Region üçün önəmli “3+3” təklifi: “Rusiya və İranın dəstək verdiyi Ermənistan yenə yayınır”
5-10-2021, 10:43

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi regionda yeni reallıqlar yaradıb.
10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının şərtlərinə, tərəflərin üzərinə düşən öhdəliklərə nəzər saldıqda, açıq şəkildə görmək mümkündür ki, Azərbaycan hazırda regionun diqtə edən ölkəsidir. Bu müddət ərzində region üçün müxtəlif əməkdaşlıq platformaları təklif olunsa da, hələlik rəsmən heç bir təklif qəbul olunmayıb. Bütün bunların fonunda ən optimal və uğurlu format Türkiyənin təklif etdiyi “3+3” platforması qəbul olunur. Bu format bölgədə dayanıqlı sülhün təmin olunması üçün də vacib addım hesab edilir.
Azərbaycan Türkiyənin “3+3” regional əməkdaşlıq platformasına dair təklifini dəstəkləyib. Cənubi Qafqazın üç dövləti, eləcə də onların qonşuları Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Söhbət Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran birgə əməkdaşlıq platformasından gedir. Bu platformanın region ölkələri üçün iqtisadi əhəmiyyəti də kifayət qədər yüksəkdir. Hərbi və siyasi baxımdan “3+3” və ya altılıq formatı regionda yeni təhdidlərin qarşısını alacaq əməkdaşlıq platforması ola bilər.
Ermənistan isə bu məsələdə də yenə öz ampluasında qalaraq “3+3” platformasına qeyri-konstruktiv mövqe sərgiləyir. Ermənistanın bu mövqeyi bu ölkənin təcriddə qalmasına idmət edəcək, onu regionlal layihələrdən kənarda qoyacaq.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib ki, 10 noyabr Bəyannaməsi imzalanandan dərhal sonra “3+3” formatı, ümumilikdə regiondan olan 6 dövlətin yeni açılacaq kommunikasiya xətlərindən yararlana biləcəyi ilə bağlı fikirlər vardı:
“Hesab edirəm ki, bu, daha uyğun platformadır. Çünki yeni kommunikasiya xətləri ilə bu 6 dövlət iqtisadi və siyasi dividentlər əldə edə biləcək. Bu prosesdə Ermənistanın udacağı daha çox şey var. Çünki ermənilər son 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamaqla həm Azərbaycan, həm də Türkiyə ilə gərgin münasibətlər fonunda faktiki olaraq təcrid vəziyyətində qalıblar. Yalnız Rusiya və İranın dəstəyi ilə bu blokadanı yarmaq imkanı olub. Ümumilikdə isə təcrid Ermənistanın onsuz da çökmüş olan iqtisadiyyatına mənfi təsir göstərib. İndiki dönəmdə bu cür təkliflərin fonunda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması və kommunikasıyaların açılmasını ehtiva edən “3+3” platformasından Ermənistanın yararlanmaq istəməməsi olduqca təəccüblü görünür. Bu, ermənilərin xəstə təxəyyülünün növbəti təzahürü kimi qəbul oluna bilər. Görünür ki, Ermənistan hələ də xəstə, revanşist fikirlərindən əl çəkmək niyyətində deyil, “böyük Ermənistan” xülyası ilə yaşayır”.
Partiya sədri bildirib ki, bütövlükdə Azərbaycan ərazisinə iddialı olması səbəbilə Ermənistan özü üçün məqbul olacaq təklifi qəbul etməkdə çətinlik çəkir:
“Amma ümid edirik ki, onlar da yola gələcəklər. Onların belə gec yola gəlmələrində xüsusilə Rusiya, Fransa başda olmaqla Qərb dövlətlərinin, eləcə də İranın verdiyi dəstəyin rolu var. Ermənistan bu dəstək hesabına nəyəsə nail olmağa, “3+3” formatından yayınmağa çalışırlar. Hesab edirəm ki, son nəticə olaraq Ermənistan və regionun digər dövlətləri “3+3” formatının regionun 6 dövləti və davamlı sülhün təmini üçün ən uğurlu platforma olduğunu başa düşəcək”.
Vilayət Muxtar