Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
9-03-2016, 23:07
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir. Bu maddədə dəyişikliklərdən əvvəl qeyd olunurdu: "Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü var".
Qanunda həmçinin qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.
Həmçinin vurğulanır ki, Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.
Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər.
Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.
Bundan başqa, Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edə bilər.
Bu qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır.