Məcburi könüllülük: Vətəndaşları ona görə cərimələyə bilmirlər ki...

21-06-2021, 07:05           
Məcburi könüllülük:
“Əgər biz daşınmaz əmlakımızı sığorta etdirməsək, alqı-satqı, notariat hərəkətlər zamanı əmlakın üzərində sərəncam vermək hüquqlarımız olmayacaq”

Pandemiya, sərt karantin tədbirləri daşınmaz əmlakın sığorta yığımına da təsirsiz ötüşmədi - daha dorğusu, əhalinin gəlirlərini azaltdı. COVID-19 həyatımızdan tam olaraq çıxmayıb, lakin daşınmaz əmlak üçün tələb olunan sığorta növü məcburi xatarkter daşıyır.

Maraqlıdır, pandemiya şəraitində daşınmaz əmlakını sığorta etməyənlərə cərimə tətbiq edilirmi? Cərimə olunanlar varmı? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib ki, 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə görə, daşınmaz əmlakını sığortalamayan şəxslər cərimə olunmalıdırlar: “Qanunvericilikdə fiziki şəxslərə 30 manat məbləğində, vəzifəli şəxslərə 80 manat məbləğində, hüquqi şəxslər üçün isə 200 manat cərimə nəzərdə tutulub”.

Sığorta üzrə mütəxəssis İlkin İbrahimov isə AYNA-ya şərhində bildirib ki, daşınmaz əmlakın icbari sığortası özlüyündə məcburi olduğu halda, vətəndaşlara nisbətdə könüllü xarakter daşıyır: “Qanunvericilikdə İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində nə qədər qeyd edilsə də ki, vətəndaşlar öz əmlaklarını icbari şəkildə sığortalanmalıdırlar, əks təqdirdə inzibati qaydada cərimələr tətbiq olunacaq, bu, sadəcə formal xarakter daşımış olur. Çünki qanunvericilikdə hələlik inzibati protokolun tərtib olunma nümunəsi olmadığından insanlara bu növdə protokol tərtib etmək olmur. Bu da öz-özlüyündə könüllü kimi görünür”.

“Bəzi məcburi hərəkətlər var ki, burada mütləq daşınmaz əmlakın sığortası ilə bağlı məcburilik təmin olunur. Bu, ilk növbədə notarial hərəkətlərlə bağlıdır. Əgər biz notariat orqanına getsək və bizim əmlakımızın sığortası yoxdursa, o zaman bizə bunu mütləq etməli olduğumuzu xatırladacaqlar. Bu, qanunvericilikdən irəli gəlir. Biz bunu eyni zamanda məcburi qəbul edirik. Əgər biz daşınmaz əmlakımızı sığorta etdirməsək, alqı-satqı, notariat hərəkətlər zamanı əmlakın üzərində sərəncam vermək hüquqlarımız olmayacaq. Ona görə də bu sahədə bu prosedur daha yaxşı işləyir”, - deyə həmsöhbətimiz vurğulayıb.

İbrahimov qeyd edib ki, sahibkarlıq obyektlərinin daşınmaz əmlakının icbari sığortası məcburidir, onlara Fövqəladə Hallar Nazirliyi (FHN) nəzarət edir: “Bununla bağlı burada problem olmaz. Hər bir formada FHN sığortalanma barədə sahibkarları məlumatlandırır. Və bununla bağlı hərəkətlər edir. Sadəcə olaraq daşınmaz əmlakın icbari sığortası onlara nisbətdə daha yumşaqdır. İcra hakimiyyəti orqanları protokol tərtib olunmadan, sadəcə olaraq vətəndaşlara başa salmaqla bu məsələləri daha irəli apara bilər”.

Ekspert Mərkəzi Bankın yanvar-aprel aylarında “Sığorta yığımları və ödənişləri barədə” hesabat dərc etdiyini xatırladıb: “Sığorta yığımları ötən ilə nisbətən, bu il 6 milyon manat artıq olub. Yəni ötən il 21 milyon manat sığorta yığımları olmuşdusa, bu il artıq bu rəqəm 27 milyon manata çatıb. Lakin bu məsələ sığorta ödənişlərinə gəldikdə, təəssüf ki, sığorta ödənişlərində daha az ödənişlər müşahidə olunur. Ötən ilə nisbətdə, bu il sığorta ödənişləri 3,5 dəfə azalıb”.

Müəllif: Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.