Ərdoğanın Bakı səfəri başlayır – kritik gözləntilər

14-03-2016, 09:51           

Azərbaycan yenidən böyük siyasətin episentrində; Türkiyə lideri mühüm mesajlarla gəlir; Kremlə ünvanlı barış çağırışları da istisna deyil, çünki...; bir gecikmiş rəsmi ziyarətin pərdəarxasında daha nələr ola bilər?..
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi açıqlanıb. Doğrudur, hələ ki, bu tarix - ikidir: öncə Türkiyənin Bakıdakı səfiri İsmail Alper Çoşquna istinadla məlumat yayılıb ki, səfər apreldə reallaşacaq. Lakin az sonra bəzi yerli informasiya agentlikləri ziyarətin yaxın günlərdə - martın 15-də baş tutacağı haqda xəbər veriblər.

Səfər çərçivəsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Qardaş ölkə başçısının Bakıya, yoxsa Gəncəyə enəcəyi haqda isə heç nə deyilmir. İstisna deyil ki, görüş tarixinin və yerinin qeyri-müəyyən saxlanması təhlükəsizlik məsələləri ilə bağlıdır.

***
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 18-də planlaşdırılan ziyarəti Ankarada onlarla hərbçinin ölümünə səbəb olan dəhşətli terror olayına görə təxirə salınmışdı. Ekspertlər o zaman aktın arxasında duran xarici qüvvələr (sifarişçilər) qismində Rusiyanın da adını çəkmişdilər - söhbət 24 noyabr “Su 24" insidentinə görə Türkiyədən qisas alma cəhdi barədə iddialardan gedir.

Bu versiyanı güclü edən məqamlardan biri də o idi ki, Moskva bununla Ankara ilə yaxınlaşmaqda davam edən Bakını da xəbərdar etmək istəyinə düşə bilərdi. Lakin analitiklər səfərin uzaq tarixə təxirə salınmayacağını proqnoz eləmişdilər. Bu da məntiqli idi, çünki əks halda, iki qardaş və müttəfiq dövlətin xarici təsirlərə, terror hədəsinə həqiqətən həssas və zəif olması qənaəti güclənə, ortaq Türk düşmənləri daha da şirniklənə bilər(di).

Bəs bu dəfə səfər hansı şərtlərə təsadüf edir və həmin şərtlərdən dolayı Azərbaycandakı görüşlərin gündəliyinə ciddi düzəlişlər mümkünmü? Suala cavab tapmaq üçün ən əvvəl Bakı-Ankara, Ankara-Moskva və Bakı-Moskva münasibətlərinin mövcud xarakterinə bir daha diqqət yönəltmək lazım gəlir.

***
Artıq əminliklə söyləmək olar ki, Ərdoğanın səfərinin təxirə salınmasına gətirən Ankaradakı müdhiş və xain terror aktı Bakı-Ankara münasibətlərinin səviyyəsinə neqativ təsir etməyib. Tam tərsinə, iki qardaş ölkə arasında əlaqələr ənənəvi axarında - yüksələn xətlə davam edir.
Bunu azı, iki yeni faktdan aydın görmək olar: biri Bakıda Türkiyənin də qatıldığı və Rusiyadan yan keçən, iştirakçı ölkələrin milli təhlükəsizliyinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinə dair 2-ci böyük toplantının uğurla reallaşması və orada Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə yetkililərinin iştirak və çıxış eləməsidir.
İkinci mühüm detal odur ki, prezident R.T.Ərdoğanın budəfəki səfəri iki qardaş ölkənin hazırda Konyada davam edən (martın 27-də bitəcək) birgə hərbi təlimlər dövrünə təsadüf edir. Bu təlimlər isə səfər öncəsi Türkiyə və Azərbaycanın ortaq düşmənlərə ünvanlandığı ciddi bir mesaj, “əzələ nümayişi”dir və bu mesajın siyasi davamını yəqin ki, Bakı (və ya Gəncə) görüşləri zamanı görə biləcəyik.
***
Ankara-Moskva münasibətlərinin hazırkı durumuna gəlincə, qarşıdakı səfər ərəfəsində Rusiya Türkiyəyə qarşı ritorikanı bir qədər yumşaltmış kimi görünür. Söhbət öncəliklə ötən həftəsonu Dövlət Dumasının və Rusiya hökumətinin (Ali Məhkəmənin) saxta erməni soyqırımını tanımamağa görə cəza nəzərdə tutan qanun layihəsini geri qaytarmasından, müzakirəyə hər hansı lüzum görməməsindən, beləliklə də antitürk qüvvələrin təşəbbüsünün fiasko olmasından gedir. Yada salaq ki, təyyarə insidentindən cəmi bir gün sonra - ötən il noyabrın 25-də irəli sürülən təşəbbüsün müəllifləri Rusiyanın “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov və onun üzvü, Dumanın vitse-spikeri Nikolay Leviçev idilər.

