Kapitulyasiya sənədi Bakının yeni sülhə məcburetmə əməliyyatı üçün əsasdır - 2 rəy
6-11-2021, 08:39

Ermənistan sülh çağırışına cavab vermir; ekspertlər çıxış yolları barədə danışdılar...
Ermənistan Azərbaycanın böyük sülh müqaviləsi üzərində işə başlamaq təklifinə cavab verməyib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev VIII Bakı Qlobal Forumunun açılışında çıxış edərkən bildirib.
“Biz postmünaqişə dövrünə qədəm qoymuşuq və Ermənistana böyük sülh müqaviləsi üzərində işə başlamağı təklif etmişik”, - deyə İlham Əliyev bildirib. Prezident təəssüflə qeyd edib ki, Ermənistan indiyədək bu təklifə cavab verməyib: “Biz hər iki dövlətin ərazi bütövlüyünü təmin etmək üçün sərhədlərin delimitasiyasını və demarkasiyasını təklif etmişik. Bu, beynəlxalq prinsiplərə uyğundur. Amma Ermənistan tərəfdən bu təkliflərə də cavab yoxdur.
Dövlət başçısı bildirib ki, ərazilərinin 30 il işğalda qalmasına baxmayaraq, Azərbaycan maksimum konstruktivlik nümayiş etdirir və genişmiqyaslı əməkdaşlıq istəyir. “Azərbaycan səhifəni çevirmək istəyir. Amma Ermənistan tərəfdən cavab yoxdur və o, bir ildir susmağa davam edir. Amma onlar Azərbaycanın konstruktivliyinə qarşı müqavimət göstərə bilməyəcəklər” - ölkə başçısı vurğulayıb.
Bəs Ermənistan israrla prosesi uzatmağa çalışsa, Azərbaycan hansı yola əl atacaq? İlham Əliyev sülhə cavab verməyən Ermənistanı “dəmir yumruqla” yola gətirəcəkmi? Beynəlxalq güclər Ermənistanın sülh müqaviləsinə imza atması üçün rəsmi İrəvana təsir göstərəcəkmi, yoxsa hazırki vəziyyət onlara da sərf edir?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, bizim üç hədəfimiz var: “Hədəflərimiz Ermənistanla bağlı dəhlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişinin imzalanmasıdır. Bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Ermənistandan, Rusiyadan sözlər və açıqlamalar var, amma irəliləyiş yoxdur. Sülh sazişi Azərbaycan üçün çox önəmlidir. Çünki sülh sazişi imzalanması o deməkdir ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanıyacaq. Ermənistan da artıq Qarabağı Azərbaycan ərazisi kimi tanınmış olacaq. Ona görə bu məsələni gecikdirirlər”.
Politoloqun sözlərinə görə, çox təəssüf ki, böyük dövlətlər də bu prosesdə müsbət rol oynamırlar: “Rusiyadan açıqlamalar var, amma Rusiya Ermənistanı tələsdirmir, Ermənistana təsir etmir. Minsk Qrupu da fəallaşmaq istəyir. Əgər fəallaşmaq istəyirsizsə, onda zəhmət çəkin bu məsələlərin həllinin sürətləndirilməsi üçün çalışın. Statusu müzakirə etmək üçün gələcəksinizsə, bu, Azərbaycanı maraqlandırmır. Əsas mövzular bəllidir. Dəhliz, sərhədlər və sülh sazişi. Bu istiqamətlərdə işləmək və irəliləyiş əldə etmək lazımdır. Amma çox təəssüf ki, müharibədən keçən bir ildə bu üç istiqamətdə heç bir irəliləyiş əldə olunmadı. Böyük dövlətlər də bu irəliləyişin əldə olunması üçün Ermənistana keçmişdəki kimi heç bir təsir etməyiblər”.
