Zaqatala Mərkəzi Xəstəxanasına qarşı növbəti böhtan kompaniyası - FOTOFAKT
5-03-2016, 11:27
Ötən gün saytımızın elektron poçtuna Zaqatala rayonu Kebeloba kənd sakini Hacıyev Sahib Dadaş oğlu tərəfindən şikayət məktubu gəlmişdi. Bir çox jurnalist dostlarımızın araşdırmadan dərc etdiyi həmin məktubda bildirilirdi: “29 fevral 2016-cı il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstənaxanasında cərrahiyə əməliyyatı edilən qohumum 1965- ci il tarixdə anadan olmuş Hacıyeva Tamella Şərif qızı həkim savadsızlığının və səriştəsizliyinin qurbanı olub qanaxmadan dünyasını dəyişdi.
Fibroma qadın xəstəliyinə görə cərrahiyə əməliyatı zamanı qanaxmadan dünyasını dəyişən Tamellanı cərrahiyə olunması üçün həkimə 800 manat pul verilmişdi. Həmçinin bizə cərrahiyə əməliyyatından əvvəl dərman peraparatları da aldırdılar. Hamısını da xəstəxannın daxilindəki aptekdən aldırıldı”. Məsələni araşdırmaq istədik, Zaqatala RMX-nin baş həkimi Leyla Seyidəliyevaya zəng etdik. L.Seyidəliyeva bizə “bezdirmisiz məni” deyə ilk əvvəl aqressiv reaksiya versə də, həm onunla, həm də cərrah-ginekoloq Mehriban Hüseynova ilə söhbət zamanı məlum oldu ki, xəstə fevralın 26-da əməliyyat olunub və dünyasını martın 1-də, əməliyyatdan 4 gün sonra dəyişib.
Ölüm səbəbi olaraq isə, ağciyərlərə gedən arteriyada tromb yaranması göstərilib. Həkimin sözlərinə görə, fibromadan xəstəxanaya gətirilən xəstədə qan itkisi var idi, onda qan azlığı müəyyən edilsə də, təcili əməliyyata ehtiyac duyulub və əməliyyat zamanı da qan itkisi az olub. Xəstənin saat 07:30-da yuyunub çarpayısına qayıtmasından sonra halının pisləşdiyi və yarım saat içində dünyasını dəyişdiyi deyilir.
“İdarə olunmayan ölüm səbəbi” olaraq izah edilən bu hadisədən sonra, meyit yarılıb və nəticələri Tibbi Ekspertiza üçün Bakıya göndərilib. Xəstənin qohumu Cəmilə İbrahimova ilə də danışdıq, xəstənin ailəsinin xəstəxanaya bir şikayəti olmadığını və Sahib Hacıyevi tanımadığını dedi. S.Hacıyev məktubunda telefon nömrəsini yazmadığına görə, əlaqə saxlamaq mümkün olmadı. Trombu əvvəlcədən müəyyən etmək olardımı? Bu sualla həkim-bioloq Səadət Əhmədovaya müraciət etdik.
O bildirdi ki, koaquloqramma vasitəsilə trombu müəyyən etmək olur, lakin bu, daha yaxşı texniki imkanları olan, xüsusilə də özəl klinikalarda mümkündür. Yenidən L.Seyidəliyeva ilə əlaqə saxladıq. Onun sözlərinə görə, xəstəxanada bütün müasir aparatlar var və koaquloqramma müayinəsi aparılıb, analiz göstəriciləri əsasında profilaktik tədbirlər görülüb: “Tromb aşkarlanmamışdı. Bu sonradan yarandı, tromb olduğunu təşrih zamanı bildik. Yazılanlar böhtandır. Ümumiyyətlə, bizə qarşı son günlər böhtan atırlar. Həkimlərimiz prokurorluğa müraciət edəcək, bizə qarşı təxribat aparanlarla bağlı şikayət edəcəklər”.
Həkim M.Hüseynova isə telefon söhbəti zamanı bunları dedi: “Artıq bu böhtanlardan bezmişik. Biz xəstəxananın həkimləri axırda “protest” edəcəyik, heç bir xəstəyə baxmayacağıq. Leyla xanım da özü bilir, bunu kimlərdirsə eyni adamlar təşkil edirlər”.
Sözardı: Xahiş edirik, elektron ünvanımıza göndərilən şikayət mətnlərinə şəxsiyyət vəsiqənizin surətini və telefon nömrələrinizi də əlavə etməyi unutmayın. Əks təqdirdə sizi narahat edən məsələni araşdırmaqdan imtina edəcəyik.