DTX-nın yeni müavini İsmayıl Bağırov kimdir?

7-03-2016, 22:59           
DTX-nın yeni müavini İsmayıl Bağırov kimdir?
Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini təyin olunub. Təhlükəsizlik qurumundakı yeni təyinat ciddi müzakirələrə yol açıb. Buna səbəb DTX-nın yeni müavininin kimliyidir. İ.Bağırov bir zamanlar Milli Təhlükəsizlik Nazirliyində çalışmış, lakin sonradan “MTN inqilabı”nın əsas fiquru olan Eldar Mahmudov tərəfindən bu sistemdən uzaqlaşdırılıb.

Sabiq MTN-çilərin yeni təyinatla bağlı mövqelərini öyrəndik.

Keçmiş MTN zabiti, polkovnik İlham İsmayıl İ.Bağırovun təhlükəsizlik sisteminin ən professional şəxslərindən biri olduğunu söylədi: “O, peşəkar zabitlərdəndir. Onunla birlikdə çalışmışıq, şöbələrdə şöbə rəisi olmuşuq. Bağırov vaxtı ilə ən məsuliyyətli şöbənin rəisi olub. Çox yüksək səviyyədə işini aparmağı bacaran şəxsdir. Geri qaytarılan şəxslərdən ən birincisi odur, düzgün edib, onu geri qaytarıblar. İsmayıl Bağırov Azərbaycan xüsusi xidmət orqanının tək-tək professionalarından biridir. Ona görə də onun vəzifəsinin böyüdülməsi təqdirəlayiqdir”.

Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev də DTX-nın yeni müavininin şəninə xoş sözlər dedi: “İsmayıl Bağırov öz işinin peşəkarıdır. Uzun müddət MTN, DTX sistemində çalışıb. Vətənini sevən vətənpərvər insanlardan biridir. Bu təyinat vaxtında verilib, eyni zamanda, seçim dəqiqdir. Eldar Mahmudovun zamanında da bu sistemdə çalışmış, qanunsuz olaraq, arzuolunmaz variantla onu işdən azad etmişdilər. İsmayıl Bağırovun bu vəzifəyə təyin olunması dövlət başçısının çox düzgün, dəqiq seçimidir. O, Dağlıq Qarabağ müharibəsindən keçmiş, öz işini mahir bilən bir çekistdir. Əvvəllər əks-kəşfiyyat üzrə baş idarənin rəisi olub. Yəni Ermənistanı, xarici strukturları gözəl bilir. Namiq Abbasovun beynəlxalq əlaqələr üzrə köməkçisi olub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.