Gündəmdə olan yeni xəritə:

18-12-2021, 07:58           
Gündəmdə olan yeni xəritə:
“Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq".

Bunu jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Arman Yeqoyan deyib. Onun sözlərinə görə, təkcə Rusiya Federasiyasının Baş Qərargahında bir neçə xəritə var.

“Rusiya onlarla birlikdə hərəkət etməyi təklif etdi. Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş, 1974-cü il tarixli sonuncu xəritə təklif olunub. Bundan sonra təsdiq olunmayan dəyişikliklər edilib. Dəyişikliklər zamanla baş verib, ancaq hər yerdə yox. Məsələn, Tavuşda da dəyişikliklər olub, ancaq kolxozlar səviyyəsində”, - deyə Yeqoyan qeyd edib. O, delimitasiya və demarkasiyanın bir çox şeyi dəyişə biləcəyinə əmin olduğunu bildirib. Arman Yeqoyanın açıqlaması sərhədlərin delimitasiyası və demarkasiyasının hansı xəritələr əsasında aparılmasına dair Ermənistanla Rusiya arasında fikir ayrılığının yaşandığını göstərir. Yəni Rusiya sərhədlərin 1974-cü ildə, Ermənistan isə 1926-cı ildə tərtib edilmiş topoqrafik xəritələr əsasında müəyyənləşdirilməsini istəyir. Paşinyan iqtidarı bu mövqeyini 1926-ci ilin xəritəsinin hüquqi əsasa malik olması ilə izah edir. Ekspertlərin fikrincə, Ermənistanın əsas məqsədi Laçın rayonunun ərazisindən keçən dəhlizin böyük hissəsini öz ərazisinə qatmaq və Qarabağa birbaşa çıxış əldə etməkdir.

Qeyd edək ki, 1928-ci ildə nəşr olunmuş siyasi-inzibati xəritədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti cənub-qərbdən, yəni Laçın rayonu ərazisində Ermənistan SSR ilə demək olar ki, həmsərhəd göstərilir. Hazırda Laçın və Şuşa rayonlarının ərazisinə daxil olan bir sıra kəndlər və torpaq sahələri həmin vaxt Hadrut (keçmiş Dizaq) rayonunun tərkibinə verilmişdi. DQMV-nin cənub-qərb sərhədlərini Hadrut rayonunun inzibati-ərazi vahidinə daxil olduğundan Ermənistana çıxış yolu çox qısa idi.

Ona görə də ermənilər bundan istifadə edib sonralar DQMV-in Ermənistana birləşdirilməsi məsələsini qaldırdı. Lakin 1930-cu ildə Kürdüstan qəzasının ləğvi ilə Laçın və Qubadlı rayonlarının, DQMV-in tərkibində isə Şuşa rayonunun yaradılmasından sonra Hadrut rayonunun inzibati-ərazi quruluşiunda dəyişiklik yarandı. Növbəti illərdə dərc olunmuş xəritələrdə DQMV ilə Ermənistan arasında sərhəd məsafəsi daha genişdir. İkinci Qarabağ müharibəsində həm keçmiş Hadrut rayonu, həm də Laçın rayonuna daxil olan ərazilər erməni işğalından azad edilib və Azərbaycanın nəzarətinə qaytarılıb. Artıq Dağlıq Qarabağ termini belə yoxdur. Ona görə də Ermənistanın 1926-cı il xəritəsi əsasında sərhədləri müəyyənləşdirmək cəhdi Qarabağdakı ermənilərlə birbaşa əlaqə yaratmaq imkanı vermir.

2020-ci ildə noyabrın 10-da imzalanmış Bəyanatda da Ermənistanda və Qarabağdakı ermənilər arasında yeganə əlaqə vasitəsinin Laçın dəhlizi ola biləcəyi göstərilir. Əksinə, 1926-cı ilin xəritəsi tətbiq olunarsa, Ermənistan sonrakı illərdə Azərbaycandan aldığı əraziləri geri qaytarmalıdır. Bu halda Ermənistanın Azərbaycandan qopara biləcəyi ən geniş ərazi Zəngəzur mahalının bir hissəsi ola bilər.

Zəngəzura daxil olan bir sıra ərazilər, yəni keçmiş Cəbrayıl qəzası və Naxçıvan Muxtar Respublikasının 1926-cı ildən sonra Ermənistana verilmiş torpaqları Azərbaycanın tabeliyinə keçməlidir. Qeyd edək ki, hazırda Zəngəzur vilayətinin cənub hissəsində Ermənistanın yuridiksiyasına 46 kilometrə yaxın ərazi daxildir. Əgər ərazilər 1926-cı ilin xəritəsi əsasında yenidən bölünsə, o zaman Ermənistana 10 kilometr pay düşəcək. 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndi də daxil olmaqla, 1933-cü ildə Zəngilan rayonunun (keçmiş Cəbrayıl qəzası) 9 kəndi də Azərbaycana qaytarılmalıdır.