Siyasi şərhçi Əziz Əlibəyli də vurğuladı ki, əslində Ermənistan böyük sülh sazişinin imzalanmasının tərəfdarıdır, sadəcə olaraq hazır deyil: “Hazır olmamasının da əsas səbəbi həm daxili faktorlarla, həm də xarici faktorlarla bağlıdır. Daxildə şübhəsiz əleyhdarlar, revanşistlər, müxalifət var. O cümlədən diaspora var. Üstəgəl qonşu ölkələrin təsirləri var. Bu baxımdan da daha böyük təzyiqlə üzbəüz qalır. Azərbaycan tərəfinin də şübhəsiz ki, müharibənin nəticələrinə görə kifayət qədər gücü var, həm də bir növ Azərbaycanda Ermənistanı məcbur edir ki, bu üçlü sazişi imzalasın. Ümumilikdə sazişin imzalanmasının gecikməsi heç kimə sərf eləmir. Bu Azərbaycana da, Ermənistana, hətta mən deyərdim ki, Rusiyaya da sərf eləmir. O cümlədən Türkiyəyə də. Çünki indiki vəziyyət imkan verir ki, münaqişə ilə bağlı nəticələr yekunlaşmazsa, bu müqavilə ilə təsdiq olunmazsa, yeni münaqişə potensialı yaranır . Bu digər böyük güclərin bölgəyə müdaxiləsini şərtləndirə bilər. O baxımdan da hamıya sərf edir ki, bu baş versin. Amma görünən odur ki, Paşinyan hazır deyil, bu onun hakimiyyətinin itkisiylə nəticələnə bilər. O baxımdan da daha optimal bir zamanın yetişməsinə çalışır”.
Ə.Əlibəyli hesab edir ki, Ermənistan tərəfi də prinsipcə razıdır: “Müxtəlif dönəmlərdə, hətta bu yaxınlara qədər bu istiqamətdə açıqlamalar verilib. Yəni prinsipcə razı olduqlarını bildirirlər. Mane olan faktorları mən qeyd elədim. Təbii ki, müxalifətin də neqativ təsiri var. O cümlədən qonşu ölkələrin, İranın və Rusiyadakı hansısa dairələrin təsiri var. Bu məsələnin həllini istəməyən Qərbdəki ölkələrin də təsiri var. İndi sülh sazişi imzalanmazsa, nə baş verə bilər? Bunu Azərbaycan prezidenti dedi. Biz onu məcbur edə bilərik. Ərazilərini azadetmə əməliyyatları aparan Azərbaycan bunu sülhə məcburetmə əməliyyatı adı altında da reallaşdıra bilər. BMT-nin 51-ci maddəsinə əsaslanmaqla yanaşı, Azərbaycan 10 noyabr razılaşmasının ümumi müddəalarının icmalını verə bilər ki, bu müddəanın Ermənistan üzərinə qoyduğu öhdəlikləri bu dövlət yerinə yetirmədiyinə görə Azərbaycan əməliyyatlar həyata keçirə bilər. Yəni bu cür imkanlar və faktorlar var. Ona görə də Ermənistan nə qədər ki, vaxtı var buna getməlidir. Əgər bağlı qapılar arxasında danışıqlar intensiv şəkildə getməzsə və yaxud bu prosesə ümumiyyətlə, Ermənistan tərəfi isti münasibət bəsləməzsə, ümumilikdə bu status-kvonu uzun müddət idarə etmək mümkün deyil. Regionda yeni münasibətlər yaranıb, yeni bir mənzərə formalaşıb. Təsəvvür edin ki, hazırkı dönəmdə regionda baş verə biləcək hər hansı münaqişə ciddi şəkildə Türkiyənin iştirakçılığını şərtləndirə bilər, o cümlədən Rusiyanın, Avropanın, ABŞ-ın daxil olması mümkündür, hətta İsrailə qədər, Pakistana qədər bu dairə böyüyə bilər. Ona görə biz bu faktorları da hesaba qatsaq, Ermənistan sülhdən qaçma proseslərini uzada bilməz. Əks halda Azərbaycan tərəfinin sülhə məcburetmə əməliyyatları ilə üz-üzə qala bilər”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”