Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə: Maneələr qaldırılır
6-11-2021, 10:42

“Hesab edirəm ki, qarşı tərəfin dəhlizdən imtina edib kommunikasiyalara müsbət reaksiyasının səbəbi, Ermənistanın Zəngəzur dəhlizinə nəzarət imkanlarının olmayacağı ilə bağlıdır. Kommunikasiya xətləri ilə bağlı isə bu keçərli deyil. Buna görə də, Paşinyan xalq və “Qarabağ klanı”nın reaksiyasından ehtiyat edərək dəhliz məsələsinə həssas yanaşdığını göstərməyə çalışır. Amma istənilən halda Azərbaycan qalib tərəfdir, kimin nə deməsindən asılı olmayaraq, şərtləri o diktə edəcək. Əgər bu şərti Rusiya kimi supergüc qəbul edibsə, onun forpostunun etirazlarından danışmaq absurddur”.
Politoloq Züriyə Qarayevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, eləcə də digər məsələlərlə bağlı maraqlı müzakirələr gedir. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) son açıqlamasında rəsmi Moskvanın bu məsələlərin həllində maraqlı olduğu deyildi. Bu məsələləri həll etməli olan tərəflərdən biri – Ermənistan isə çözümə yaxın gəlmir. Belə olan halda bu yöndə nə kimi gəlişmələrin şahidi ola bilərik?
- Ermənistan xarici siyasətini müstəqil parametrlər üzərində formalaşdırmayan dövlətdir. Düşünürəm ki, İrəvanın mövqeyinin nə olmasından aslı olmayaraq, qərarları onun yerinə Rusiya verəcək. Ermənistanın açıq şəkildə proseslərlə barışdığını büruzə verə bilmir, bu baxımdan onu üzləşdiyi duruma görə hardasa anlamaq olar. Çünki əvvəla, cəmiyyət buna tam hazırlaşdırılmalıdır. Noyabrın 8-də liderlər səviyyəsində görüşün keçiriləcəyi ilə bağlı mətbuatda iddianın yayılması da təsadüfi deyildi. Fikrimcə, bu məlumat Ermənistan hakimiyyəti tərəfindən məqsədli şəkildə ortaya atılmışdı ki, cəmiyyət yaxında baş verəcək hadisələrdən təəccüblənməsin.
Son 30 ildə, xüsusən “Qarabağ klanı”nın hakimiyyətdə olduğu dövrdə erməni cəmiyyətinin beyninə zərərli “Miatsum” ideologiyası yeridilib. Erməni cəmiyyəti inandırılıb ki, “Qarabağsız Ermənistan məhv olacaq”. Buna görə, bu qısa vaxt ərzində erməniləri yeniliklərə alışdırmaq o qədər də asan deyil. Amma bu o demək deyil ki, sərhədlərin müəyyənləşməsi yönündəki əngəllər aradan qaldırılmayacaq. Artıq bu yondə işlər aparılır. Hətta xarici işlər nazirləri səviyyəsində də görüş keçirilib və yenə keçirilməsi planlaşdırılır. Düşünürəm ki, görüşlərin əsas prioriteti elə demarkasiya ilə bağlı olacaq.
Paşinyana gəldikdə, onun da bu məsələdə durumu xalqından fərqlənmir. Hakimiyyətə gəldiyi gündən bəri məcburən iki “stul”da oturmağa çalışan, həm Qərbin, həm iqtisadi iflasından dolayı Rusiyanın könlünü almağa cəhd edən baş nazir indiki durumda da tarazlığı qorumağa çalışır. Amma KTMT-dəki hərbi, həmçinin borc və iqtisadi məsələlərlə bağlı öhdəlikləri İrəvanı Kremlin diktəsindən kənarlaşmağa imkan vermir.
- Bəs “Altılıq” platforması ilə bağlı nə kimi addımlar atıla bilər?
- Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son açıqlamasında dediyi kimi, Moskva Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş “3+3” regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyir. Azərbaycan və Türkiyə isə bunu israrla təkid edir. Ermənistanın istər platformaya, istərsə də, kommunikasiyalar və ya dəhlizin açılmasına etiraz imkanı çox aşağıdır. “Zəngəzur dəhlizi” ifadəsini dillərinə gətirməyib, sadəcə kommunikasiyaların açılmasından danışsalar da, nə qədər ki, Laçın dəhlizi məsələsi qüvvədədir, İrəvanın buna qarşı çıxmaq imkanı da olmayacaq.
