Əliyevdən Tehran və Moskvaya sərt dirəniş - "Bu onun hüququ və gücüdür"
27-08-2021, 16:30

Xəbər verdiyimiz kimi Azərbaycan Gorus-Qafan yolunun öz sərhədlərindən keçən 16-18 km uzunluğundakı hissəsini bağlayıb. Buna, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən daima yayınması, sərhəddə mövqelərimizin vaxtaşırı atəşə tutulması səbəb olub. Səbr kasasının daşması isə eyni gündə Qubadlı istiqamətində iki erməni hərbçisinin postda xidmət edən sərhədçimizə hücum edərək onu süngü-bıçaqla yaralayıb qaçması olub.
Erməni kəndləri blokadada
Ermənilər iddia edirlər ki, hərbçilərimizin Gorus-Qafan yolunu bağlaması nəticəsində ətrafdakı kəndlərin əhalisi üçün ərzaq və tibbi xidmətlərin göstərilməsində ciddi məhdudiyyətlər yaranıb. Ermənistanın insan hüquqları müdafiəçisi ofisinin yaydığı bəyanatda bu barədə qeyd olunub. Xüsusilə, Şurnux, Vorotan, eləcə də Bardzravan və Qafan kəndlərinin Ermənistanın digər icmaları ilə əlaqəsi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Qeyd edək ki, bu barədə Ermənistanın Ombudsman aparatı "həyəcan siqnalı" verib.
İran və Rusiya narahatdır
Rusiya münaqişə və post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərini daim nəzarətdə saxlamaqla birlikdə mövcud status-kvonu dəyişmək cəhdlərindən narahatlıq duyur.
Azərbaycan sərhədçiləri ölkə ərazisindən keçən Gorus-Qafan yolunu bağladıqdan sonra da buna Ermənistanla birlikdə ilk reaksiya verən dövlət Rusiya oldu. Rus sərhədçilərinin uzun danışıqlarından sonra Azərbaycan ordusu mühasirədə qalmış 50-dən çox mülki avtomobilin yoldan keçməsinə icazə verdi. Lakin hazırda yol hər iki istiqamətdən bağlıdır. Mövcud vəziyyətdə Rusiya Azərbaycanın yolu açmasını təmin etmək üçün diplomatik cəhdlərini davam etdirir. Çünki Rusiya onsuz da 44 günlük müharibədə real dəstək verə bilmədiyi və erməni ictimaiyyətinin narazılığını üzərinə çəkdiyi üçün Ermənistanın daha çox Azərbaycan təzyiqləri altında əzilməsində maraqlı deyil. Beləliklə, bu gün də, magistral yolun bağlanması məsələsində Rusiya Ermənistana tərəfdir və qonşusu Azərbaycan üzərində bir diplomatik təzyiq yaratmağa cəhd edir.
İran da Rusiya ilə birlikdə bu məsələdə əsas narahat olan tərəflərdən biridir. Hələlik İran Ermənistana gedən əsas yolu olan Qafan-Gorus magistralının kəsilməsinə ciddi reaksiya verməyib. Lakin bu o demək deyil ki, heç vaxt da verməyəcək. Unutmaq olmaz ki, Ermənistan İranın məhsullarının əsas alıcısı olan dövlətlərdən biridir. Ermənistanın məhsul ixracatında İran Rusiyadan başqa bütün MDB ölkələrini qabaqlayır.
Bundan savayı Gorus-Qafan yolu Ermənistana gedən iranlı turistlərin ən çox istifadə etdiyi yoldur. İran turistləri və iranlı orta sahibkarlar üçün Ermənistan yolunun bağlanması ciddi problemlər yarada bilər.
Xatırladaq ki, 2016-cı ildə 189 min nəfər iranlı turist Ermənistana səfər edib və bu qeyd edilən ilə qədərki ən yüksək göstərici olub. Həmçinin 2016-dan bu ilədək keçən 5 il ərzində İran Ermənistana ən çox turist göndərən ölkə olub. 2017-ci ildə Ermənistana gələn ümumi turistlərin 16%-ni iranlılar təşkil edib. Qeyd etmək yerinə düşər ki, 2016-cı ilin avqustundan iki dövlət arasında əldə edilən razılaşmaya görə, iranlı turistlər Ermənistana vizasız səfər edə bilirlər və bu amil Ermənistana iranlı turistlərin axınını intensivləşdirən əsas amil hesab olunur.
Ermənistanla İran arasında illik ticarət dövriyyəsi isə 300-400 milyon dollar arasında dəyişir. Ermənistanın xarici ticarət dövriyyəsi göstəricilərinə görə Avropa İttifaqı, Rusiya və Çindən sonra İran 4-cü yerdədir.
