Tokyo Olimpiadasında uğursuzluqlarımızın günahkarları kimdir?

29-07-2021, 07:15           
Tokyo Olimpiadasında uğursuzluqlarımızın  günahkarları kimdir?
Operativ Qərargahın, TƏBİB-in başımıza açdığı "karantin tədbirləri”nin acı nəticələri özünü göstərməyə başlayıb. Təxirə salınmış və bu il, indilərdə keçirilən Tokyo-2020-ci il Olimpiadasında göstərdiyimiz nəticələr sözün əsl mənasında biabırçılıqdı. Favorit olduğumuz bütün idman növlərində əsasən də fərdi mübarizə növləri üzrə idmançılarımız utanverici nəticələrlə çıxışlarını sıralama ilə dayandırır. Bunun günahı ölkəmizin adını, bayrağını yüksəkliklərə qaldıran idmançılarımızda deyil, bunun günahkarı ən əsası Nazirlər Kabineti yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi və TƏBİB-dir. Pandemiya qarşı mübarizə adı ilə təbii artımımızın qarşısını alan (toylara qadağa) bu Operativ Qərargah idmanımızı da, idmançılarımızı da Tokyo Olimpiadasında zəlil günə saldı.

İki ilə yaxın ölkədə bütün idman zallarını bağlı saxlayıb, idmançılarımızın idman zallarında məşqinə qadağa qoyub, ardınca da iki il məşqsiz qalan idmançıları Tokyo Olimpiadasına aparıb biabır və rüsvay etmək kimə və nəyə lazım idi axı. ŞUŞA qayalarını dırmaşıb bizə möhtəşəm Qələbə hissi yaşadan əsgərlərimizin əksəriyyəti idmançı oğullarımız idi. Operativ Qərargahın bu qədər səriştəsizliyi məsuliyyətsizliyi qəzəb dolu heyrət yaradır. Rusiya da daxil olmaqla əksər ölkələr pandemiyaya qarşı karantin tədbirlərində idman zallarını bağlamadı, ancaq bizim Operativ Qərargah dərk etmədiyi qərarları ilə ölkəni də, idmanımızı da, idmançılarımızı da gözdən salmağı bacardı.
Bu üçülüyün pandemiya ilə bağlı heç bir qərarı özünü doğrultmadı, Pandemiyanı öz gəlir mənbəyinə çevirən, dövlət büdcəsindən ayrılan vəsaiti öz şəxsi klinikalarına yönəldən belə baş bilənlərdən hər hansı bir yaxşı nəticə, xəbər gözləmək özünü aldatmaq deməkdir. Yeri gəlmişkən Hesablama Palatası TƏBİB-də yoxlamaya başlayıb.
Ümid edirəm Tokyo Olimpiadasının ümumi nəticələri, idmançılarımızın uğursuzluqlarının yaranma səbəbləri araşdırılacaq, səbəbkarlar məsuliyyətə cəlb olunacaqlar. Ümumən isə, Pandemiyaya qarsı tətbiq edilmiş karantin dövründə Operativ Qərargahın verdiyi Qərarların düzgünlüyünü elə Tokyo Olimpiadası çılpaqlığı ilə göstərdi. Heç olmasa bu dəfə Operativ Qərargah Tokyo Olimpiadasında Azərbaycan idmançılarının uğursuzluqlarında özünü günahkar sayacaqmı?! Ya günah idmançılarımızın boynuna yazılacaq?!
Vüqar Dadaşov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.