Aydın Bəşirovun Akif Çovdarovla nə əlaqəsi var imiş... - ilginc iddialar
4-03-2016, 12:46
Keçmiş məmurun adı milyonluq yeyintilərdə çəkilsə də, hələ də azadlıqda gəzir Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun adı bir müddət əvvəl mətbuatın gündəmindən düşmək bilmirdi. Bir anda necə oldusa keçmiş məmurun dövlətdən mənimsədiyi vəsaitlərin, yığdığı əmlakın söz-söhbəti səngidi.
Halbuki, bu məsələ uzun müddət gündəmdə qalmaqalı idi, ta ki sabiq məmur cinayət məsuliyyətinə cəlb edilənə qədər. Əfsuslar olsun ki, adı milyonluq, hətta milyardlıq yeyintilərdə çəkilən bu şəxs məsuliyyətdən kənarda qalmağı bacardı. İndi isə neçə illər ərzində yığdığı vəsaitləri sərf etməklə, gününü istirahətdə keçirməklə məşğuldur. Aparılan araşdırmalar göstərir ki, Aydın Bəşirov vəzifədə olduğu müddətdə bir çox qanunsuz işlərə imza atıb və nəticədə özünə milyonlar qazanıb. Belə ki, onun Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahib olması barədə iddialar səsləndirilməkdədir.
Deyilənə görə, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik etdiyi bu şirkət “Sail Traidind” adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olub. İddia olunur ki, əslində Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib.
Belə ki, o Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib. Məlumata görə, “Sail Traidind”in əmlakı milyardlarla ölçülür. Yayılan məlumatlarda bildirilir ki, Aydın Bəşirovun yaxtalarının qiyməti 500 min manatdan başlayır: «O vəzifədə olarkən gəmilərin təchizatından tutmuş kadrların yerləşdirilməsinə qədər bütün sahələrdən gəlir əldə etmək üçün əlindən gələni edib.
Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib». Bu arada, sabiq məmurla bağlı daha bir məqam var. Əldə etdiyimiz məlumatlara görə, keçmiş məmurun biznes imperiyasına daxil olan obyektlər arasında Bakıdakı məşhur otellərdən biri xüsusi yer tutur. Növbəti yazımızda həmin oteldən hansı məqsədlər üçün istifadə olunması, Aydın Bəşirovun həbs olunan MTN generalı Akif Çovdarovla işbirliyi və dövlət büdcəsinə vurduğu ziyanla bağlı söhbət açacağıq. Bizi izləyin.