Güzəştli mənzillər: ilğım, yoxsa gerçək imkan? – ARAŞDIRMA

16-10-2021, 09:08           
Güzəştli mənzillər:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 30 mindən çox nikah qeydə alınıb. O ailələrdən biri də Əli və Nigar cütlüyüdür. Cütlük bir neçə ildir nişanlı olsa da, həm COVID-19 pandemiyası səbəbindən, həm də mənzil əldə etmək üçün evliliklərini gecikdiriblər.

Əli bəy bildirir ki, mənzil problemini həll edə bilmədiklərini görərək, nəhayət, evlənmək qərarına gəliblər:

“Ailədə üç uşağıq, mən sonuncusuyam. Məndən böyük olan qardaşım ailəsi ilə birgə ata evimizdə qalır, bacım da ailəlidir. Otaq sayı az olduğundan evdə bizim də yaşamağımız mümkün deyil. Pandemiya başlayanda toy qadağan olundu deyə, ev almaq üçün müddət qazandığımızı düşündük. Ancaq belə olmadı. Mənzil satışı şərtləri büdcəmizə uyğun deyil. Bizə sərfəli olan layihələrdən biri güzəştli mənzillər idi. Bir neçə seçimdə iştirak etsək də, uğur qazana bilməmişik. Buna görə də hazırda kirayədə yaşayırıq, aldığımız maaşın bir hissəsi kirayəyə çıxdığı üçün də normal dolana bilmirik”.

Təbii ki, 30 mindən çox yeni ailənin hər birinin evsiz olması mümkün deyil. Lakin tutaq ki, onların yarıdan çoxunun ev probleminin olduğu ağlabatandır. Nəzərə almaq lazımdır ki, hazırda evsiz olanların hamısı yeni ailə quran şəxslər deyil. Onların içərisində bir neçə ildir ailə quranlar da var, illərlə evsiz yaşayanlar da.

Güzəştli mənzilləri əldə edən ailələrin sayı da az deyil. İsmayıl və Rəfiqə cütlüyü artıq bir ilə yaxındır ki, seçimlə əldə etdikləri evdə yaşayırlar.

Rəfiqə xanım qeyd edir ki, layihədən ilk vaxtlar xəbər tutan və mənzil əldə etməyi gözləyən ailələrdən biri onlar olub:

“Mənzil hüququna malik şəxs mən olduğum üçün bununla geniş maraqlandım və lazımlı prosedurları yerinə yetirdim. Seçim zamanı isə qardaşım bizə köməklik etdi. İlk olaraq inanmasaq da, mənzil seçimimiz uğurlu oldu və indi artıq həmin evdə yaşayırıq”.

***

Azərbaycanda “Güzəştli mənzil” elektron sistemi 2018-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində Yasamal, Hövsan Yaşayış Komplekslərindəki, eləcə də Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışı həyata keçirilib.

Pressklub.az mövzunun aktuallığını nəzərə alaraq ilk olaraq satışı həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova ilə əlaqə saxlayıb.

O bildirib ki, müvafiq qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququ “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda nəzərdə tutulmuş şəxslərə məxsusdur:

“Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, artıq güzəştli mənzillərdən də yararlanmaq hüququna da sahibdirlər.

Bir neçə dəfə güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik edilərək əhatə dairəsi genişləndirilib. Hal-hazırda güzəştlə mənzil almaq hüququna malik şəxslər iki qrupa bölünüb.

Gənc ailənin üzvü olan şəxslər – şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər – elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (bəzi istisnalar olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər və ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs”.

Agentlik rəsmisi alınan mənzillərin ev sahibləri tərəfindən kirayəyə verilməsi və ya satılmasına da münasibət bildirib:

“Güzəştli mənzili əldə etmiş vətəndaş 3 il müddətində həmin mənzili özgəninkiləşdirə, kredit hesabına əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edə, habelə onu icarəyə və ya kirayəyə verə bilməz.

Onu da əlavə edim ki, qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər”.

Qeyd edək ki, son zamanlar güzəştli mənzillərin satışı ilə bağlı “Youtube” kanalları, sosial şəbəkə səhifələri açılır və onlar mənzillərin satışı ilə yanaşı kirayə evlərlə bağlı məlumatlar da paylaşırlar. Bəzi şəxslər isə bunun rəsmi qurum və ya fərdi şəxslər olması barədə məlumatsızdırlar.

