Bakının mərkəzində şərəfsiz bir qatil izi - VİDEO

2-03-2016, 00:45           

Poluxin azərbaycanlıların öldürülməsində birbaşa iştirak edib.

Paytaxtın mərkəzi küçələrindən birində əli azərbaycanlı qanına batmış bir bolşevikin - Vladimir Poluxinin xatirə lövhəsi hələ də qalmaqdadır. Əlbəttə, bu löhvə sovet dövründə qoyulub, amma necə olur ki, ötən 25 ildə bu lövhə nəzərdən qaçıb? Əməkdaşlarımız elə bu sualı aidiyyəti qurumlara ünvanlayıblar. Ancaq onların cavabı o qədər də ürəkaçan olmayıb.

Bakının mərkəzi küçələrindən biri olan Murtuza Muxtarov küçəsində 26 Bakı komissarından biri, Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəallıq göstərən Vladimr Poluxinin xatirə lövhəsi hələ də qalmaqdadır. Küçənin adı dəyişdirilsə də, lövhə sökülməyib

Söhbət o Poluxindən gedir ki, 1918-ci ildə Şaumyanın göstərişi ilə mart qırğınları zamanı Bakını, kapitanı olduğu hərbi gəmidən atəşə tutub və xeyli sayda azərbaycanlının öldürülməsində birbaşa iştirak edib. 26 Bakı komissarından biri kimi Bakı kommunasında hərbi-dəniz işləri üzrə komissar olmuş Vladimir Poluxinin əsas vəzifəsi Bakını dənizdən mühasirədə saxlamaqdan ibarət olub. Əli azərbaycanlı qanına batmış bu bolşevik inqilabçının xatirə lövhəsinin hələ də Bakının mərkəzi küşəsində saxlanılması sakinlərin haqlı narazılığına səbəb olub.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu tip lövhələrin vurulması və ya sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə icra edildiyindən bu məsələ onların səlahiyyətlərinə daxil deyil. Bakı Şəhər İcra Hakimiyyətindən isə məsələyə ilə bağlı mövqe öyrənmək mümkün olmadı.

Lövhənin sökülməsinin hansı qurumun səlahiyyətində olub-olmamasından asılı olmayaraq, paytaxtda, həm də məhz bolşeviklər tərəfindən qətlə yetirilmiş Murtuza Muxtarov kimi xeyriyyəçinin adını daşıyan mərkəzi küçədə Poluxin kimi qatilin xatirə lövhəsinin hələ də qalması heç bir quruma başucalığı gətirmir./xezerxeber
[media=https://www.youtube.com/watch?v=c4pzXEzMd38]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.