Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı - YENİLƏNİB
16-05-2021, 16:52

Ermənistan-Azərbaycan sərhədindəki mübahisə ilə bağlı danışıqlar hazırda davam etdirilir. Danışıqlar Ermənistanın Sünik bölgəsinin Xndzoresk kəndi ərazisində aparılır.
KONKRET.az xəbər verir ki, Gorus bələdiyyəsinin sədr müavini Menya Hovsepyan Ermənistan mətbuatına açılamasında belə deyib. O, danışıqlara Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradovun vasitəçilik etdiyini bildirib.
Hovsepyan müzakirələrin saat 14:00-da başladığını, bölgədəki vəziyyətin səhər saatlarından bəri dəyişməz olduğunu qeyd edib.
10:58
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası çərçivəsində aparılan danışıqlar mayın 16-da davam etdiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə News.am Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bildirilib ki, danışıqların saat 14:00-da davam etdirilməsi barədə razılıq əldə edilib.
Xatırladaq ki, Sünik (Zəngəzur) mahalının Xndzoresk icması yaxınlığında aparılan danışıqlar mayın 15-də nəticəsiz bitib.
Qeyd edək ki, Ermənistan mediası Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr irəlilədiyini yazır.
Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.