“OMON” hadisələrinin 21 ili - həbsdə çürüyən ömürlüklər...
15-03-2016, 10:17
Novella Cəfəroğlu: “Onlar əfv oluna bilərlər”
1995-ci ilin martında baş verən “OMON” hadisələrindən 21 il ötür. Həmin il martın 13-də Qazaxdan başlayan proses martın 16-dan 17-nə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsindəki “OMON” qərargahında yekunlaşdı.
Qərargahda baş verən atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, Xüsusi Təyinatlı Polis Dəstəsinin 8 əməkdaşı öldürülmüş, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.
Üstündən 21 il keçməsinə baxmayaraq, hələ də Azərbaycan həbsxanalarında “OMON”-çu məhbuslar var. Həmin dövrün hadisələri zamanı həbs edilənlərdən yalnız üç məhbusdan başqa, qalanları azadlığa buraxılıb. Ömürlərinin ən gözəl illərini həbsxanalara qurban verənlər “OMON”un Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov, eləcə də Arif Kazımov, Səfa Poladovdur. İndiyə qədər “OMON”-çu məhbusların, eləcə də onların yaxınlarının dəfələrlə ölkə başçısına bağışlanmaları üçün müraciət etmələrinə baxmayaraq, hələ ki azadlığa çıxmaq onlara nəsib olmayıb. Digər “OMON”-çu məhbusların siyasi məhbus adı ilə azadlığa buraxılmalarına baxmayaraq, bu şəxslərin adları belə siyasi məhbus siyahısına salınmır.
Ölkəmizin hüquq müdafiə təşkilatları da hər üç ömürlük “OMON”-çu məhbusu unudublar...
Bir faktı qeyd edək ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda ömürlük məhkumların cəzaları illə əvəzlənməyib. Gürcüstan və Ermənistan ömürlük məhbusların cəzalarını 15 illə əvəzləyib və nəticədə əksər belə məhbuslar azad olunublar. Azərbaycanda da bu cür qərar verilsə, üç “OMON”-çu məhbus başda olmaqla, əksər ömürlük məhbuslarımız azad olunar. Çünki həbs müddətləri 15 ili, hətta 20 ili ötən ömürlüklər kifayət qədərdir...
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu “OMON”-çu məhbusların cəzalarının illə əvəzlənməsi üçün çalışdıqlarını bildirdi: “Bu şəxslərin cəzalarını 15 ilə keçirmək üçün əlimizdən gələni edirik. Onlar 15 ildən çox cəza çəkiblər. Çalışırıq ki, yenidən onların məhkəmələri olsun.
Daim onların məsələsini gündəmdə saxlayırıq. Sadəcə olaraq, ”OMON"-çu məhbuslarla siyasiləri qarışdırmırıq. Dövlətçilik üçün azacıq da olsa çalışan, müharibədə iştirak edən istənilən şəxsi unutmuruq. Əfv prezidentdən asılıdır. Onlar əfv də oluna bilərlər".
İşçi Qrupunun digər üzvü Mirvari Qəhrəmanlı hakimiyyətin indiyə qədər bu şəxslərə qarşı qəzəbinin qaldığına inanmadığını qeyd etdi: “Həmin hadisələrdən uzun zaman keçib. Nəticədə həmin şəxslər ictimaiyyət tərəfindən unudulub. Çox böyük hadisə oldu, Rövşən Cavadov öldürüldü, ölkədə qarışıqlıq yarandı. Amma bununla belə, hakimiyyətin bu şəxslərə qarşı qəzəbinin qaldığını düşünmürəm. Çünki bu insanların sosial bazaları qalmayıb, hökumət üçün təhlükəli deyillər. Onların yaşıdlarının da öz həyatları var. Onların unudulması, sadəcə, acı reallıqdır. Siyasi məhbus siyahısında belə deyillər. Əlahiddə ”OMON"-çular gedirlər. Hətta onların vəkilləri üçün də vəsaitlər ayrılmır. Ailələri də köməksiz qalıblar. “Yeni Müsavat” qəzetindən başqa bu şəxsləri gündəmə gətirən heç bir orqan yoxdur. Burada günahkar vətəndaş cəmiyyəti və onların yaxınlarıdır. Özümüzü də qınayıram. “Yeni Müsavat”a təşəkkür edirəm".
Hüquq müdafiəçisi “OMON”-çu məhbusların İşçi Qrupuna müraciət etmələrinin vacibliyini də vurğuladı: “Çünki xatırlatmalar olmalıdır. Məhkəmələrinin konkret zamanını, həbsdə olduqları müddətdə işləri ilə bağlı bizə lazım olan məlumatları onların yaxınlarından başqa kimsə bilməz. İşçi Qrupunun növbəti iclasında bu məsələni gündəmə çıxarmaq mümkündür. Həvəsdən düşmək olmaz. ”OMON"-çu məhbusların özləri daim müraciət etməlidirlər. Xüsusilə Əfv Komissiyasına. Çünki ərizələr həmişə dəyişir, əlavələr olunur. Bütün aidiyyəti orqanlara müraciətlər etmək lazımdır. İnanıram ki, gələcəkdə onlar azad olunacaqlar. Çünki onların yaşları keçib, mühit də dəyişib".