Lobbizm və siyasət .. Natiq Cəfərli yazır
26-04-2021, 07:06

Lobbi (lobby) sözünə ilk dəfə yazılı mətnlərdə 1553-cü ildə rast gəlinir, İngiltərədə anqlikan kilsəsinin keşişlərinin gəzinti yeri kimi qeyd olunmuşdu. 1640-ci ildən isə İngiltərə parlamentinin palata (House of Commons) üzvlərinin gəzinti, söhbət yerinə “lobby” deməyə başlayıblar. Əslində məğzi də budur – ciddi məsələləri “kuluarlarda”, koridorlarda ayaqüstü, qeyri-rəsmi danışıqlarda müzakirə edib həll yolları tapmaq və tərəfdarlar toplamaq.
Dünyada “lobbizm” qanunlarla tənzimlənir, ən liberalı ABŞ və Kanadadadır, kontenental Avropada isə daha sərt qaydalar və çərçivələr var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrindən başlayaraq “lobbizm” böyük bir fenomenə çevrildi, çünki işin içinə KİV-lər, incəsənət daxil oldu, vətəndaşların səsvermə hüquqları genişləndirildi.
Erməni lobbisi elə 20-ci əsrin məhsuludur, Osmanlıda faciəvi hadisələrdən sonra yüzminlərlə erməni dünyaya köç etdi. Şərqdə əsas Livana, Avropada Fransaya köç edənlər sonra bütün dünyaya, əsasən də ABŞ-da geniş yayılmağa, yaşamağa başladılar.
Say etibarı ilə dünyada 10 mln. civarında erməni yaşayır, bu sayın 30%-dən də az hissəsi indiki Ermənistan ərazisində məskunlaşıb. Erməni lobbisi əvvəl hekayələr qurdu, “xristianlığı qəbul edən ilk xalq”, “Noyun gəmisinin yan aldığı məkan”, “qədim dövlətçilik tarixi” kimi yarımıfık hekayələri yaymağa başladılar. Həm də 19-cu əsrdən başlayaraq böyük İmperiyalar erməni kartından Osmanlıya qarşı istifadə etmək üçün yollar arayıb-tapmağa başladılar, bu da hekayə quruculuğunu möhkəmlədirdi. Amma təbii ki, dünya erməniləri məvhumunun geniş yayılmasında Kilsənin rolu da danılmazdır. Kilsə həm siyasi, həm elm-təhsil işində, həm də kimlik formalaşdırılmasında həlledici rola malik idi, bu gün də o rolu oynamağa davam edir.
Lobbiçiliyin “qızıl qaydaları”, öz alqoritmi var: KİV-lərlə işləməyi bacarmaq, siyasətdə aktiv olmaq, hər bir ölkədə siyasi qərarverən açar fiqurlarla işləmək, iş adamlarından tutmuş adi vətəndaşlara qədər maddi iştirakçılığı təmin etmək (çünki, lobbizm çox bahalı işdir), təməli qoyulmuş hekayələri daha da inkişaf etdirmək, dünyada söz sahibi olan, izlənilən incəsənət adamları ilə sıx işləmək, aktiv seçici olmaq, ölkələrdə siyasi elitanın bir tərəfini deyil də, müxtəlif tərəflərdə olaraq təsir imkanlarını genişləndirmək. Ermənilər məhz bu alqoritmlə 100 ildən çoxdur ki, lobbi fəaliyyəti qurub, onun meyvələrini dərirlər. Onları dəstəkləyən dünya siyasi elita nümayəndələri çox zaman xəritədə Ermənistanın yerini belə bilmirlər, sadəcə ya öz ölkəsinin maraqları, ya da seçicilərin maraqlarını təmin etmək üçün “ermənipərəst” olurlar.
Gələk Azərbaycana: Bizim lobbi fəaliyyətimiz yox dərəcəsindədir, bunun obyektiv tərəfi odur ki, lobbi olaraq çox yeniyik, son 30 ildə dünyaya səpələnməyə başlamışıq, Cümhuriyyətin süqutindan sonra formalaşan azsaylı və zəif diaspora ilə indiki diaspora arasında orqanik bağ yoxdur. Problem həm də odur ki, bizdə Azərbaycan Dövlətinin diaspora anlayışı kökündən yanlışdır – Azərbaycan dünyada bəlkə də, yeganə ölkədir ki, diaspora Ana Dövlətə deyil də, Azərbaycan hökuməti diasporaya maddi yardım edir, onu ancaq özünəuyğun mövqedə formalaşdırmağa çalışır. Yəni, diaspora vətənsevərlik üzərində deyil də, iqtidara loyallıq üzəridə inşa edilir. Daha bir köklü problem odur ki, yeni nəsil köç etmiş azərbaycanlılar bir-birlərindən ucaq gəzməyə çalışırlar, azacıq aktiv olanlar isə diasporanın içində qütbləşiblər, milli məsələlərə görə deyil də, iqtidara münasibətə görə formalaşlar. Təbii ki, bunun ən böyük günahı dövlətin doğru diaspora siyasətinin olmamağıdır, amma bizim soydaşlarımız da hələ köçdükləri ölkələrə inteqrasiya ola, onların “oyun qaydalarına” uyğunlaşa bilmirlər. Yaşadıqları ölkələrdə siyasətdən uzaqdırlar, siyasi proseslərə qarışmırlar, “lobbiçiliyin” qızıl qaydalarını bilmirlər. Daha bir məsələ odur ki, ermənilərin kilsəsinin oynadığı rolu, bizdə dini icmalar oynaya bilmirlər, çünki “ümmət” anlayışı “millət” anlayışını üstəliyir və bu sahədə də bölünmüşlük yaradır.
Bizim acıl yeni diaspora straregiyasına ehtiyacımız var, çünki dünyada məsələlər gəlizləşir, daha da qəlizləşəcək, bu zaman Ana Dövlətin doğru siyasəti diasporaların da doğru fəaliyyətinə səbəb ola bilər. Yoxsa elə illərdir olduğu kimi, “erməni diasporu güclüdür, Qərb ikiüzlüdür, hamı ermənipərəstdir, dünya xristian klubudur”, deyə-deyə özümüzə təsəlli verib səhv yolla getməyə davam edəcəyik.
Avropa və ABŞ-da Türkiyə icması ilə birlikdə fəaliyyət göstərsək seçici olaraq, siyasi proseslərə həm də say etibarı ilə təsir imkanlarımız genişlənəcək. Elə bir alqoritm yaradımalıdır ki, məsələn, Fransada siyasətçilər 500 min "ermni səsi" uğrnda deyil də, 2 mln. nəfərə yaxın “türk səsi" uğrunda mübarizə aparmağa başlasınlar. Belə, düşünün, müzakirə edək...
Teref.az