Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib
23-03-2016, 10:17
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət xadimləri, habelə mədəniyyət xadimləri xalq yazıçısı Maqsud İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.
APA-nın məlumatına görə, nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi bildirilir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 2016-cı il martın 22-də ömrünün 81-ci ilində vəfat edib.
Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil alıb, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxuyub.
Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışıb, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.
Maqsud İbrahimbəyov qısa müddət ərzində istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin altmışıncı illərdə ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Böyük oxucu dairəsinə malik olan yazıçının əsərləri Ümumittifaq səviyyəsində geniş yayılan “Novıy mir”, “Yunost” və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Onun pyesləri Moskvanın “Malıy teatr”ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarla teatrda tamaşaya qoyulub. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib.
Maqsud İbrahimbəyovun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Onun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycana məxsus milli xüsusiyyətlər, adət-ənənələr, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirə layiqdir. Yazıçının əsərləri əsasında “Azərbaycanfilm” və digər kinostudiyalarda istehsal olunmuş filmlər kinematoqrafiyamızın tarixinin önəmli səhifələrini təşkil edir.
Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı uğurlu ictimai fəaliyyət göstərib. O, uzun müddət Azərbaycan Pen klubunun prezidenti, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri olub və digər ictimai qurumlara başçılıq edib. Maqsud İbrahimbəyov bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə “Əməkdar İncəsənət Xadimi”, 1998-ci ildə “Xalq Yazıçısı” fəxri adlarını alıb, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında çoxillik səmərəli və zəngin fəaliyyətinə görə Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülüb.
Görkəmli yazıçı və ictimai xadim Maqsud İbrahimbəyovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Anar Rzayev
Tahir Salahov
Şəfiqə Məmmədova
Fikrət Qoca
Çingiz Abdullayev
Söhrab Tahir
Nəriman Həsənzadə
Mövlud Süleymanlı
Azərpaşa Nemətov
Aleksandr Şarovski