Komitə sədri Antikollektor Mərkəzinin ofisinə gedib! - Özünü borclu vətəndaş kimi təqdim edib!

4-03-2016, 10:01           
Komitə sədri Antikollektor Mərkəzinin ofisinə gedib! - Özünü borclu vətəndaş kimi təqdim edib!
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.

Bu barədə Ə.Həsənov məlumat verib.
O bildirib ki, R.Aslanlı özünü Mərkəzin əməkdaşına borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri barədə maraqlanıb: “Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Qiymət siyasətimiz haqda da soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim Antikollektor haqda fikrini dəyişib.
Bununla belə, Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirmək istərdim. Təbii, həmin fikirlər tamamilə yanlışdır. Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin 2 şərtlə: 1) qanun çərçivəsində; 2) imkan daxilində.
1. Qanun çərçivəsində! Yəni borc müqavilənin qanuna uyğun olan şərtləri daxilində qaytarılmalıdır. Əgər müqavilədə qanun pozuntuları varsa, borc məbləği şişirdilibsə, qanunsuz cərimələr və s. tutulubsa, təbii, boclu ödəyəcəyi məbləğin azaldılmasını tələb etməkdə haqlıdır! Deməli, borclunu bu işdə müdafiə etmək lazımdır. Bunu kim edə bilər? Təbii, vəkillər, hüquqşünaslar. Antikollektor da qanuni yaradılmış hüquq şirkətidir və bu işi görəcək. Buna kimin qanuni iradı ola bilər?
2. İmkan daxilində! Yəni borclunun imkanı yoxdursa, borcu da qaytarmayacaq. Haradan qaytarsın? Buna görə onu qorxutmaq, qanunsuz həbs etmək, intihar həddinə çatdırmaq olmaz. Amma təəssüf ki, banklar bu hərəkətlərin arxasında durur. İnsanları bu haqsızlıqlardan kim qorumalıdır? Təbii, vəkillər, hüquqşünaslar. Antikollektor da qanuni yaradılmış hüquq şirkətidir və bu işi görəcək. Buna kimin qanuni iradı ola bilər? Məgər bağlanan banklarda batmış əmanətləri görə bank sahiblərinə nəsə edirlərmi? Xeyr! Bəs onda borclulara nə edə bilərlər? Heç nə!
Ümumiyyətlə, məgər Azərbaycanda hüquqi xidmət göstərmək qadağandır? Nə vaxtdan? Məlumat üçün deyim ki, borcluları yalnız Antikollektor müdafiə etmir. Digər hüquq firmaları, vəkillər və hüquqşünaslar da edir. İndi nə edək? Hamısına yasaq edək peşə fəaliyyətini göstərməyə?
Necə olur ki, Azərbaycanda neçə ildir ki, kollektor şirkətləri fəaliyyət göstərir, əhaliyə qan utdurur, qorxudur, dəng edir və s., buna heç bir dövlət orqanı münasibət bildirmir, amma 3 gün fəaliyyət göstərən Antikollektora belə münasibət göstərilir? Deməli, insanların hüquqlarını pozan haqda susmaq, amma insanları müdafiə etmək istəyənin üzərinə getmək lazımdır?
Təbii, bu fikirlərin arxasında banklar durur. Antikollektorun 3 günlük fəaliyyəti kifayət etdi ki, onlar qanunsuz əməllərinin kütləvi ifşasından qorxdular. Haqsız olduqlarını bildikləri üçün Antikollektoru beşiyində boğmaq istəyirlər. Antikollektorla qanun çərçivəsində məhkəmə çəkişmələrinə çıxmqdan qorxdular. Buna görə də cenab Aslanlıya yanlış məlumat verərək onun əsassız ittihamlarla çıxış etməsinə səbəb oldular. Çox heyif! Əlbəttə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilk növbədə bankları qorumalıdır. Bu baxımdan cenab Aslanlını başa düşürəm. Lakin unutmaq olmaz ki, vətəndaşlarının hüquqları qorunmayan ölkədə bankların normal və səmərəli fəaliyyəti mümkün olmayacaq. Xalqımız olmadan kimə lazımdır banklar?! Ona görə ümid edirəm ki, cenab Aslanlının bugünkü çıxışı Palatanın gələcək siyasətinin ana xətti olmayacaq.
Banklara isə deyirəm: boş ümidlərlə, xülyalarla yaşamayın! Ötən il Konstitusiya Məhkəməsinə təzyiq altında qərar qəbul etdirdiz, axırı nə oldu? Qayıtdı kreditləriniz? Xeyr! Antikollektoru da məhv etsəz belə, problemləriniz azalmaq əvəzinə yalnız artacaq. Odur ki, xalqla danışığa gedin, ciddi güzəştlər edin, qanun pozuntularına son qoyun! O ki qaldı mənə, mən sonadək haqq olduğuna əmin olduğum işi axıra çatdıracağam! İrəli!
P.S. Banklar insanlarımızı inandırmaq istəyir ki, qanun və məhkəmələr onları deyil, bankları qoruyur. Mən isə deyirəm: bu dövlətə xəyanətdir! Azərbaycanı Suriyaya çevirmək cəhdidir. Qanun və məhkəmələr əhalini müdafiə edəcək! Antikollektorun istəyi də yalnız budur!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.