Hərbi ekspertdən sensasion açıqlama: “Bu gedişlə biz Dağlıq Qarabağı itirəcəyik”
2-03-2016, 09:06
Bunları Üzeyir Cəfərov Aİ nümayəndlərinin ölkəmizdə səfəri çərçivəsində söylədiyi fikirlərə münasibət bildirərkən deyib
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycanda səfərdədir. O, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Dağlıq Qarabağın hazırki status-kvosu qəbul edilməzdir: ““Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Aİ sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik”.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, F.Moqerininin Dağlıq Qarabağın statusunu qəbul edilməz sayması sadəcə boğazdan yuxarı söylənilən fikirlərdir: “Mən Azərbaycan XİN rəsmilərinin xarici nümayəndərin Dağlıq Qarabağla bağlı bu cür fikirlərinə sakit yanaşmalarına təəssüf edirəm. Avropa İttifaqını Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə onda sual yaranır ki, nə üçün ötən 20 il ərzindә Azərbaycanın suverenliyi təmin edilmir? Nə üçün BMT TŞ-nın 4 məlum qətnaməsi yerinə yetirilmir? Biz bu ana qədər Avropa İttifaqının bir çox nümayəndələrindən analoji fikirləri eşitmişik. Bu nümayəndələrin biri gedib, digəri gəlir, amma ortada heç bir nəticə yoxdur.
Əgər ölkə rəhbərliyi bu cür fikirlərin qarşısında sərt ifadələr işlətmirsə, bu gedişlə Dağlıq Qarabağı itirəcəyik. Bunu çəkinmədən deyirəm. Qərb, ABŞ və Rusiya Azərbaycana dəhşətli bir sürpriz hazırlyıb. Onlar görəndə ki, bu cür boş danışıqlar Azərbaycan tərəfindən reaksiyasız qarşılanır, sabah ola bilsin separatçılar bir qurum kimi də tanınsın. ATƏT-in Minsk qrupu bu istiqamətdə zərrə qədər irəliləyişə nail olmaylb. Bu qurumların məsuliyyətsizliyinә görә, nə qədər faciələr baş verib.
Dünən AŞPA prezidenti mətbuat nemayəndələri ilə görüşdə çox böyük bir tərbiyəsizlik nümayiş etdirdi. AŞPA prezidenti vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş vaxtı danışıqları qeyd edib və bunlarla məşğul olacağını bildirib. Bütün tədbir iştirakçıları gördüyü halda tədbirdən çıxdıqdan sonra bütün qeydləri cırıb, zibil qutusuna atıb. Bu cür yanaşmadan nə gözləmək olar? Bu cür davam edə bilməz. Dağlıq Qarabağ münaqişəsini Azərbaycan özü həll etməlidir. İşğalçı tərəf yerinə oturdulmalıdır və ərazi bütövlüyü təmin edilməlidir. Ondan sonra bu cür Qərb nümayəndələri Azərbaycanı dəstəkləycəklər. Çünki, bu Azərbaycanın haqq işidir".