Hesab edirəm ki, qarşı tərəfin dəhlizdən imtina edib kommunikasiyalara müsbət reaksiyasının səbəbi, Ermənistanın Zəngəzur dəhlizinə nəzarət imkanlarının olmayacağı ilə bağlıdır. Kommunikasiya xətləri ilə bağlı isə bu keçərli deyil. Buna görə də, Paşinyan xalq və “Qarabağ klanı”nın reaksiyasından ehtiyat edərək dəhliz məsələsinə həssas yanaşdığını göstərməyə çalışır. Amma istənilən halda Azərbaycan qalib tərəfdir, kimin nə deməsindən asılı olmayaraq, şərtləri o diktə edəcək. Əgər bu şərti Rusiya kimi supergüc qəbul edibsə, onun forpostunun etirazlarından danışmaq absurddur.
- Ermənistan XİN başçısının müavini Vahe Gevoqyan bildirib ki, yaxın günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilə bilər. Ötən görüş bu yaxınlarda Nyu-Yorkda keçirilmişdi. Bəs sıxlaşan təmaslar nədən xəbər verir?
- Qənaətimə görə, bu intensivləşmə məsələlərin həlli istiqamətində səylərin artırılmasından xəbər verir. Qeyd etdiyim kimi, bu prosesdə moderator Rusiyadır. Kreml isə indi regionda sabitliyin olmasında maraqlıdır. Rusiya bölgədəki 200 illik mənfi imicini bərpa və uğursuz ”sülhməramlı missiya” problemini həll etməyə çalışır. Üstəlik, Qərbin regiona təzyiqləri ciddi səviyyədə artıb. Rusiya isə bunun yenidən münaqişəni qızışdırmağa zəmin hazırlamasını istəmir. Amma yekun sülh müqaviləsinin imzalanmasıyla münaqişənin kökündən həllinə razı olmasa da, kommunikasiyalar və dəhlizlərin açılması ilə əməkdaşlığın qurulmasında maraqlıdır. Moskva Qərbin sanksiyalarının davam etdiyi vaxt bununla həm də iqtisadi gəlirlər əldə etməyə çalışır.
Dediyim kimi, prosesdəki yubanmalar Ermənistan cəmiyyətinin yeni dövrə alışdırılması və Paşinyanın hakimiyyətini qoruyub-saxlama səylərinin nəticəsidir. Sərhədlə bağlı məsələdə isə ümumiyyətlə qarşı tərəfdən problem yaradılacağını düşünmürəm. Ermənistanın mürəkkəbləşdirdiyi məsələ rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərlə bağlıdır. Sərhəd xətləri Qarabağətrafı rayonları əhatə etdiyi üçün, zənnimcə, bu mövzuda heç bir ziddiyyət qalmayacaq. Əsas məsələ demarkasiyanın sovet xəritələri əsasında aparılacağı ehtimalı ilə bağlıdır. Zənnimcə, bu xəritələr tam dəqiqliyi ilə çəkilməyib. Bildiyimiz kimi, sovet dövründə ittifaq respublikalarının sərhədləri təqribi müəyyən edilib. Ona görə də 30 ildir ki, Gürcüstanla da bu proses davam edir.
- Tiflisdə də maraqlı gəlişmələr baş verir. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) dövlət çevrilişinə çağırışlarla bağlı bəyanat yayıb. Sizcə, Gürcüstan üçün belə bir təhdid varmı: xüsusən də eks-prezident Mixail Saakaşvilinin həbsi fonunda?
- Düşünürəm ki, indiki vəziyyətdə Gürcüstanda Rusiyanın hakimiyyətə təsir imkanları Qərbdən daha böyükdür. Baxmayaraq ki, Gürcüstanın 20 faizini təşkil edən ərazilər Rusiya qüvvələri tərəfindən işğal olunub, cəmiyyət səviyyəsində bu dövlətə qarşı aqressiya var, amma indiki hakimiyyətin - İvanaşvilinin rəhbərlik etdiyi komandanın Kremlin dəstəyi ilə iqtidara gəldiyi və onunla gizli əlaqələrin olduğu danılmazdır. Bu kontekstdə Saakaşvilinin həbsi sırf siyasi xarakter daşıyır. Bundan sonra da hakimiyyət var gücü ilə çalışacaq ki, onu həbsdə saxlasın. Amma gedən proseslər təkcə Gürcüstan hakimiyyətindən asılı deyil.
Gürcüstanın Avropa Birliyi qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklər Tiflisi çıxılmaz vəziyyətə sala bilər. Avropanın 72 siyasi xadimi Saakaşvili üçün bəyanat imzalayıb. Onların arasında Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var. Siyasətçilər bəyanatda Gürcüstandakı gərginliyin bitməsi üçün Saakaşvilinin azadlığını tələb edirlər.
