələrlə gizli əlaqələrdə hallanan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, AZAL-ın rəhbəri Cahangir Əsgərov, Milli Bankın İdarə Heytinin sədri Elman Rüstəmov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəri Saleh Məmmədov da var.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reyting.az-a deyib ki, dövlət başçısının bir neçə məmuru tənqid etməsi maraqlı haldır:

“Bildiyiniz kimi, həm Türkiyə, həm də xalqımız ölkədə olan “beşinci kolon”un təmizlənməsində maraqlıdır. “Beşinci kolon” nümayəndələri Rusiyanın təzyiqi ilə uzun müddət hakimiyyətdə qalan, klan yaradan, oliqarxa çevrilən insanlardır. Onlar Rusiya tərəfindən dəstəklənir. Onların korrupsiyaya qurşanmasına hər zaman dəstək verilir”.

ADP sədri iddi edir ki, dövlət başçısının tənqid etdiyi məmurlar da yuxarıda dediyi kateqoriyaya aid insanlardır:

“İlham Əliyev həmin çıxışı zamanı başqa fikirlər də ifadə etdi. Məsələn, dedi ki, Şuşada heç bir sərhəd yoxdur. Əlavə etdi ki, ərazilərimizin bir hissəsi işğal altındadır və s. Bütün bunlar göstərir ki, ola bilsin, bu şəxslərin Qarabağa “hücum”u Azərbaycan dövlətçiliyi üçün daha təhlükəli oyunları həyata keçirmək üçündür. Vaxtı ilə erməni işğalında bizim öz adamlarımızın da iştirakı olub. Elə son müharibədə də xainlər üzə çıxdı - Nəciməddin Sadıkov başda olmaqla. Ola bilsin ki, Rusiya həmin məmurlara Qarabağda hansısa iş görmək tapşırığı verib və bu da dövlət başçısına məlum olub”.

S. Cəlaloğlu əlavə edib ki, Türkiyə də Azərbaycanda başqa ölkələrin təsiri altında olan məmurların təmizlənməsində maraqlıdır: “Mən ehtimal edirəm ki, bu səbəblərdən belə bir olay ortaya çıxıb. Xüsusən, Prezidentin konkret ad çəkməsi və xalqı xəbərdar etməsi həm də dövlət başçısının xalqı öz arxasına alaraq belə qüvvələri neytrallaşdırmaq niyyətindən xəbər verir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.