Nemət Pənahlı KQB-yə işləməkdə suçlandı - cavab gecikmədi...

7-03-2016, 09:46           
Nemət Pənahlı KQB-yə işləməkdə suçlandı - cavab gecikmədi...
Partiya sədrinin vaxtilə onlarla müəllimi satdığı barədə şok ittihamlar var; Pənahlının “Alik” adlı ləqəbi olub? ; Nemət Pənahlı: “Yəqin adımın arxivlərin içərisindən çıxmasını istəmişəm”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov publika.az-a müsahibəsində həbsdəki Milli-Azadlıq Hərəkatının liderlərindən olan, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ünvanına şok ittihamlar səsləndirib. O, partiya sədrini vaxtı ilə KQB-yə işləməkdə, rüşvət alan onlarla müəllimi həbs etdirməkdə suçlayıb.

E.Hüseynovun müsahibəsindən N.Pənahlıya aid olan hissəni olduğu kimi təqdim edirik: “Bu faktı mətbuata ilk dəfə açıqlayıram. Bir gün qəbul imtahanlarından birində ”KQB"-nin 25 əməkdaşından ibarət qrup texnikuma gəldi. Bunu görən bəzi müəllimlər rüşvət kimi aldıqları pulu zibil yeşiyinə atmaq istədilər. Amma buna nail olmadılar. Çoxlu sayda müəllim həbs olundu. Sonradan məlum oldu ki, müəllimləri həbs etdirən Alik adlı bir oğlan imiş. Alik burda baş verənlər haqda KQB-yə xəbər vermişdi. Onlar da əməliyyata başlamışdılar. Müəllimlərdən bir neçəsi uzun müddətə həbs edildi. Biri hətta 8 il azadlıqdan məhrum edildi. Maraqlı bir məsələni də deyim. Mən artıq AİB-in sədri idim. Uzun müddət azadlıqdan məhrum edilmiş müəllimlərdən biri azadlığa çıxdıqdan sonra ofisimizə gəldi. Soruşdu ki, “Eyyub, bilirsən məni həbs etdirən kim idi?” Cavab verdim ki, yox. Dedi, Alik yadındadır? Dedim ki, yadımdadır. “Bizi Alik tutdurmuşdu. Alik bilirsənmi kimdir” - soruşdu. Mən də soruşdum ki, kimdir? Dedi, Nemət Pənahlı. Bu, həmin Nemət Pənahlıdır ki, sonralar “KQB”nin arxivlərinin açılması tələbini irəli sürürdü. Məlum oldu ki, Nemət Pənahlı hələ yeniyetmə yaşlarından KQB ilə əlaqədə imiş. Vicdanımın rahat olması üçün bunu ilk olaraq sizə deyirəm. Kütləvi həbs olayı ilə bağlı bir faktı da diqqətinizə çatdırım. Texnikumda uzun illər bir nəfər məsul katib işləyirdi. Həmin şəxs Nemət Pənahlının qayınatasıdır".
Səslənən ittihamlarla bağlı Pənahlı ailəsinə müraciət etdik. N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı ittihamlara sərt cavab verdi: “Bu fikirlər münasibət bildiriləcək səviyyədə açıqlamalar deyil. Nemət gənc yaşlarından necə KQB ilə əlaqəsi ola bilərdi? Çox mənasız, gülməli fikirlər səsləndirilib. Nemət siyasi səhnəyə gəldiyi gündən KQB-nin arxivlərinin açılmasını tələb edib. KQB-nin arxivlərinin açılmasını istəyən şəxs oradan özünün çıxmasını istəyib? Heç nəyə uyğun gəlməyən şər-böhtan xarakterli fikirlərdir. Kütləvi həbslərlə bağlı Nemətin qayınatasının institutda məsul vəzifədə çalışmasının məsələyə nə dəxli var? Həmin şəxs Kommunist Partiyasının üzvü olub. Atam həmin dövrdə universitetdə işləyib, dekan olub. Çox mənasız, gülünc açıqlamalardır. Nemətin öz həyatı haqqında yazdığı kitabdan kiçik bir hissəni diqqətinizə çatdırıram. Orada onun atası, babasının kimliyi açıq şəkildə var. Sovet dövründə ailələrinə necə divan tutulduğu kitabda yer alıb. Nemət deyir ki, ailələrində din əsas olduğundan daim sovetə nifrət ediblər. Nemət gəncliyindən necə KQB-nin agenti ola bilərdi?”

Həcər Pənahlı Eyyub Hüseynov ad-soyadlı şəxsi tanımadıqlarını söylədi: “Belə bir şəxsi tanımıram. Nemətin tanıyıb-tanımadığını bilmirəm. Martın 6-da onunla görüşəndə müsahibəni oxuya bilməmişdim. Amma məlumatım var idi. Ona görə də Nemətə dedim ki, barəndə belə fikirlər səsləndirilib. Gülə-gülə dedi ki, yəqin adımın arxivlərin içərisindən çıxmasını istəmişəm. Təxminim belə yoxdur ki, Nemət nə vaxtsa ”Alik" ləqəbi daşıyıb. Neməti necə ki həbs edəndə tanımadığı şəxsi üzünə qoydular. Guya ki onu döymüşdü. Bu şəxs də yəqin o şəxsə bənzəyib. Nemət haqqında şər-böhtan səsləndirmək üçün ortaya atılıb. Ola da bilsin ki, o şəxs yuxu görüb. Çünki insanlar var ki, yuxuda gördüklərini ayılandan sonra real həyatda hiss edirlər. Eyyub Hüseynovun açıqlamalarında həqiqətin işartısı belə yoxdur. Bu şəxs üzəduran şəxslər kimi belə iyrənc fikirlər səsləndirir. Onun fikirləri bizim üçün əhəmiyyətsizdir. Nemətin kim olduğunu tarix göstərib. Onun bütün fəaliyyəti göz önündədir. Nemətin səhvləri olsa da, gizlisi, xəyanəti heç zaman olmayıb. Bunu bütün cəmiyyət bilir. Neməti bir ləqəbi olub, o da “Azadlıq aşiqi”. O ləqəbi də heç özü-özünə taxmayıb, xalq verib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.