Bakıda məscid partladan PKK-çını kimlər buraxdırdı? - Eks-baş prokurordan ŞOK AÇIQLAMA
8-03-2016, 20:44
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən E. Ələkbərov 15 il azadlıqdan məhrum edilib, Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib.
Qeyd edək ki, məcburi müalicə adı altında əslində azadlığa buraxılan, ya da aradam çıxarılan Namiq Nəsibov bir Öcalan aşiqi, PKK yanlısıdır. O, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandıran iki nəfərdən biridir.
Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikası ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.
Belə bir terrorçunun müalicə adı altında buraxılması ictimaiyyətdə təəccüb və etirazlar doğurub.
Modern.az saytının məlumatına görə, məsələyə Azərbaycanın sabiq baş prokuroru İxtiyar Şirin də münasibət bildirib. İxtiyar Şirin bu olayla əlaqədar maraqlı açıqlama verib.
“Mən prokurorluqda müstəntiq işləyən dövrdə çox ağır cinayətlər törətmiş iki şəxsin məsuliyyətdən azad edilməsi üçün yüksək səviyyədə qərarlar qəbul edildiyinin şahidi olmuşam.
Onlardan biri 1979-cu ildə etnik mənşəyi erməni olan Sərkisyan soyadlı şəxsin azyaşlılardan təşkil etdiyi cinayətkar qrupun törətdiyi onlarla quldurluq hadisəsi ilə bağlı idi. Bu cinayət hadisəsinin istintaqını mən aparırdım. Cinayətin təşkilatçısı Sərkisyanın həbsdən və məsuliyyətdən azad edilməsi üçün əvvəlcə rayon prokuroru vasitəsi ilə mənə təsir göstərmək istədilər. Sonra bu iş üçün o zaman Moskvadan çox məhşur bir azərbaycanlını göndərdilər. Mən onu buraxmaqdan imtina etdikdə məni Azərbaycan Respublikası prokurorunun müavini yanına dəvət edib, Sərkisyanın məsuliyyətdən və həbsdən azad edilməsi barədə mənə göstəriş verdi. Mən ona da bunu etməyəcəyimi bildirdim.
Ancaq mən işi məhkəməyə göndərdikdən sonra bu işin izini itirdim və Sərkisyanın işinin nəticələri barədə heç bir məlumat ala bilmədim. Eşitdiyimə görə, bu işin taleyini Moskvadakı erməni lobbisi həll etmişdi.
İkinci iş etnik mənşəyi yəhudi olan Mişiyev soyadlı şəxsin 1980-1981-ci illərdə onlarla azyaşlı qıza təcavüz etməsi ilə bağlı idi. Bu cinayətlər törədilən dövrdə bütün Bakı şəhəri vahimə içərisində idi və Mişiyev çox çətinliklə növbəti cinayət başında yaxalanmışdı. Həmin işi Azərbaycan Respublikası Prokurorluğunun mühüm işlər müstəntiqləri istintaq edirdi. Bu iş də baxılmaq üçün Ali Məhkəməyə göndərildi və oradan bu işin də izi itirildi. O vaxt söhbət gəzirdi ki, Mişiyevi həbsdən və güllələnməkdən yəhudi lobbisi qurtarıb...
İndi isə PKK və PYD-nin Suriyadan verdiyi tapşırığa əsasən, Azərbaycanda terror təşkilatının özəyini quran və onların tapşırığı ilə Bakıda məscid yandıran Namiq Nəsibov və Elnur Ələkbərovun işi. Məhkəmənin hökmü ilə terorun təşkilatçısı Namiq Nəsibov məcburi müalicə adı altında cəzadan azad edildi, onun bu cinayətə cəlb etdiyi Elnur Ələkbərov isə 15 il müddətinə həbsə göndərildi...
Namiq Nəsibovu 15 il həbsdən hansısa lobbinin qurtarmış ola biləcəyini mən dəqiq bilmirəm. Ancaq cinayətkarlıqla mübarizədə, xüsusilə terrora qarşı mübarizədə belə istisnaların edilməsi ölkəmizə yaxşı heç nə vəd etmir, Azərbaycan Respublikasının vətəndaşlarının həyatı və təhlükəsizliyinin terrordan qorunmasına çox ciddi zərər vurur, hər bir insanın həyatını təhlükə altında qoyur. Hesab edirəm ki, müvafiq prokurorluq və məhkəmə orqanları bu işlə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidirlər”.
İxtiyar Şirin deyir ki, terrorçunun barmaqları ilə göstərdiyi azadlıq işarəsi də doğru çıxdı. “O, bu işdən həbs cəzası almadan qurtardı. Bizə isə bircə “afərin” demək qalır”.