Sülh danışıqları başlayır: Ermənistan geri addım atdı

5-10-2021, 10:45           
Sülh danışıqları başlayır:
"Avropa Birliyi Ermənistanı Rusiyanın asılılığından qurtarmaq üçün təxminən 3 milyard avro təklif edib. Ermənistan bu 3 milyard müqabilində Rusiyadan əl çəkməlidir. Amma bu, o qədər də asan deyil. Çünki Ermənistan və Rusiya arasında imzalanmış müqavilələrin sadəcə 14-nü nəzərdən keçirsək, görərik ki, İrəvanın yaxın 15 ildə Moskvadan kənarlaşması və ya əlaqələrini sərtləşdirməsi, Ermənistan iqtisadiyyatının kollapsı ilə nəticələnə bilər".

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirdi. Sizcə, bu görüşün baş tutma ehtimalı nə qədərdir və nələr müzakirə oluna bilər?

- Bu görüşün baş tutma ehtimalı heç də az deyil. Nikol Paşinyan 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə üstüörtülü, iki dəfə isə açıq bəyan edib ki, Azərbaycan prezidenti ilə görüşmək istəyir. Bu görüş bizə yox, Ermənistana lazımdır. Bunun da bir neçə səbəbi var. Birinci səbəb, Ermənistanın "hərbi əsir" adlandırdığı, əslində isə müharibə bitdikdən sonra azad edilmiş Azərbaycan ərazilərində aşkarlanmış və Bakıda məhkəmə qərarı ilə azadlıqdan məhrum edilmiş diversantlarla bağlıdır. Nikol Paşinyan nəyin bahasına olur-olsun bu şəxsləri Ermənistana qaytarmaq istəyir. İkinci məsələ Zəngəzur dəhlizidir. Ermənistanda əhalinin tam əksəriyyəti indefernet yanaşır. Ermənistan əhalisi 30 ildən çoxdur ölkənin bölgədəki transmilli və transregional layihələrdən kənarda qalmasından bezib. Çünki Ermənistanda vətəndaşların orta aylıq gəlirləri post-sovet məkanı ölkələri arasında ən aşağı göstəricilərdən biridir. Üçüncü məsələ budur ki, Ermənistan geosiyasi problemlərini həll etməyə çalışır. İrəvan anlayır ki, Rusiyanın arxasında nə qədər çox forpost kimi duracaqsa, bu onu o qədər tez dalana və siyasi uçuruma yaxınlaşdıracaq.

Digər yandan, Avropa Birliyi Ermənistanı Rusiyanın asılılığında qurtarmaq üçün təxminən 3 milyard avro təklif edib. Ermənistan bu 3 milyard müqabilində Rusiyadan əl çəkməlidir. Amma bu o qədər də asan deyil. Çünki Ermənistan və Rusiya arasında imzalanmış müqavilələrin sadəcə 14-nü nəzərdən keçirsək, görərik ki, İrəvanın yaxın 15 ildə Moskvadan kənarlaşması və ya əlaqələrini sərtləşdirməsi, Ermənistan iqtisadiyyatının kollapsı ilə nəticələnə bilər.



- Bu fikrinizi necə izah edərdiniz?

- Sadə bir misal çəkim: Ermənistan Müdafiə Nazirliyi ölkənin müdafiə və hücum potensialını Rusiyadan aldığı silah-sursat hesabına təmin edir. Bu silah-sursatın təxminən 80 faizi hazırda Rusiyanın anbarlarında olan və ya rus silahlı qüvvələrinin istifadədən kənarlaşdırdığı texnikalar və ya silahlardır. Rusiya da bunu öz daxili qiymətləri ilə Ermənistana satır. Satış isə birbaşa həyata keçirilmir: Rusiya əvvəlcə kredit ayırır, sonra bunun hesabına silah satılır. Faktiki olaraq, pul da, gəlir də Rusiyaya qalır – uduzan Ermənistandır. Ermənistan Rusiyanın asılılığından qurtulmaq üçün ilə 1.35 milyard dollar sərbəst vəsait tapmalıdır, bu da yoxdur.

Digər məsələ, bölgədə İran, Türkiyə və Rusiya arasında qarşıdurmanın güclənməsidir və bu qarşıdurmaya kənar aktorların – ABŞ, Avropa Birliyi və Çinin müdaxilə etməsidir. Belə bir durumda Ermənistanın mövcud status-kvosunun dəyişməməsi ona böyük və ciddi itkilər vəd edir.

- Qeyd etdiyiniz kimi, Zəngəzur dəhlizi məsələsi də gündəmdəri. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələni Soçidə rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etdiyi ehtimal edilir. Türkiyə liderinin özü də bunu Putinlə danışacağını demişdi. Bu yöndə bizi hansı gəlişmələr gözləyir?