Ötən günlərdə Gürcüstanda səfərdə olmuş ABŞ müdafiə naziri Lloyd Ostinin “3+3" formatına istinad edərək, ”Rusiya hansısa platforma haqda danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin" deməsi, Saakaşvilinin Gürcüstana əbəs yerə göndərilmədiyini təsdiqləyir. Bəlli olur ki, Qərb Tiflisin üstüörtülü rusmeyilli siyasətindən narahatdır. Buna görə də, Saakaşvilinin planlı gəlişindən sonra həbsinin gürcü hakimiyyətini dalana dirməyə xidmət etdiyi aydındır. Amma Gürcü Arzusu seçkilərdə yenidən qalib gəlməklə Rusiyanın hələ də Gürcüstanda dayaqlarının olduğunu göstərdi. Bütün hallarda isə Saakaşvili onu həbsdən çıxaracaq gücə arxayın olmasaydı, öz ayaqları ilə həbsxanaya girməzdi.
- Ukraynanın işğal edilmiş Donbas bölgəsində də gərginlik artır. Ukrayna ordusu ilk dəfə separatçıların mövqelərini hücum dronları ilə vurdu. Rusiya bundan sonra bölgədə gərginliyin daha da artacağını istisna etmədiyini açıqlayıb. Sizcə, Donbasda növbəti savaş ehtimalı nə qədərdir?
- Son zamanlarda Ukrayna ərazi bütövlüyünü bərpa etmək cəhdlərində daha cəsarətli görünür. Bunun Rusiyanın regionda dayaqlarının zəifləməsi fonunda Türkiyə, ABŞ və NATO-nun Kiyevə dəstəyinin artması ilə bağlı olduğunu düşünürəm. Bu dəstək həmişə nəzəri olaraq verilib, amma Qərb son zamanlarda bunu əməldə də ifadə etməyə başlayıb. Xatırlıyırsızsa, bir müddət öncə NATO-nun Qara dənizdə hərbi təlimləri keçirildi və məşqlər bitdikdən sonra silah-sursat Ukraynana təhvil verildi. Başqa bir məqam ABŞ-dakı hakimiyyət dəyişikliyi ilə bağlıdır. Belə ki, Tramp hakimiyyətdə olanda Krım məsələsini Avropanın problemi hesab edirdi və Rusiya-Ukrayna qarşıdurmasında ölkəsinin bitərəf qalacağını deyirdi. Bayden isə xarici siyasətlə bağlı bir çox istiqamətdə radikal mövqe tutur, bu məsələ Ukraynanın yanında olduğunu bildirir və qarşıdurma vəziyyətində hərbi müdaxilə edə biləcəklərini dilə gətirir. Onun bu bəyanatlardan sonra Ukraynada Rusiyaya qarşı sərt ritorika müşahidə olunur. Ölkədə rus dili sıxışdırılır, Putinin şəxsi dostlarına qarşı sanksiyalar tətbiq edilir, rusiyameyilli mətbuat orqanlarının fəaliyyəti qadağan olunur, müxtəlif şəxslər səviyyəsində Moskva ilə diplomatik əlaqələrin kəsiləcəyinə dair bəyanatlar səsələndirilir.
Ukraynadakı bu dəyişiklik Kremli qıcıqlandırır. Düşünürəm ki, Ukraynada nazirlərin istefası da Rusiyanın gizli təzyiqlərinin nəticəsi idi. Amma açıq qarşıdurmanın olacağını ehtimal etmirəm. Çünki münaqişə eskalasiya həddinə gələrsə, ABŞ-dan öncə Türkiyə birmənalı şəkildə Ukraynanın yanında dayanacaq. Hətta Zelenskinin Ankaraya səfərində iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı 21 maddəlik müqavilə də imzalanıb ki, 8 bənd məhz silah-sursat yardımını ehtiva edir.
Krım məsələsi Türkiyənin “qırmızı xətt”idir. Rusiya bunu anladığı üçün bu xətti keçməməyə çalışır. Hətta müxtəlif vasitələrlə bu məsələdə Türkiyənin dəstəyini qazanmağa çalışır. Bir müddət öncə Putinin müşaviri Aleksandr Duqin “Türkiyə Krımı Rusiya ərazisi kimi tanısa, Kreml Şimali Kiprlə bağlı adekvat addım ata və 13 dövlətin onun müstəqilliyini tanımasını təmin edə bilər” demişdi. Buna baxmayaraq, Ərdoğan hakimiyyəti daim əzilən tərəfin yanında olması imicini Ukrayna məsələsində pozmamağa qərarlıdır.
ABŞ-ın reaksiyasına gəldikdə, Vaşinqton bu gün də qüvvədə olan sanksiyaların dərinləşdirilməsi, Rusiyanın beynəlxalq maliyyə şəbəkəsidən çıxarılması, kiberhücumlar kontektində “soyuq müharibə”yə başlayacağını düşünürəm. Açıq hərbi müdaxiləni isə tərəflərdən heç biri gözə almayacaq. Belə desək, bu xəmir hələ çox su aparacaq.