Fəlsəfə İnstitutunun direktoru haqda yeni iddialar - mövqe
14-03-2016, 09:41
“Yeni Müsavat” qəzetinin saytı vasitəsilə Akademik Ramiz Mehdiyevə yazdığım açıq məktuba Fəlsəfə və Hüquq İnstutunun direktoru İlham Məmmədzadənin cavabı məni xeyli təəssüfləndirdi. Onun məktubunda yol verilən xeyli sayda təhriflərin cəmiyyəti çaşdıracağını nəzərə alıb, cavab vermək məcburiyyətində qaldım.
Oxucuların diqqətinə çatdırıram ki, İlham Məmmədzadə Azərbaycan dilində yazı yaza bilmir. Bu onu göstərir ki, cavabı onun əvəzindən kimsə yazıb. Özü də çox urvatsız yazıb. Bu cavab açıq-aşkar onun əleyhinə işlədi. İlham Məmmədzadə ilə Xaliq Əhmədzadə demək olar ki, hər gün görüşür, ancaq məsləhətləşib yekdil bir fikir ortaya qoya bilmirlər. Bilirsiniz niyə? Çünki həqiqət almaz kimi bir şeydir. Onlar hələ də bunu dərk etmirlər.
Məsələn, Xaliq Əhmədzadə moderator.az saytına verdiyi müsahibəsində deyir: “Mən 23 yaşında elmlər namizədi olmuşam. 27 yaşımda isə elmlər doktoru olmuşam”.
İlham Məmmədzadə isə mənə cavab məktubunda bunları deyir: “Xaliq Əhmədzadənin doktorluq dissertasiyasının mövzusu 2011-ci ildə “Beynəlxalq terrorçuluq beynəlxalq cinayətin bir növü kimi: nəzəri və təcrübi problemlər” adı ilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda qeydiyyata alınmışdır”.
Sual yaranır, Əhmədzadənin doktorluq dissertasiyanın mövzusu 37 yaşında qeydiyyata alınıbsa, o, 27 yaşında necə elmlər doktoru ola bilər?
İkinci mühüm məqam. İ.Məmmədzadə yazır: “E. Əliyev işlədiyi qurumdakı neqativ hallar, institutun direktoru İlham Məmmədzadədən və şöbə müdiri Xaliq Əhmədzadədən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, akademik Ramiz Mehdiyevə şikayət etmişdi. Müəllif R.Mehdiyevdən prosesə müdaxilə etməsini xahiş etmişdi”. İ.Məmmədzadə X.Əhmədzadənin şöbə müdiri təyin olunması haqqında əmrin surəti ortaya qoymalı idi.
İnstitutun direktoru Xaliq Əhmədzadəni hansı vəzifəyə təyin etdiyini də bilmir. Səhih məlumata görə, Xaliq Əhmədzadə institutun aparıcı elmi işçisidir, şöbə müdiri deyil. Görünür, başı çox qarışıq olduğundan, direktor kimi hansı vəzifəyə təyin etdiyini də unudub.
İlham Məmmədzadə sonra bunları deyir: “Mənim işgüzar nüfuzuma, şəxsiyyətimə, elmimə və gələcəyimə kölgə salan, əvvəldən sonadək iftira və böhtandan ibarət olan məqalədə göstərilir ki, guya institutumuzda iki hakimiyyətlilikdir, idarəçilik tamamilə iflic vəziyyətindədir, kadrlar düzgün yerləşdirilmir, institutda xəfiyyə sistemi yaradılıb və bu xəfiyyə sisteminə hüquqşünas alim Xaliq Əhmədzadə rəhbərlik edir”.
Cənab Məmmədzadə, bir tərəfdən deyirsiniz ki, “Xaliq Əhmədzadənin doktorluq dissertasiyasının mövzusu 2011-ci ildə qeydə alınıb. Digər tərəfdən isə ona hüquqşünas alim deyirsiniz. Bəs məntiq harda qaldı? Sizin otağınızda gündə 2-3 dəfə Qabil Camalov, Xaliq Əhmədzadə, Əhməd Qəşəmoğlu, Həbib Hüseynov, Aydın Əlizadə, Elsevər Səmədov toplaşaraq nəyi müzakirə edirlər? Elmi disskusiyalar üçün Elmi Şura var. Bu qruplaşmanın adı nədir? Bütün bunlara baxmayaraq sizin adamlar başqalarını qruplaşma yaratmaqda suçlayır. Nədən indiyə qədər institutda yaranmış vəziyyət elmi şurada müzakirəyə çıxarılmır? Əməllərinizi ört-basdır etmək məqsədilə məcburən imza toplayırsınız. Belə əməllərin dövlət idarəçiliyinin fəlsəfəsinə zidd olmasını da bilmirsiniz?
Bunu da qoyaq bir yana. Axı, hörmətli İlham müəllim, səlahiyyətlərinizin bir hissəsini X.Əhmədzadəyə etibarnamə yolu ilə vermisiniz. Bunu institutda bilməyən adam yoxdur. Bu ikihakimiyyətlilik deyil, bəs nədir? Deyilənlərə görə, siz fəlsəfəni yaxşı bilirsiniz. Bəlkə bunun da adını liberalizm qoyasınız? Sizdən nə desən gözləmək olar. Sabah durub deyərsiniz ki, etibarnamə olmayıb. Hesab edək ki, Əhmədzadə deyil, başqasıdır. Harda yazılıb ki, müəssisə rəbəri səlahiyyətlərini paylaya bilər?
Başqa bir məsələyə də diqqət şəkmək istəyirəm. Siz dövlətin rəsmi qurumu olan Müəllif Hüquqları Agentliyinin Adıgözəl Məmmədov haqqında verdiyi qərarını şübhə altına alırsınız. Faktiki olaraq dövlətimizin vəzifəli şəxslərinin adından və nüfuzlarından da sui-istifadə edilir. Bu çox ciddi məsələ olduğundan nədən kitaba verilən rəylərin foto surətini mətbuata təqdim etmirsiniz? Nədən Əhmədzadə bununla bağlı Müəllif Hüquqları Agentliyini məhkəməyə vermir?
Məmmədzadə mənə cavabının sonunda bunları yazır: “Bundan sonra da rəhbərlik etdiyim institutda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının alternativsiz, şəffaf siyasəti mənim və sağlam kollektivim tərəfindən həmişə dəstəklənir və birmənalı dəstəklənəcəkdir.
Bu, bizim əsas prioritetimizdir. Mən özümü cənab Prezidentin müsəlləh əsgəri hesab edirəm. Onun verdiyi sərəncam və tapşırıqları təxirə salınmadan dərhal yerinə yetirməyi özümün başlıca vəzifəsi hesab edirəm”. Bərəkallah!
Özünü prezident İlham Əliyevin müsəlləh əsgəri sayan İlham Məmmədzadə 2001-ci ildə beynəlxalq jurnalda Heydər Əliyevin avtoritarlığından, yerliçiliyindən, ailə-bürokratiya kapitalizmi qurmasından bəhs edən “AVTORITARNIY REJIM V AZERBAYDJANE I PROBLEMI EQO TRANSFORMATSII” adlı irihəcmli məqalə yazıb. Mənim yazdıqlarım yox, yazdığınız məqalədəki fikirlər yalan və böhtandır, hörmətli Məmmədzadə!
P. S. Bu məqalənin dilimizə tərcüməsi yaxın günlərdə oxucuların ixtiyarına veriləcəkdir.
Etibar Əliyev,
Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,
təhsil eksperti