- Nədənsə, bəzi siyasi ekspertlər Zəngəzur dəhlizinə qarşı olan ölkələrin sırasında daha çox Rusiyanın adını çəkirlər. Mənim fikrimcə, bu, qətiyyən belə deyil. Çünki Zəngəzur dəhlizi açılmasa, Rusiya alternativ yollar qismində, Şimal-Cənub dəhlizini işə salmalı olacaq. Bu dəhliz isə Gürcüstan ərazisindən Ermənistan və İrana keçəcək ki, oradan da Fars körfəzinə çıxacaq. Belə olan halda, Rusiyanın əldə edəcəyi tranzit gəlirləri və ya hansısa üçüncü dövlətdən asılılıq imkanlarını yaradan tarif siyasəti rəsmi Moskvanın təsir və təzyiq rıçaqlarından tamamilə başqa bir müstəvidə olacaq. Yəni Rusiyanın buradan əldə edəcəkləri əldən verəcəklərindən qat-qat azdır. Zəngəzur dəhlizi açıldıqda isə Şərqdən Çin "Bir Kəmər Bir Yol" layihəsini reallaşdırır, Cənubdan Türkmənistan, Əfqanıstan, Tacikistan və Pakistanın birgə layihəsi olan "Lazurit marşrutu və Türkmənistan-Pakistan layihələri işə düşür. Azərbaycanın bu layihələrdə əsas xətt olması, Zəngəzur dəhlizi məsələsini daha da aktivləşdirir.

Zəngəzur dəhlizi təkcə şose yolu deyil – oradan həm dəmir yolu, həm də neft-qaz xətləri keçəcək. Yəni Rusiya həm də müəyyən anlaşmalarla öz təbii qazını Azərbaycan üzərindən keçirə bilər. Yəni Rusiya və Azərbaycan anlaşır və öz təbii qazını ölkəmizə nəql edir, Azərbaycan da Rusiyadan idxal etdiyi təbii qaza anoloji həcmdə mavi yanacağını dünya bazarına çıxarır. Buna svop anlaşma deyirlər. Yəni Rusiyanın işə düşəcək bu layihələrdən əldə edəcəyi mənfəət çox olacaq. Buna görə də, Rusiya Zəngəzur dəhlizinin mümkün qədər tez işə düşməsində maraqlıdır. Rusiya bununla ilk növbədə Türkiyə üzərindən Avropanın qərb və şərqinə çıxmaqda maraqlıdı. Çünki Rusiya hələlik "Şimal axını" və "Türk axını" layihələri ilə istədiyi məqsədlərinə çata bilməyib. Zəngəzur dəhlizi isə bu məqsədlərinə çatması üçün Rusiya üçün təkan rolunu oynaya bilər.

Hazırda Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan iki dövlət var. Birincisi Ermənistandır, daha doğrusu bu ölkənin müxalifətidir. İkincisi isə İranın hakim dairələridir. Çünki hazırda quru ilə İranın Avropaya çıxışını təmin edə biləcək yeganə yol Ermənistan ərazisindən keçir. İran da Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün var qüvvəsi ilə çalışır. Hətta bu işə Hindistanı da qoşmaq istəyir. İran Pakistanın Cənubi Qafqaza gəlişindən sonra Pakistan və Hindistan arasındakı münaqişədən yararlanaraq, Dehli ilə kuluar anlaşmaları əldə etmək üçün ciddi danışıqlar aparır.

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları daha da aktivləşdirəcək. Bu reallıqların daha səbatlı və dayanıqlı olması üçün növbəti təkan olacaq. Zəngəzur dəhlizi bu səbəbdən bölgə dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir.

- Azərbaycanı açıq şəkildə hədələməyə başlayan, Ermənistan və separatçılara verdiyi dəstəyi aşkara çıxaran İranın məqsədi təkcə Zəngəzur dəhlizinə mane olmaqdırmı?

- İranın məqsədi təkcə buna mane olmaq deyil. İran teokratiyası və klerikal hakimiyyəti sürəkli bəyanatlar verir ki, "biz bölgədə sərhədlərin dəyişdirilməsinə qarışıyıq".

Birincisi, Zəngəzur dəhlizi sərhəd dəyişikliyini ehtiva etmir. İkincisi, İran niyə ərazilərimiz 28 il işğalda olarkən, bir dəfə bəyanat səsləndirmədi, hərbi təlim keçirmədi? Səbəb bu idi ki, işğal dövründə bütün Azərbaycan-İran sərhədi boyunca 7 sərhəd-buraxılış məntəqəsi vardı, onun da cəmi biri işğal edilməmiş ərazilərdə idi. İşğalda olan ərazilərdə isə körpülər qoyulmuşdu və İran bundan yararlanırdı. İndi İran bunu itirib.