Rusiyanın bu qərarını bır sıra təhlilçilər Kremlin gərgin münasibətlərdə olduğu Ankaraya qarşı xoşməramlı jesti və münasibətləri bərpa eləmək istəyinin təzahürü kimi qiymətləndirir. Bəzi rusiyalı analitiklərə görə isə, Moskva əlaqələrin daha da pisləşməsini arzulamır və uzağı, Suriya böhranı yoluna qoyulandan sonra münasibətlər yenidən öz normal məcrasına qayıdacaq.

Bu arada iki ölkənin müvafiq dövlət qurumlarının terrorla birgə mübarizə yönündə əməkdaşlığı gücləndirməsi haqda da xəbərlər yayılıb. Həmçinin, Rusiyanın “Türk axını” layihəsini dirçəltmək yönündə təşəbbüsləri artırmaq səyləri müşahidə edilməkdədir. Sözügedən qaz kəməri layihəsi isə yalnız Ankara-Moskva münasibətləri tam qaydaya düşdükdən sonra yeni nəfəs qazana bilər.

Türkiyəyə ünvanlı daha bir pozitiv jest kimi bir neçə gün qabaq Rusiya XİN-in qardaş ölkəyə elədiyi təklifi saymaq olar. Belə ki, XİN sözçüsü Mariya Zaxarova ənənəvi kəskin leksikondan fərqli tonda Ankaranı Türkiyə-Suriya sərhədinə beynəlxalq müşahidəçilər dəvət etməyə çağıraraq deyib. “Rəsmi Ankara Suriyaya gedən yük maşınlarının yoxlanılması üçün sərhəd-keçid məntəqələrinə beynəlxalq müşahidəçiləri dəvət etməlidir. Yalnız belə olan halda Türkiyə ilə bağlı yayılan əsassız məlumatlara son qoyula bilər. Çox istərdik ki, Türkiyə bu təklifimizə münasibət bildirsin” - bildirib Zaxarova.
***
Əlbəttə ki, Azərbaycan 1 nömrəli təbii müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı Rusiya arasında münasibətlərin böhranlı olmasında maraqlı deyil. Moskva və Ankaranın özü də daha çox Putin-Ərdoğan şəxsi münasibətlərindən qaynaqlanan gərginliyin götürülməsini istərdi. Hələliksə, rəsmi Bakı hamıdan çox vəziyyətin girovudur və mürəkkəb seçim qarşısındadır.
Bu mənada saxta soyqırımı inkara görə cəza nəzərdə tutan sənədin Rusiya parlamentinin aşağı palatası, hökumət və Ali Məhkəmə tərəfindən rədd edilməsi şimal qonşumuzun Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da xoşməramlı mesajıdır, Kremlin Bakı ilə də əlaqələrə verdiyi önəmin təzahürüdür.

Bu önəmi təxminən iki həftə öncə Rusiyanın iki yüksək çinli məmurunun (baş nazirin müavini, hərbi sahəni kurasiya edən Dmitri Roqozin və XİN başçısının müavini Qriqori Karasinin) ard-arda Bakıya etdikləri səfərlərdən və prezident Putinin öz azərbaycanlı həmkarı İlham Əliyevə iki gündə iki dəfə telefon açmasından bir daha görmək olardı.

Ərdoğanın qarşıdakı kritik səfəri Putinin telefon zəngləri və rus emissarlarının Bakı səfərlərindən az sonraya düşəcək ki, bu da səfərinin yekunlarına, Azərbaycandan veriləcək mesajlarım məzmununa yəqin ki, təsirsiz ötüşməyəcək. Hər halda həmin zənglər və səfərlər zamanı konkret nəyin müzakirə olunduğu dəqiqliyi ilə yalnız Azərbaycan prezidentinə bəllidir.

Bakıdan (və ya Gəncədən) veriləcək mesajlar isə sövq-təbii Dağlıq Qarabağ məsələsinin həll perspektivinə də əlavə işıq sala bilər. Onu da diqqətdən qaçırmaq olmaz ki, İlham Əliyev martın axırında prezident Barak Obamanın dəvəti ilə ABŞ-a yollanacaq. Ermənistan prezidenti Serj Sərksiyan da Amerikaya dəvətlidir. Ərdoğanın apreldə deyil, məhz indi Azərbaycana gəlmək qərarı verməsinin bir motivi də ola bilsin elə budu - son dəfə əqrəbləri tutuşdurmaq istəyi.

Bu və digər səbəblərdən səfər istər Rusiya, istərsə də ABŞ və Avropada diqqətlə izlənəcək. Ərdoğanın ziyarətinə maraq əslində indi daha çoxdur, nəinki ötən ay. Həm də o səbəbə ki, ötən müddətdə Suriya böhranının həllində bir hərəkətlilik sezilməkdədir.

***

Sonda əlavə edək ki, Türkiyə lideri sonuncu dəfə ötən ilin iyununda - I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Bakıda olmuş, burada Vladimir Putinlə də bir araya gəlmişdi. musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.