Azərbaycan prezidenti gömrük sistemində islahatlarla bağlı sərəncam imzaladı
4-03-2016, 20:46
Azərbaycan Prezidenti İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülüb.
Bu islahatların davam etdirilməsi məqsədilə Nazirlər Kabinetinə məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarının yeni redaksiyasını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamın 2.1, 2.3, 2.6-cı bəndlərində və 5-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Dövlət Gömrük Komitəsinə tapşırılır:
- məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etsin;
- elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etsin;
- gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirsin;
- gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etsin;
- vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirsin;
- Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görsün;
- risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görsün;
- xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlasın.
Bundan başqa, Dövlət Gömrük Komitəsi Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli; malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək Qaydaların layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli; şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Dövlət Gömrük Komitəsi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə razılaşdırmaqla, iki ay müddətində Dövlət Gömrük Komitəsinin məlumat bazasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsi, Dövlət Gömrük Komitəsinin qeyd olunan sistemin “Sərhədkeçmə” informasiya resursundan istifadəyə buraxılışının təmin olunması və sistem daxilində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək; Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Dövlət Gömrük Komitəsi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin yaradılmasını altı ay müddətində təmin etməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyinə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etmək; ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etmək tapşırılıb.