Ermənistanın ATƏT-in mühüm missiyasını bloklamaq cəhdi iflasa uğradı RƏSMİ YEREVANIN DAHA BİR DİPLOMATİK UĞURSUZLUĞU

31-03-2021, 17:15           
Ermənistanın ATƏT-in mühüm missiyasını bloklamaq cəhdi iflasa uğradı RƏSMİ YEREVANIN DAHA BİR DİPLOMATİK UĞURSUZLUĞU
Ermənistanın beynəlxalq təşkilatlarda özünü “söz sahibi” kimi göstərməyə, Azərbaycanın və onun yaxın tərəfdaşlarının maraqlarına zidd təşəbbüs həyata keçirməyə yönəlmiş daha bir cəhdi uğursuzluqla başa çatıb. Rəsmi Yerevan ATƏT-in Donbassdakı xüsusi missiyasının mandatının uzadılmasını bloklamağa çalışsa da diplomatik təzyiqlər qarşısında geri çəkilməli olub.

Belə ki, diplomatik mənbələrin məlumatına görə, Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin və missiyasının daha bir iliyinə - 31 mart 2022-ci ilədək uzadılmasına əngəl törətməyə cəhd göstərib. Virtualaz.org xəbər verir ki, əgər rəsmi Yerevanın Ukraynaya qarşı yönəlmiş bu cəhdi baş tutsa idi, ATƏT üçün olduqca mühüm əhəmiyyətli, 100 milyon avrodan çox büdcəsi olan və 1000-dən çox əməkdaşın iştirak etdiyi missiya aprelin 1-dən fəaliyyətini dayandıra bilərdi.

Ermənistanın bu destruktiv addımı ATƏT-də və Ukraynada haqlı narahatlıq və narazılıq doğurmuşdu. Çünki missiyanın fəaliyyətini məhz indi - Donbasda hərbi vəziyyətin gərginləşdiyi və tərəflər arasında toqquşma ehtimalının artdığı bir vaxtda dayandırması vəziyyəti kəskinləşdirə, proqnozlaşdırılması mümkün olmayan proseslərə səbəb ola bilərdi.

Son həftələr ərzində Donbassda, təmas xətti boyu gərginliyin ciddi ölçülərdə artması barədə xəbərlər gəlir, bəzi mənbələr regionda irimiqyaslı müharibənin başlayacağını deyirlər.

Ermənistan isə faktiki olaraq Ukraynada yenidən münaqişənin alovlanmasına təkan verəcək ağılsız və düşünülməmiş addım atmışdı. Rəsmi Yerevanın ATƏT missiyasına qarşı bu əngəlinin motivləri haqda ətraflı məlumat yoxdur, amma bu diplomatik təxribat Kiyevdə narahatlıq doğurmuşdu və Ukrayna XİN-i bildirmişdi ki, ATƏT-in missiyası olmadan Donbasda atəşkəsə dair Minsk sülh razılaşmalarının şərtlərinin təmin olunması çətinləşəcək.

Martın 26-da Ukrayna XİN-in yaydığı bəyanatda bildirilirdi ki, ATƏT-ə üzv bəzi dövlətlərin xüsusi monitorinq missiyasının mandatının uzadılmasını bloklaması qəbuledilməzdir. Nazirlik bəyan edirdi ki, missiyanın mandatının uzadılmaması ancaq Rusiyanın işinə yarayacaq. Donbassdakı qanunsuz silahlı birləşmələr beynəlxalq ictimaiyyətin nəzərlərindən kənarda qalacaq, atəşkəsin pozulması hallarının beynəlxalq səviyyədə fiksə edilməsi dayanacaq, bu da nəzarətolunmayan eskalasiyaya gətirib çıxaracaq.

Bundan əlavə mandatın uzadılmaması ATƏT-in təhlükəsizlik sahəsində fəaliyyət göstərən regional təşkilat kimi nüfuzunu sarsıdacaq. Normand formatı və Minsk razılaşmaları isə monitorinq missiyası olmadan şübhə altına düşəcək.

Lakin həmişə olduğu kimi, bu dəfə də Ermənistanın beynəlxalq təşkilatlarda ciddi nüfuza və çəkiyə malik olmadığı sübuta yetdi – rəsmi Yerevan qısa müddət “müqavimət” göstərə bildi və bu gün martın 31-də missiyanın büdcəsi və mandatı təsdiqləndi. “Ukrinform” xəbər verir ki, Vyanada, ATƏT-in Daimi Şurasının xüsusi iclası zamanı missiyanın mandatının uzadılmasına dair müvafiq konsensus əldə edilib. 57 üzv ölkənin nümayəndə heyətləri habelə Xüsusi monitorinq missiyasının bir illik büdcəsini də təsdiqləyiblər. Beləliklə, monitorinq missiyasının işi praktiki olaraq son anda-mandatın başa çatmasına saatlar qalmış uzadılıb. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin XİN başçısı Ann Linde ATƏT-in Daimi Şurasının missiyanın büdcəsinin və mandatının 31 mart 2022-ci ilədək uzadılmasını alqışlayıb.