Beləliklə, Ermənistana gedən yolun kəsilməsi İran üçün də narahatlıq yaradır. Lakin əsas iqtisadi zərbə Ermənistana dəyir. Erməni əhalisi dərman preparatlarından, kənd təsərrüfatı məhsullarına qədər bir çox sahədə əsasən İran məhsullarından istifadə edir. Bir tərəfdən zəifləyən turist axını, digər tərəfdən yarana biləcək məhsul qıtlığı Qafan-Gorus yolu açılmadığı təqdirdə Ermənistanı gözləyən əsas iqtisadi problemlərdir. Təbii ki, hava yolu və ya alternativ yollardan istifadə etmək mümkündür, lakin bu iqtisadi cəhətdən sərfəli hesab edilmir.
Beləliklə, Azərbaycan bu yolu kəsməklə Laçın koridorundan Ermənistana hərbi texnikalar daşıyan İrana və birgə bəyanatın şərtlərini yerinə yetirməyən Ermənistana eyni vaxtda həm mesaj verir, həm də zərbə vurur.
Azərbaycanın Gorus-Qafan yolunu kəsməsinin siyasi səbəbləri
Təbii ki, Azərbaycan sərhədçisinə edilən qəfil hücum yolun bağlanmasının əsas səbəbi kimi göstərilə bilər. Lakin bu həm də rəsmi Bakının səbir kasasını dolduran sonuncu damladır. Ermənistan artıq 10 aya yaxındır ki, birgə bəyanatın şərtlərini icra etmir. Bundan savayı bu aylar ərzində Azərbaycanla yekun sülh müqaviləsini imzalamaq və sərhədlərin delimitasiya və demokrasiyasına başlamaqdan yayınır. Paralel olaraq erməni əsgərləri Qarabağda vəziyyətin eskalasiyasına davam etdirirlər, Laçın dəhlizi isə İrandan Ermənistana daşınan hərbi texnikaların əsas keçid məntəqəsinə çevrilir. Azərbaycan birgə bəyanatın şərtlərinə uyğun olaraq həm Laçın dəhlizindən, həm də Gorus-Qafan yolundan Ermənistan üçün kommunikasiya xətlərini açsa da, Ermənistan hələ də Azərbaycanın əsas tələbi olan Zəngəzur dəhlizinin onun sərəncamına vermək istəmir, bundan savayı nə koridor, nə də kommunikasiya xətti açmaq niyyətində deyil. Rəsmi Bakı da haqlı olaraq düşünür ki, birgə bəyanatın şərtləri Rusiya və Ermənistan tərəfindən pozulursa, biz nə üçün bu şərtləri yerinə yetirməliyik?
Maraqlıdır ki, Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun bağlanmasına etiraz edərək bunu birgə bəyanatın şərtlərinin pozulması kimi qiymətləndirir. Nəhayət ki, Azərbaycan Ermənistana birgə bəyanatın varlığını və onun şərtlərinə əməl etməyin vacib olduğunu xatırladır. Bu özlüyündə bir diplomatik uğurdur.
Bundan savayı Ermənistan Azərbaycanı dövlətlərarası magistral yolu bağlamaqla beynəlxalq hüququ pozmaqda ittiham edir. Həqiqətən gülməlidir, sanki Ermənistan bu yolun keçdiyi əraziləri 28 il ərazində işğalı altında saxlayan, 31 ildir ki, Azərbaycan-Naxçıvan-Türkiyə yolunu bağlayan bu dövlət deyil...
Bəs Azərbaycan yolu hansı şərtlə aça bilər?
Qeyd edək ki, hazırda Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə Rusiya vasitəçiliyi ilə aparılan danışıqlar davam edir. Danışıqlar zamanı Bakının Gorus-Qafan yolunun açılmasına qarşılıq üçtərəfli razılaşmada göstərildiyi kimi Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb etdiyi bildirilir. Rəsmi Bakı Laçın-Gorus-Sisian-Naxçıvan yolunun açılmasını şərt kimi irəli sürdüyü erməni mətbuatı tərəfindən iddia edilir.
Ola bilər ki, Azərbaycan Zəngəzur dəhlizi olmadan Gorus-Qafan yolunu açmayacaq. Hər halda, yolun hələ də açılmaması Bakının sərt şəkildə dirəndiyi və istədiyini alana qədər dirənəcəyini göstərir.
Həmçinin görünən bir şey də var: Azərbaycan artıq oturub düşmənin sülh imzalamasını gözləmir, düşməni sülhə, dəhlizə, razılaşmalara məcbur edir. Həm Qarabağ, həm Gorus-Qafan yolunun keçdiyi magistral Azərbaycan ərazisidir. Rəsmi Bakı istəsə işığı, istəsə interneti, istəsə yolu, istəsə də Qarabağdakı terrorçuların kökünü kəsə bilər. Bu onun hüququdur və onun gücü ilə qorunur...
Nicat İsmayılov
https://ednews.net/