Digər yandan, İran Türkiyə və Pakistanın bölgədə fəallaşması ilə razılaşa bilmir. İran İsrailin də regiondakı qeyri-hərbi aktivliyini də həzm edə bilmir. Amma məsələnin daha da ciddiləşəcəyini düşünmürəm. Bu, heç bir halda əsəb gərginliyindən o tərəfə keçməyəcək. Çünki İran rəhbərliyi bilir ki, Azərbaycana qarşı hansısa formada atılacaq radikal addım onun faktiki olaraq, müharibəyə cəlb edilməsi demək olacaq. Müharibə isə təkcə Azərbaycanla olmayacaq. Ortada Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi var. Şuşa bəyannaməsinə görə, Azərbaycana kənardan silahlı müdaxilə və ya ilhaq olarsa, Türkiyə Silahlı Qüvvələri dərhal buna müdaxilə edir. Yəni hərbi əməliyyatlar başlayararsa, İran qarşısında Türkiyəni də görəcək. Belə bir durumda isə Türkiyə ilə münasibətləri nə qədər gərgin olarsa, İsrail Türkiyənin müttəfiqi kimi prosesə qoşulacaq.

İsrail İranla yanaşı, Ermənistanla da münasibətləri sərin olan ölkədir. Digər yandan, İsrail həm hərbi, həm də iqtisadi cəhətdən İranın onurğa sütununu sındırmaq üçün belə bir fürsəti əldən verən deyil. Buna görə də, İrandan verilən bənayatları Azərbaycana mənəvi, psixoloji və siyasi təzyiq cəhdi kimi qiymətləndirirəm. İran bu bəyanatlardan o yana gedən deyil. Təbii ki, İranın öz ərazisində hərbi təlim keçirməsi suveren hüququdur. Amma bu təlimlərin bilavasitə Azərbaycan sərhədləri yaxınlığında keçirilməsi və ölkəmizin ünvanına rəsmi şəxslərin və generalların dilindən hədələyici bəyanatların səsləndirilməsi isteriyadan başqa bir şey deyil.

İran heç bir halda Azərbaycanla münasibətləri ifrat dərəcədə gərginləşdirməkdə maraqlı deyil. Çünki Azərbaycan həmişə İranla dostluq və mehriban qonşuluq əlaqələrində maraqlı olub. Azərbaycan heç bir halda İrana qarşı öz ərazilərindən üçüncü və ya başqa dövlətlərin istifadəsinə imkan verməyib və vermir. İranın bəlağətli bəyanatlarında gəldikdə, bunlar daha çox daxili auditoriyaya hesablanıb. Çünki İran rəhbərliyi bilir ki, nə hərbi, nə texniki, nə maddi, nə də iqtisadi baxımdan Pakistan-Türkiyə-Azərbaycan koalisiyasının qabağında durmaq gücündə deyil. İran istədiyi qədər sərhədlərimizə 50-60-cı illərdən qalma, ABŞ istehsalı olan mənəvi və fiziki cəhətdən köhnəlmiş texnika və silah-sursatını yığa bilər. Amma İran indi faktiki olaraq əsəblə oynayır və Azərbaycanı sınağa çəkir. Gördüyünüz kimi, Azərbaycan da bu sınaqdan şərəflə çıxır.

- Rusiya və Türkiyə liderlərinin son görüşü də gündəmdədir. Həmin görüşdə Qarabağ və ümumən Cənubi Qafqazdakı durum da müzakirə olunub. Liderlər görüşdən sonra açıqlama verməsələr də, müəyyən anlaşmaların əldə edildiyi ehtimal edilir. Sizcə, görüşdə nə kimi məsələlər razılaşdıra bilərdi?

- Əslində, iki dövlətin lideri arasında keçirilmiş görüşdən sonra açıqlamanın verilməməsi normaldır. Hər görüşdən sonra yekun bəyanat olmur. Soçi görüşünün üç əsas mövzusu vardı: Türkiyə və Rusiya arasındakı siyasi və iqtisadi əlaqələr, İdlib bölgəsindəki durum və Cənubi Qafqaz. Rusiya İdlibdə Bəşər Əsədə sadiq qüvvələrlə birləşərək suriyalı müxaliflərin mövqelərini və yaşayış məntəqələrinio bombalayır. Məqsəd strateji yolları, sonra isə İdlibi tam ələ keçirməkdir. Bu da bölgədən Türkiyəyə qaçqın axınına səbəb ola bilər ki, Ankara da bundan maraqlı deyil. Türkiyə buna imkan verməyəcək. Cənab Ərdoğan cənab Putinin diqqətinə bunu çatdırıb, Rusiya prezidenti də bununla razılaşıb.

Digər məsələ iqtisadi münasibətlərlə bağlıdır. Pandemiyaya baxmayaraq, Türkiyə və Rusiya arasındakı iqtisadi münasibətlər sürətlə inkişaf edir. Üçüncü məsələ Cənubi Qafqazdır. Nə qədər paradoksal səslənsə də, Türkiyə və Rusiyada burada eyndi mövqedən çıxış edir. Hər iki ölkə bölgədəki sabitliyin dayanıqlı olmasında, Ermənistan-Azərbaycan sərhədlərinin tezliklə delimitasiya və demarkasiya olunmasında və tərəflər arasında yekun sülh müqaviləsinin imzalanmasında, eləcə də bölgədə kommunikasiyaların mümkün qədər tez açılmasında maraqlıdır. Məncə, müzakirə edilən məsələlər bunlar idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.