Belə görünür ki, rəsmi Yerevan təşkilatın mühüm missiyasının fəaliyyətini bloklamaqla Donbassda Donbasda baş verə biləcək gərginliyə görə özünün birbaşa məsuliyyət daşıyacağını anladı. Və Ermənistan, həmişəki kimi, geri addım atmalı oldu.

Ermənistan tərəfi öz destruktiv davranışı ilə təkcə Azərbaycanla dost münasibətdə olan Kiyevə qarşı düşmənçiliyini nümayiş etdirmirdi, həm də ATƏT-in nüfuzuna və funksianallığına növbəti dəfə zərbə vurmağa cəhd göstərirdi.

Qeyd edək ki, Ermənistan indiyədək dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlara münasibətdə bu cür şantaja əl atıb. Məsələn, 2016-cı il dekabrın 31-də Ermənistan heç bir arqument gətirmədən ATƏT-in Özbəkistan və Qırğızıstandakı layihə koordinatorlarının, Rusiya-Ukrayna sərhədindəki ATƏT müşahidəçilərinin mandatının uzadılmasını və ümumilikdə 2016 il üçün ATƏT-in büdcəsinin qəbulunu bloklamışdı. O zaman yalnız xarici işlər naziri E.Nalbandyanın Vyanaya çağırılmasından sonra Yerevan əsassız şantajı dayandırdı.

2019-cu ilin noyabrında isə Ermənistan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun tərkibində Türkiyədən olan zabitin yer almasına etiraz edərək qrupun fəaliyyətinə imkan verməmişdi. Ermənistanın bu açıq-aşkar etnik ayrı-seçkiliyi nəticəsində ATƏT-in monitorinqlə bağlı proseduru pozuldu, türkiyəli zabitin monitorinq təlimlərində iştirakının qarşısı alındı və nəticədə monitorinq baş tutmadı.

İndi yenidən eyni şantaj metoduna əl atılması göstərir ki, Ermənistanın xarici siyasəti - istərsə qonşu ölkələrlə münasibəti, istərsə beynəlxalq təşkilatlardakı fəaliyyəti – destruktivlik üzərində qurulub və açıq-aşkar Azərbaycanla Türkiyəyə qarşı yönəlib. Bu iki ölkənin istənilən sahədəki təşəbbüsü, beynəlxalq təşkilatlarda rolunun və mövqeyinin güclənməsi Yerevanda etiraz və sabotajla qarşılanır. Buna misal olaraq COVİD-19 kimi qlobal problemə dair Azərbaycanın beynəlxalq arenada irəli sürdüyü humanitar təşəbbüslərin boykotunu göstərmək olar.

Xatırladaq ki, Ermənistan Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusla mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə yönələn xüsusi sessiyasının çağırılması təşəbbüsünü əngəlləməyə çalışmışdı. Lakin bu cəhdlər nəticəsiz qaldı və Azərbaycanın təşəbbüsü BMT üzvlərinin mütləq əksəriyyətinin dəstəyini qazandı, xüsusi sessiya keçirildi.

Rəsmi Yerevanın vaxtaşırı olaraq ATƏT-də, yaxud BMT-də Azərbaycana və onun müttəfiqlərinə qarşı diplomatik badalaq vurmaq, bu və ya digər missiyanı, təşəbbüsü bloklamaq cəhdləri görünür həm də onunla əlaqəlidir ki, Ermənistan bu cür addımlarla özünün beynəlxalq aləmdə hansısa rolunun olduğunu nümayiş etdirməyə çalışır. Lakin bütün istiqamətlərdə bu sabotaj və destruktiv siyasət iflasa uğrayır – rəsmi Yerevan başladığı heç bir siyasi kampaniyanı, demarşı sonadək davam etdirə bilmir, buna nə onun nüfuzu və hörməti, nə də resursları imkan verir. Nəticədə hər dəfə diplomatik təzyiqlər qarşısında qalaraq geri addım atmalı olur.

İndi Ermənistanın özündə də siyasətçilər, ekspertlər etiraf edirlər ki, onların ölkəsi xüsusən Qarabağdakı biabırçı məğlubiyyətdən sonra faktiki olaraq beynəlxalq hüququn subyekti olmaqdan çıxıb. Ermənistan adında dövlətin nəinki regional miqyasda, eləcə də beynəlxalq təşkilatlarda sözünü eşidən, ona məhəl qoyan yoxdur. Ermənistan haqda ekspertlər və analitiklər “falled state” (“çökmüş dövlət”) termini indi tez-tez işlədirlər...

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.