YAP köhnə şinelini soyundu: “qocalar evi”nə göndərilənlər, partiyaya yeni gətirilənlər, komandadan rəsmən və felən uzaqlaşdırılanlar oldu

6-03-2021, 09:36           
YAP köhnə şinelini soyundu: “qocalar evi”nə göndərilənlər, partiyaya yeni gətirilənlər, komandadan rəsmən və felən uzaqlaşdırılanlar oldu
Prezident İlham Əliyev: “Ötən qurultaydan keçən 3 il ərzində ən mühüm hadisə ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbə qazanılmasıdır”
Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirildi. Saat 10:00-da başlayan qurultayda ötən dövrün hesabatları dinlənilib, partiyanın rəhbər strukturları yenidən formalaşdırılıb.
Qurultayda YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib: “Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın.
Prezident YAP-ın qurultayında çıxış etdi — Yenilənir
Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
İlham Əliyev yenidən YAP-ın sədri seçilib
Ölkə başçısı çıxışında hər kəsin marağında olan xarici siyasət kursumuzdan da söz açıb: “Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım da nə oldu. Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. Bəzi indi yalan məlumatlar ola bilərdi. Hər halda biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq”.
Qurultayda dövlət başçısı İlham Əliyev yenidən YAP sədri seçilib.
Eyni zamanda, hakim partiya qurultayında idarə heyətini formalaşdırıb və üzvlərin sayını 20-dən 40-a qaldırıb. İdarə heyətinin üzvlərini təqdim edirik:
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Tahir Mirkişili
Cavid Osmanov
Sadiq Qurbanov
Hikmət Babaoğlu
Elşad Mirbəşiroğlu
Azər Badamov
Şahin İsmayılov
Ramin Məmmədov
Kamal Cəfərov
Əli Əhmədov
Mübariz Qurbanlı
Eldar İbrahimov
Bahar Muradova
Mixail Zabelin
Vasif Talıbov
İsmayılov Amin
İsgəndərov Anar
Əliyev Rauf
Əzizov Eldar
Quliyev Musa
Muradov Ədalət
Sadıqov Elnur
Cahangirov Tofiq
Budaqov Tahir
Sofiyeva Aynur
Hüseynov Ramiz
İbrahimov Fuad
Qasımov Elmar
Mahmudov Rəşad
Kərimzadə Pərvin
Cəfərov Samir
Əsgərli Asif
Akimov Elnarə
Əsgərov Valeh
Sucayev Əfsun
Həmzəyeva Ülviyyə
Bayramov Rövşən
Aslanov Bayram
İdarə heyətindən çıxarılan məşhurlar isə bunlar olub:
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri
Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru
Akif Əlizadə - AMEA-nın sabiq prezidenti
Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov - “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
Abel Məhərrəmov - BDU-nun sabiq rektoru
Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Çıxarılanlar sırasında Prezidentin Administrasiyanın keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev də yer alıb. Lakin o, indiyə qədər üzvü olduğu və qurultayda ləğv edilən Siyasi Şuranın yerində yaradılan Veteranlar Şurasının üzvü seçilib.
Bu arada qeyd etmək yerinə düşər ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanova seçilib.
Partiyanın yeni Təftiş Komissiyasının tərkibi də məlum olub.
Əvvəllər 15 nəfərdən ibarət olan Komissiyanın tərkibi 13 nəfərə endirilib.
Komissiyanın tərkibi aşağıdakı kimidir:
Paşazadə Cavanşir Hümmət oğlu
Həsənov Həsən Zal oğlu
İbrahimqızı Məlahət İbrahim qızı
Musayev Musa Həzi oğlu
Səfərov Nizami Abdulla oğlu
Hüseynov Aydın Nəsir oğlu
Seyidov Səməd İsmayıl oğlu
Nəsirov Elman Xudam oğlu
Hüseynova Sevinc Əmirəhməd qızı
Qurbanov Sadiq Haqverdi oğlu
İsgəndərov Vüqar Yapon oğlu
Hüseynova Badam Şahmar qızı
Həmzəyev Naqif Ələşrəf oğlu
Prezident YAP-ın qurultayında çıxış etdi - FOTOLAR
YAP sədri partiyanın nizamnaməsinə uyğun olaraq sərəncam imzalayıb. Bu sərəncamla Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Onu da bildirək ki, Ə.Əhmədovun indiyə qədər katibi olduğu YAP icra katibliyi ləğv olunub və yerində Mərkəzi Aparat yaradılıb.
“Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyası sədri İlham Əliyev bu gün keçirilən qurultayda yekun nitqi zamanı yeni formalaşan İdarə Heyətinə 3 ay müddətində yeni Fəaliyyət Proqramı hazırlamağı tövsiyə edib”.
Musavat.com-un xəbərinə görə, bunu partiyanın İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib. O, bildirib ki, burada əsas istiqamətlərdən biri gənclərlə bağlıdır.
VII qurultayda ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a birləşmək barədə qərarlarına da baxılıb və müsbət reaksiya verilib. Beləliklə, Azərbaycan Xalq Demokratik, Azərbaycan Kəndli, Milli Qurtuluş, Azərbaycan Yurddaş, Azərbaycan Milli Hərəkat, Azərbaycan Demokratik Sahibkarlar partiyalarının YAP-a qoşulmaları rəsmiləşib.
Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc nə üçün YAP-a birləşdiklərinə belə aydınlıq gətirib: “Bu qəfil qərar olmadı. Bir müddətdir ki, iqtisadçı ekspert kimi KİV-lərdə öz mövqeyimi ifadə edirəm. İndiki siyasi mövqeyimlə həmin mövqeyim eyniyyət təşkil edirdi. Sadəcə bu qərarın şəxsim və üzvlərim tərəfindən qəbul edilməsinin əsas səbəbi son dövrlərdə Yeni Azərbaycan Partiyasının, əsas da partiyanın liderinin, cənab İlham Əliyevin yürütdüyü siyasətdir. Bu siyasət fikirlərimiz, düşüncələrimiz, ideoloji məram və məqsədlərimizlə üst-üstə düşür. Uzun illər idi ki, biz torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atılmasını gözləyirdik və bu baş verdi. Düşündük ki, eyni məramı, düşüncəni daşıyan qüvvələrin dağınıq şəkildə fəaliyyət göstərməyinənsə, birlikdə olmaları daha məqsədəuyğundur. Ona görə də, bu addımı atdıq. Hesab edirəm ki, bizim və digərlərinin atdıqları bu addım Azərbaycanda siyasi sistemin formalaşmasında, siyasi dialoqun inkişaf etdirilməsində mühüm rol oynayacaq”.
YAP-ın qurultayı və ona birləşən partiyalarla bağlı digər siyasi qurumların mövqeyini öyrəndik.

AĞ Partiya başqanı Tural Abbaslı YAP qurultayındakı dəyişiklikləri müsbət dəyərləndirir: “Hakim partiyada baş verən hadisələri biz də həm rəqib partiya, həm də Azərbaycanın siyasi partiyalarından biri kimi diqqətlə izlədik. Bəzi dəyişikliklər edildi. Hər halda verimliliyi azalmış, ümumi proseslərlə ayaqlaşmayan, partiya rəhbərliyində təmsil olunan bəzi şəxslərin uzaqlaşdırılması və onların yerinə yeni və gənc simaların gətirilməsi müsbət haldır. Bu proseslərə necə təsir göstərəcək, o, partiyanın daxili işidir. Özləri bilərlər. Bir neçə partiyanın YAP-a birləşdirilməsinin də şahidi olduq. Hər halda bunu kəmiyyətdən keyfiyyətə keçid kimi də qiymətləndirmək olar. Bu kəmiyyətdən çox, keyfiyyətin daha çox olmasına yönələn addımdır. Partiyalar ləğv olunmur, sadəcə özlərinin qərarı əsasında birləşirlər. Bu da müsbət addımdır. Amma siyasi proseslərə təsir imkanları olan, həqiqi oyunçuya çevrilə biləcək partiyaların hər birinə eyni imkanlar yaradılmalıdır. Bu imkan şəraitində də hər bir partiya haqq etdiyi yeri tutmalıdır. İstənilən halda YAP qurultayındakı dəyişiklikləri müsbət qarşılayıram. Bir siyasi partiya kimi onları təbrik edirəm. Güman edirik ki, bundan sonra daha faydalı, verimli işlər görə biləcəklər”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli: “Yeni Azərbaycan Partiyası ölkənin hakim partiyasıdır və bu partiyanın önəmini artıran əsas amillərdən biri və mənim qənaətimə görə birincisi Prezident İlham Əliyevin bu siyasi təşkilatın sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın isə sədr müavini olmasıdır. Məhz bu baxımdan, YAP-da baş verən dəyişikliklərin ictimai-siyasi mesaj xarakteri daşıyacağı, eyni zamanda, ölkənin siyasi sistemində həyata keçirilən islahatların bir hissəsi kimi önəm daşıyacağı şübhəsizdir. Bizim necə düşünməyimizdən və arzularımızdan asılı olmayaraq, reallıq belədir. 6 siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı xəbərə sayğı duyduğum bəzi həmkarlarımın yarıironik münasibətini təqdir etmirəm. Təbii ki, bu yanaşmaların ironiyadan uzaq məqamlarına sayğıyla yanaşıram. Bu onların hüququdur və düşünürəm ki, insan hüquq və azadlıqları kompleks anlayış olduğu üçün, başqalarının da öz siyasi fəaliyyət platformalarını müəyyənləşdirmək, seçim etmək hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Bütövlükdə isə partiyaların birləşməsinə müsbət yanaşıram və düşünürəm ki, ölkədə çoxpartiyalı sistemin inkişafı və siyasi fəaliyyətin real məzmun alması üçün, ideoloji baxışları üst-üstə düşən siyasi partiyaların bir araya gəlməsi, birləşməsi, strukturlaşması, institutlaşması əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Təmsil etdiyim siyasi partiyanın hansısa digər bir təşkilatla birgə fəaliyyətinə, yaxud vahid bir platformada fəaliyyətinə gəldikdə isə, bu, partiyanın qurultayının səlahiyyətlərinə aid olan məsələdir. Ölkədəki siyasi partiyalara yaxından bələd olan bir siyasətçi kimi, birmənalı şəkildə deyə bilərəm ki, BAXCP Azərbaycanda real yerli təşkilatları, fəaliyyətdə olan icra strukturları, seçkili orqanları olan və siyasi proseslərdə fəal iştirak edən azsaylı siyasi partiyalardan biridir. Bu baxımdan, partiyanın növbəti qurultayına qədər, əgər bizə belə bir müraciət, yaxud müraciətlər olarsa, o zaman qurultay prosedur qaydaları çərçivəsində bu məsələyə baxa bilər. Siyasi partiyaların sayının qanunla məhdudlaşdırılmasını isə yolverilməz hesab edirəm. Əvvəla, bu ölkə Konstitusiyasının 25-ci və 58-ci maddələrinə ziddir. Digər tərəfdən, siyasi partiyaların sayının qanunla müəyyənləşdirilməsi bu sahədə də inhisarçılığa yol aça, vətəndaşların bərabərlik və birləşmək hüquqlarını məhdudlaşdıra bilər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.