Millət Vəkili Novruz Aslanov etiraz edir

1-03-2016, 10:10           

teref.az saytının elektron poçtuna Millət vəkili Novruz Aslanovun İsmayıllı Rayon Icra başçısına qarşı bəzi qüvvələrin apardığı qara piara qarşı etriaz məktubu daxil olub. teref.az olaraq onuda qeyd etmək istəyirik ki, İsmayıllı rayonu həqiqətən Mirdamət Sadıqovun başçılığı altında həqiqətən çiçəklənmə dövrünü yaşayır və bunu götürməyən qüvvələr mətbuat vasitəsi ilə ona qarşı hücumlar təşkil etmək istəyirlər.
Məktubu sizin diqqətinizə çatdırırıq:

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLIKASI
MİLLİ MƏCLİSİNİN DEPUTATI


29 fevral 2016-cı il
İnformasiya portalının
Redaksiya heyətinə

Hörmətli Redaksiya,
29 fevral 2016-cı il tarixdə Sizin internet portalında «Mərməri plastik örtüyə çevirən icra başçısı» adlı yazıda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun İsmayıllı rayonunda aparılan abadlıq-quruculuq işləri barədə yazı dərc olunmuşdur. Təbii ki, mən də İsmayıllı rayonundan seçilmiş deputat kimi, həmçinin bir vətəndaş kimi bu yazı barədə mövqeyimi bildirməyi özümə borc bildim.
Birinci onu qeyd ki, Mirdaməd Sadıqov Əməkdar elm xadimi və iqtisadiyyat sahəsində kifayət qədər təcrübəsi olan hörmətli ziyalılarımızdandır. Məlum İsmayıllı hadisələrindən sonra İsmayıllı rayonunda kifayət qədər nüfuza malik olan Mirdaməd Sadıqov rayona rəhbər vəzifəyə gətirildi. Bu addım o zaman rayon əhalisi tərəfındən də dəstəkləndi. Həmin çətin şəraitdə Mirdaməd müəllim rayonun inkişafı istiqamətində əməli işlərə start verdi. Təbii ki, dövlətin ayırdığı vəsait hesabına bu günə kimi rayonda bu işlər davam etməkdədir. Rayon mərkəzi təmir olunaraq yeni bir sima alıb, yolların əksəriyyəti yeni asfalt örtüyü ilə təzələnib, infrastruktur yenilənib, tikinti işləri aparılıb, binaların əksəriyyətinin fasadları təmir olunub, bir neçə yeni obyekt açılıb, bu yaxınlarda Azərbaycanda ilk olaraq müasir tələblərə cavab verən velosiped fabriki istifadəyə veriləcək. Əlbəttə bu siyahı bununla bitmir, bu sahədə işlər davam edir. Dövlət başçısının bu istiqamətdə verdiyi tövsiyə və tapşırıqların icrası davamlı olaraq aparılmaqdadır. Hesab edirəm ki, İsmayıllı rayonunda da sosial-iqtisadi inkişaf layihələrinin icrası uğurla davam edir. Əlbəttə, iş olan yerdə müəyyən qədər qüsurlarda ola bilər. Lakin, bütün bunlar aparılan işlərə kölgə salmamalıdır, əksinə bu işlərin davamlı olması üçün hər bir insan iş icraçılarına daha da stimul verici vasitələrlə dəstək verməlidir.
Mirdaməd müəllim bir ziyalı kimi qarşılıqlı ünsiyyətində çox diqqətli, mədəni və işlətdiyi ifadələrə qarşı məsuliyyətlidir. Son üç il ərzində onunla sıx ünsiyyətdə olandan sonra mən onun bu keyfıyyətlərinin şahidi olmuşam. Birgə işgüzar əməkdaşlıq şəraitində İsmayıllı rayonu üçün əlimizdən gələni əsirgəməmişik. Bəzi hallarda hansısa bir məsələni birgə müzakirə edəndə aramızda fıkir ayrılığı da olub. Amma, bütün bunlar işgüzarlığın təzahürüdür.
Son vaxtlar Mirdaməd Sadıqov barədə bəzi internet saytlarında xoşagəlməz yazılar yerləşdirilir. Bu yazılarla mən də tanış oluram. Şəxsən bu insanı tanıdığıma görə yazılarda qeyd olunan bir çox fıkirlərə həm bir vətəndaş, həm İsmayıllı rayonundan olduğum üçün, həm də həmin rayondan seçilmiş millət vəkili kimi münasibət bildirməyi özümə borc bildim.
Hesab edirəm ki, ictimaiyyətə təqdim olunan yazıların hər biri obyektiv araşdırıldıqdan sonra mətbuat səhifələrinə, o cümlədən də internet xəbərlər saytlarına çıxarılmalıdır. Belə olan təqdirdə ədalət prinsiplərinə əməl edilmiş olar. Əminəm ki, bir çox saytlar, həmçinin sizin də saytınız bu ədalət prinsipləri əsasında işini davam etdirəcəkdir.
Xahiş edirəm mənim bu fıkirlərimi olduğu kimi saytınızda yerləşdirəsiniz.

Hörmətlə,
Novruz Aslanov
Millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.