Dilqəm Əsgərov ermənilərə boyun əymədi
1-03-2016, 09:36
İşğal altındakı Kəlbəcər rayonu ərazisində girov götürülmüş və qanunsuz "məhkəmə"nin qərarı ilə ömürlük həbsə məhkum edilmiş azərbaycanlı Dilqəm Əsgərov separatçı rejimin rəhbərliyindən əfv istəməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər verib.
Dilqəm Əsgərov separatçı rejimin rəhbərliyindən əfv istəməyib.
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Şahbaz Quliyev
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" həmin il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, keçən ildə əfv barədə Dilqəm Əsgərova müraciət olunsa da həmyerlimiz bundan imtina etmiş və belə bir arzusunun olmadığını bildirmişdi.
Ermənilərin güllələyərək qətlə yetirdiyi Həsən Həsənov
Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Lakin hələlik bu ərizəyə heç bir cavab gəlməyib.
Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Vladimir Doroxinə müraciət ediblər.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırırlar. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubdabəzi cümlələr qaralanmış formada olur.