Bakıda məscid partladan PKK-çı... MƏHKƏMƏSİNƏ GƏLMƏDİ
29-02-2016, 16:07
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur məscidini yandırmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
teref.az saytı "Qafqazinfo"ya istinadla bildirir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclas təxirə salınıb. Buna səbəb təqsirləndirilənlərdən birinin, Namiq Nəsibovun vəkilinin prosesdə iştirak etməməsi olub.
Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.
Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye
ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.
Xatırladaq ki, Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur