Rusiyanı SSRİ xülyasına qapdıran ABSURDİZMİN NİRVANASI: “Cənab Putin, GAME İS OVER!” – TƏHLİL

6-11-2021, 20:28           
Rusiyanı SSRİ xülyasına qapdıran ABSURDİZMİN NİRVANASI:
Rusiya prezidenti Vladimir Putin və onun Belarusdakı canişini Aleksandr Lukaşenko dünən videokonfrans yoluyla keçirdikləri görüşdə qərara alıblar ki, qarşıdan gələn illərdə İttifaq dövləti modelində birləşsinlər. Hətta onlar bir yol xəritəsi də (road map) müəyyənləşdiriblər.

Dövlət Dumasının komitə rəhbərlərindən biri Leonid Kalaşnikov da deyir ki, SSR-nin yenidən bərpası üçün şans var. Kalaşnikov bunun “üstün keyfiyyətləri” haqqında da danışıb.

Kalaşnikov onu da deyib ki, SSR-i bərpa olunsa, dövlətlər arasında sərhəd problemləri olmayacaq. Adam açıq-aydın deyir ki, sərhəd problemlərini biz yaratmışıq ki, istəyəndə aranı qarışdıraraq ölkələri bir-birləri ilə müharibəyə sövq edirik.

Biz də bunlardan Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını umuruq. Hətta bizi aldadırlar ki, sizə sovet zamanından qalmış xəritələri verəcəyik. Bu, tipik imperializm əxlaqıdır!

Deməli, dünən yaxın dostlardan biri mənə NATO-nun 1999-2004-cü illərdə baş katibi olmuş Corc Robertsonun podkastda çıxışını göndərdi. Robertson deyir ki, Putin Rusiya prezidenti olduqdan sonra ölkəsinin NATO-ya üzv olmasını istəyib. Lakin Vladimir Vladimiroviç onu da istəyib ki, (bəli, istəyib, o vaxt Putin tələb edə bilməzdi) ölkəsi başqa “əhəmiyyətsiz” ölkələr kimi alyansa növbəsiz və standard şəkildə üzv olsun. O vaxt Putin Rusiyası sosial-rifah səviyyəsi yüksək olan, stabil və təhlükəsiz qərb cəmiyyətinin bir parçası olmaq istəyirdi. Hətta Putin onu da vurğulayıb ki, Rusiya Avropa mədəniyyətinin bir hissəsidir.

Putin Robertsona deyib ki, bizi nə vaxt NATO-ya dəvət edəcəksiniz. NATO-nun keçmiş baş katibi Robertson isə Putinə “biz NATO-ya heç kimi dəvət etmirik, müəyyən proseduraya uyğun olaraq dövlətlər üzvlük üçün müraciət edirlər” cavabını verib.

Əlbəttə, Putinin NATO-ya üzv olmaq sevdasından illər ötüb, bu illər ərzində şişirdilmiş neft qiymətlərinin sayəsində Rusiyaya milyardlar daxil olub, indi onun “Qazprom” kimi siyasi təzyiq aləti var və nəhayət, müasir rus çarı qəddar və sərt avtoritar rejim qurub. İstənilən halda, Putinin SSR-ni bərpa etmək arzusu xülyadır, avantüradır və absurdizmin nirvanasıdır.

Yadıma 1991-ci ilin 25 dekabrı düşdü. O vaxt Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Sergeyeviç Qorbaçov televiziyada xalqa müraciət edərək, istefa etdiyini bəyan etdi. Nəticə: iki qütblü sistem tarixə qovuşdu. İndi görünən odur ki, ambisioz Putin növbəti avantüraya əl atmaq istəyir.


Mixail Sergeyeviç Qorbaçov
Adama deyərlər ki, sən heç Rusiyaya, rus xalqına gün ağlamamısan, qərb ölkələrindən texnoloji və iqtisadi cəhətdən geridə ola-ola bizə hansı modeli təklif edəcəksən…?

Yoxsa, SSR-i zorakı yolla bərpa edəcəksən?
QULAQ-ı gündəmə gətirməyi düşünürsən?
İkinci dünya müharibəsinin sonundakı kimi, Baltikyanı respublikalar və Moldovanı axırda anneksiya edəcəksən?
Eser-menşevik tipləri və narazı bolşeviklər də olacaq?
Cuqaşvili (İosif Stalin) 1934-cü ildə başlatdığı repressiya aparatını da bərpa edəcəksən? (ki, sənin Stalinə böyük simpatiya bəslədiyini, hətta onun yanında dəfn olunmaq vəsiyyətini də bilirik)
Molotovun funksiyasını bu dəfə Sergey Lavrov (Kələntəryan) oynayacaq?
Putinin arzusunda olduğu imperiyanın yumşaq gücü (soft power) putinizm, oğru nomenklatura olacaq, yoxsa qabaqcıl rus texnologiyası?
Konkret olaraq, Batkanın (Lukaşenko) funksiyası Beriyanın əməllərini davam etdirməkmi olacaq?!

Açıq etiraf edim ki, mən Rəsul Quliyev kimi Putinin ağılsız və savadsız olduğunu iddia etmirəm. Putin kifayət qədər savadlı, ağıllı və ambisiozdur. Hətta özünə sərf edəndə praqmat da olmağı bacarır. Ancaq Vladimir Vladimiroviçin limitsiz, hüdudsuz siyasi ambisiyaları onun özü və bütövlükdə dövlətinin imkanları ilə tərs mütanasibdir, üst-üstə düşmür.

Sadəcə olaraq, Putin hesab edə bilər ki, Sovet imperiyasını bərpa etmək üçün əlverişli geopolitik şərtlər və siyasi konyuktura mövcuddur.

Şübhəsiz ki, Putin ABŞ-ın və Avropa İttifaqının əsas diqqətinin Çinə yönəldiyinə inanır və düşünür ki, fürsət elə bu fürsətdir.

Ancaq qərb də o qədər ağılsız deyil ki, Putinin SSR-ni bərpa etmək imkanlarına inansın və buna göz yumsun. Putin heç darıxmasın, axırda onu Çinlə də baş-başa elə qərb qoyacaq.

Cənab Putin, Game is over!

Sən ən yaxşı halda Belarusu özünə qata bilərsən.

SSRİ dəftəri çoxdan bağlanıb, heç vaxt açılmamaq üzrə!

KAİM.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.