Bununla bağlı isə D.Dadaşova deyib ki, qurum tərəfindən güzəştli mənzillərin satışı yalnız “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir:

“Evlərin satışa çıxarılması ilə bağlı yayımlanan videoların MİDA-ya heç bir aidiyyəti yoxdur.

Vətəndaşlara tövsiyə edirik ki, Agentliyin fəaliyyəti ilə bağlı məlumatları yalnız Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifələrindən və sosial şəbəkələrdə olan rəsmi səhifələrindən əldə etsinlər”.

Güzəştli mənzillərin satış mexanizmi ilə bağlı danışan qurum rəsmisi əlavə edib ki, qurumun sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçirilir:

“Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Bununla yanaşı, mənzillərin seçimi prosesləri aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət olan operativ qərargah vasitəsilə canlı müşahidə edilir.

Bununla yanaşı, müraciətlərin “Güzəştli mənzil” sistemində qeydiyyata alınmasında vətəndaşlara 1, 3 və 5 saylı Bakı “ASAN xidmət”, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərində yerləşən “Güzəştli mənzil” pəncərələrində müvafiq köməklik göstərilir, “Çağrı” mərkəzi (108) vasitəsilə sistemdən istifadə ilə bağlı suallar cavablandırılır.

Həmçinin istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə hər satışdan öncə “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyası istifadəyə verilir. Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı üzərindən Elektron İmza və ya Asan İmza ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilirlər”.

D.Dadaşova bəzi şəxslərin ödəniş müqabilində mənzil seçimi etmək istəyən şəxslərə köməklik göstərməsi barədə yer alan məlumatlara da münasibət bildirib:

“Bununla bağlı olaraq vətəndaşlardan hər hansı digər hallarla rastlaşdıqları təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur”.

***

Maraqlıdır, hazırda ölkədə əhali üçün mənzillərin alınması əlçatandırmı? Sözügedən evlər həqiqətən də əhali üçün sərfəlidirmi?

Bununla bağlı Pressklub.az-ın suallarını əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb. O bildirib ki, ölkədə əhalinin böyük hissəsi 500-600 manat civarında əməkhaqqı alır:

“Alınan əməkhaqqı isə sadəcə kirayə haqqını ödəməyə yetir. Hazırda paytaxtda, eləcə də digər şəhər və rayonlarda satılan mənzillərin qiyməti bahadır. Təklif olunan kredit şərtləri də ağırdır. Məsələn, daxili kreditlə satılan mənzil şərtlərində ilkin olaraq ümumi qiymətin 20-30 %-i tələb edilir. Bundan sonra isə maksimum 5 ilədək ödənişin tam verilməsi şərt kimi qoyulur.

Qeyd edim ki, yeni tikililərin bəzilərində uzunmüddətli kreditlə satılan mənzillər də mövcuddur. Burada illik faiz dərəcələri minimum 10 faizdən başlayır. Belə olduğu halda isə evin qiyməti ikiqat baha başa gəlir”.

Ekspert əlavə edib ki, hazırda vətəndaşlar üçün əlçatan təkliflərdən biri güzəştli mənzillərdir:

“Burada illik faiz dərəcəsi 4 faizlə hesablanır. Bu layihə sayəsində yüzlərlə şəxs mənzil sahibi olub. Güzəştli mənzillərin aylıq ödənişi digər təklif olunan variantlardan qat-qat aşağıdır. Buna görə də evi olmayan, kirayədə yaşayan şəxslər ilk olaraq güzəştli mənzil almaqda maraqlıdırlar.

Əksər tikinti şirkətlərində 2 otaqlı mənzillər təxminən 80-100 kv metr olmaqla təklif edilir. Buna görə də qiymət baha olur. Güzəştli mənzillərdə isə belə deyil. Buna görə də evlərin qiyməti sərfəli və ucuz olur”.

E.Fərzəliyev güzəştli mənzillərin satış mexanizmi ilə bağlı fikirlərini də bölüşüb:

“Satışla bağlı bəzi narazılıqlar var. Bunun səbəbi isə internetin hazırda hamı üçün əlçatan olmaması və prosesin tam dərk edilməməsidir. Düşünürəm ki, satışla bağlı yeniliklərin olmasına ehtiyac var. Xüsusən də ev almaq istəyənlərin ev sahibi olmaması araşdırılmalıdır. Bununla da evi olmayan şəxslərin problemi daha qısa müddət ərzində həll edilə bilər.

