ABŞ-ın Azərbaycandakı səfirinin İrəvan səfəri - pərdəarxasında nə var?
6-11-2021, 09:24

Analitiklərə görə, Vaşinqton Cənubi Qafqazda möhkəmlənmək və Rusiyanı sıxışdırmaq istəyir...
ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson 2-4 noyabrda İrəvanda səfərdə olub. İrəvanda onun və Birləşmiş Ştatların Azərbaycan (Li Litzenberqer), Gürcüstan (Kelli Deqnan) və Ermənistandakı (Lin Treysi) səfirlərinin, habelə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şofer və USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovskinin iştirakı ilə Ermənistan səfirliyində konfrans keçirilib.
Yəni ABŞ Qafqaz siyasəti ilə bağlı bütün mühüm fiqurları İrəvana yığıb. Belə tədbirlərdə əsas hədəf nədir? ABŞ səfirlərinin İrəvan sammiti Bakıya, milli maraqlarımıza nə vəd edir?
Doğrudur, analoji tədbir 2019-cu ildə Tiflisdə, 2018-ci ildə isə Bakıda da keçirilib. Ötən il pandemiya səbəbindən təxirə salınıb. Ancaq bu il geosiyasi situasiya başqadır: Azərbaycan öz torpaqlarının işğalına son qoyub, ABŞ-da isə kifayət qədər ermənipərəst mövqe tutan Co Bayden administrasiyası iqtidara gəlib. Diqqətçəkici həm də Minsk Qrupunun amerikalı həmsədrinin də tədbirə qatılmasıdır. Əlavə edək ki, ABŞ dövlət katibinin müavini İrəvandan Tiflisə, oradan isə Bakıya gələcək. İrəvan görüşündən və səfərdən gözləntilər nədir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Vaşinqton Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq istəyir: “Erika Olsonun bölgəyə səfəri Ermənistandan başlayıb. Amerikalı diplomat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bölgədə təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparıb, Qarabağdakı humanitar vəziyyəti müzakirə edib. Amerikalı diplomat Ermənistana səfəri çərçivəsində ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçirib. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, amerikalı həmsədr Endrü Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılıblar. Bundan sonra Erika Olson Azərbaycana və Gürcüstana səfər edəcək. Sual olunur: əgər amerikalı diplomat Gürcüstana və Azərbaycana da səfər edəcəksə, bu ölkələrdəki səfirləri niyə İrəvana çağırıb? Axı onlarla Tbilisidə və Bakıda ayrılıqda görüşərək fikir mübadiləsi aparmaq imkanı olacaq. Bu nə mövzu və ya mövzulardır ki, onları məhz İrəvanda birgə müzakirəyə ehtiyac var? Adətən amerikalı diplomatlar mərkəzi kimi Tbilisidən istifadə edərdilər. İndi isə İrəvanı seçiblər.
Görüşdə amerikalı həmsədr Endrü Şoferin iştirakı da maraqlıdır. Görünür, Dövlət Departamenti bununla demək istəyir ki, Vaşinqton Minsk Qrupunun yenidən fəaliyyətə başlamasında maraqlıdır. Ermənistan da bunu istəyir. Minsk Qrupu danışıqlara yenilik gətirməyəcəksə, rəsmi Bakı bu fəaliyyətdə maraqlı olmayacaq. İşğaldan əvvəl Ermənistan danışıqları uzadır və Minsk Qrupunun fəaliyyəti nəticə vermirdi. İndi isə əksinə, həmsədrlərin fəaliyyətində maraqlı olan Ermənistan danışıqları canlandırmağa çalışır. Bu dəfə isə Azərbaycana bu gərəkli deyil. Amerikalı diplomatların İrəvanda toplaşmasının Dövlət Departamenti üçün simvolik əhəmiyyəti var. Bununla Vaşinqton Moskvaya mesaj göndərir ki, Ermənistan Rusiyadan asılı dövlət olsa da, ABŞ bu asılılığı zəiflətmək üçün əlindəki imkanlarından yararlanmaqda davam edəcək. Təsadüfi deyil ki, vaxtilə ABŞ keçmiş SSRİ məkanında həm miqyasına, həm də işçi heyətinə görə ən böyük səfirliyini Ermənistanda təsis edib".
E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, ABŞ-ın Cənubi Qafqazdakı və Ermənistandakı mövqeləri İkinci Qarabağ müharibəsindən sonra daha da zəifləyib: “Bölgəyə təsir edəcək iki ölkə - Rusiya və Türkiyə var. Vaşinqtonun üçüncü oyunçu olmaq cəhdləri nəticə verməyəcək. Çünki Vaşinqtonla münasibətlərində gərginlikləri olan Moskva və Ankara Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə imkan verməyəcəklər”.
Politoloq Əhəd Məmmədli isə bildirdi ki, ABŞ səfirlərinin istər İrəvanda görüşlərindən, istərsə də ABŞ dövlət katibinin müavini Erika Olsonun region dövlətlərinə səfərindən ciddi müsbət nəticə gözlənilmir: “Artıq burada nələrinsə razılaşdırılması məsələsi qalmayıb. Amma görünür ki, Amerika istəyir Qarabağ məsələsi istiqamətində yenidən uzun-uzadı danışıqlar getsin. ABŞ Ermənistanın mövqeyini dolayısı yollarla qorumaqla məşğuldur və bu regiondakı proseslərdə oyundan kənarda qalmaq istəmir. Vaşinqton görür ki, Cənubi Qafqazdakı proseslərdən kənarda qalır. Ona görə də burada mövqelərini gücləndirmək üçün Ermənistan kartından yapışır. Amerikanın Cənubi Qafqazda maraqları var. Qarabağ məsələsini çıxmaq şərtilə digər müstəvilərdə Azərbaycan ABŞ-la tərəfdaşlıq edə bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”