Həmçinin hazırda güzəştli mənzillərin olduğu ərazilər mərkəzdən kənardadır. Bunun səbəbi isə yəqin ki, qiymətlərin aşağı olaması ilə bağlıdır. Ancaq düşünürəm ki, sözügedən mənzillərin mərkəzdə də satılması yaxşı olardı.

Ümumilikdə isə MİDA-nın layihəsi uğurludur və bəzi qüsurlar zamanla aradan qalxacaq”.

***

Güzəştli mənzillərinin seçim prosesi ilə bağlı Pressklub.az-ın suallarını isə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz cavablandırıb. O bildirib ki, elektron qaydada mənzil seçiminin üstünlükləri çoxdur:

“Şəffaflıq, düzgünlük, korrupsiya risklərinin qarşısını almaq nəzərindən, eləcə də çevik effektiv mühit yaratmaq baxımından onlayn satış məqsədəuyğun variantlardan biridir. Amma bütün mənzillərin eyni qaydada satışa çıxarılmasını biz elə ilk vaxtlardan da doğru hesab etməmişdik. Çünki alternativlərin olması lazım idi. Buna səbəb isə bütün əhalinin sözügedən texnologiyadan istifadə edə bilməməsidir.

Biz əlavə metodlarla bağlı təkliflərimizi MİDA-ya bildirmişik. Ancaq hələ bununla bağlı dəyişiklik yoxdur”.

O.Gündüz qeyd edib ki, elektron qayda da mənzil seçimi metodunda uğurlu olmaq üçün internetin yüksək sürətli olmasına ehtiyac yoxdur:

“Seçim zamanı çevik, sürətli işləmək vacibdir. Hətta elə hallar var ki, mənzil seçimində uğur qazanmaq üçün iki nəfər kompüter qarşısında oturur.

Elektron seçimlə bağlı da MİDA-ya təkliflər vermişdik. Onlardan biri elə sınaq (demo) versiyası idi. Artıq seçimlərin asanlaşması üçün sınaq versiyasından istifadə edilir. Sözügedən versiya real situasiyanın virtual oyun forması sayıla bilər. Çünki real prosesə tam uyğundur. Yəni, sınaq versiyasında neçə saniyədə mənzil seçimi baş tuta bilirsə, real seçimdə də bu ola bilir. Güzəştli ev almaq istəyən şəxslərə məsləhətim sınaq versiyada olduqca çox işləmələridir. Burada çox məşq edənlər asanlıqla uğur qazana bilirlər”.

Ekspert seçimlə bağlı insanların başqa şəxslərə müraciət etməsi məsələsinə də münasibət bildirib:

“Təəssüf doğuran məsələlərdən elə biri məhz budur. Bununla bağlı iradları, şikayətləri müəyyən qədər başa düşmək olar. Mənzil sahibi olmaq istəyən hər şəxs internetdən çevik istifadə etməyi bacarmır, bunun üçün də yardım üçün başqasına müraciət edir. Bunları nəzərə alaraq düşünürəm ki, gələcəkdə elektron metodla yanaşı, digər üsullardan da istifadə mümkün ola biləcək.

MİDA, seçim zamanı kənar cəhdlərin qarşısını almaq üçün “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) texnologiyasından istifadə etməyə başladı. “CAPTCHA” üsulu həmçinin mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verir. Eyni zamanda, bu, sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcək”.

O.Gündüz güzəştli mənzillərin seçim prosesində bir neçə dəfə müşahidəçi kimi iştirak etdiyi də xatırladıb:

“Pandemiya ilə bağlı olaraq son bir neçə satışda iştirak edə bilməmişəm. Mənzil seçimi zamanı təkliflərimdən biri də mətbuat işçilərinin də orada olması, eyni zamanda canlı şəkildə seçim prosesini əhalinin də izləməsi məsələsidir. Hələlik qurum buna meyil etmir, ancaq düşünürəm ki, bu məsələ də baş tutmalıdır.

Əlavə edim ki, orada beynəlxalq audit şirkəti “Ernst & Young” yoxlamalar aparır. Bununla bağlı isə onlar bir neçə dəfə müsbət rəylərini bildiriblər”.

Pressklub.az mövzu ilə bağlı araşdırmasında güzəştli mənzil əldə etmək istəyənlərə qismən də olsa yardımçı olmağa çalışıb.

Qeyd edək ki, mənzil problemi ilə bağlı araşdırma yazılarımıza davam edəcəyik.
pressklubшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.