Deputat Arman Yeqoyanın Tavuş vilayətindən söz açması isə söhbətin daha çox Qazax və Gədəbəy rayonlarının Ermənistana verilmiş, eləcə də işğal olunmuş ərazilərindən getdiyini göstərir. Ermənistan Qazax rayonunun, 1990-1992-ci illərdə işğal etdiyi Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Xeyrimli və Qızıl Hacılı kəndlərini hələ işğal altında saxlayır. Hansı xəritənin tətbiq edilməsindən asılı olmayaraq, həmin kəndlər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Əks halda, sərhədlərin delimitasiyası və demarkasiyası mümkün ola bilməz. Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da keçirilmiş Soçi görüşündən əvvəl İctimai Televiziyaya verdiyi müsahibədə Qazax rayonunun 7 kəndinin işğalından söz açarkən bu problemi delimitasiyası və demarkasiya məsələsinin tərkib hissəsi adlandırmışdı. Halbuki, Paşinyanın sözündə məntiq yoxdur. Çünki həmin kəndlər mübahisəli ərazi deyil, Azərbaycanın işğal olunmuş suveren torpaqlarıdır.

Azərbaycan dövləti istənilən vaxt hərbi güc tətbiq etməklə Qazaxın kəndlərini işğaldan azad etmək hüququna malikdir. İkincisi, işğal altındakı kəndlər qaytarılmadan nə kommunikasiyalrın açılmasından, nə də sülh sazişindən danışmaq olar. Ermənistanın Qazax rayonunun adları çəkilən yeddi kəndini və Sədərək rayonunun Kərki kəndini işğal altında saxlaması münaqişəsinin davam etməsi deməkdir. Bakı-İcevan dəmir yolu xəttinin fəaliyyətini bərpa etməsi üçün Ermənistan Qazaxın kəndlərindən çıxmalıdır. Çünki sözügedən dəmir yolu işğal altındakı Barxudarlı və Sofulu kəndlərindəki stansiyalardan keçir. Həmçinin, Ermənistanın cənubu ilə şimalını birləşdirən və Gürcüstana çıxışını təmin edən M4 şosse yolu, eyni zamanda, Tavuş vilayətinin Gürcüstana çıxışını təmin H37 magistral yolu işğal altındakı Bağanıs Ayrım kəndindən keçir. Ona görə də Qazaxın kəndlərinin işğal altında qalması Ermənistan üçün strateji əhəmiyyət daşıyan yolların bolkda saxlanılması deməkldir. Sərhədlərin müəyyənləşməsi zamanı daha çox SSRİ dövründə kolxoz təsərrrüfatını inkişaf etdirmək və digər adlar altında Ermənistana pay verilmiş Azərbaycan torpaqlarının qaytarılması müzakirə mövzusu ola bilər.

Əgər 1974-cü ilə aid xəritədən istifadə olunarsa, o zaman 1984-cü ildə SSRİ Nazirlər Sovetinin göstərişi ilə Qazax rayonunun Ermənistana verilmiş 1675 hektar torpaq sahəsi Azərbaycana qaytarılmalıdır. Qeyd edək ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə növbəti iddia irəli sürüb. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi ermənilərin iddialarını dayandırmaq üçün rayon rəhbərliyi və Azərbaycan hökumətinə dəfələrlə etiraz müraciəti göndərib. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr verməyib. 1984-cü il oktyabrın 24-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Şamil Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən “Bataqlı bulaq” deyilən yerə gedib. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq adı altında əraziyə gəlişində məqsəd torpaqların verilməsinə kömək etmək idi. Bundan hiddətlənən kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edilib.

İclasda çıxış edən Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı göstərişin Moskvadan verildiyini bildirib. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul edib və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin edib. Hazırda bu ərazi hər iki tərəfdən minalandığı üçün nə ermənilər, nə də azərbaycanlılar əraziyə daxil ola bilir. Beləliklə, Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum olub. Ancaq sərhədlərin delimitasiyası və demarkasiyasının 1926 və ya 1974-cü illərdə tərtib edilmiş xəritələr əsasında aparılmasından asılı olmayaraq, Azərbaycanın itirdiyi minlərlə hektar torpaq sahəsini geri qaytarmaq şansı yaranıb. Çünki Ermənistan hakimiyyəti də SSRİ dövründə kolxoz təsərrüfatı ilə əlaqədar sərhədlərin dəyişməsinə səbəb olmuş qərarların hüquqi qüvvəyə malik olmadığını iddia edir.

Əgər sərhədlər əvvəlki qaydada yenidən çəkiləcəksə, o zaman Ermənistan Azərbaycandan aldığı torpaqlardan imtina etməlidir. Əgər sərhədlər 1926-cı ilin xəritəsi əsasında aparılarsa, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Torpaq Komissiyasının 11 yanvar 1927-ci il tarixli qərarı ləğv olunmalıdır. Komissiyanın iclasında Ermənistan SSR və Azərbaycan SSR kənd təsərrüfatı komissarları A.Erzikyan və D.Buniyatzadənin iştirakı ilə Qazağın Şınıx-Ayrım bölgəsi barədə Ermənistanın iddiası qəbul edilib. Zaq MİK-nin 1929-cu il fevralın 18-də qəbul etdiyi qətnamə ilə təsdiqlənmiş müqaviləyə əsasən, Qazax qəzasının Şınıx-Ayrum bölgəsindən 4000 desyatin (1 desyatin-1,09 ha) Ermənistanın Dilican qəzasına verilib.

Bundan başqa, ümumi sahəsi 3104 desyatin və əhalisi 577 nəfər olan, əvvəllər Qazax qəzasının inzibati sərhədlərinə daxil olan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycanla əlaqəsi kəsilib. ZaqMİK yerli komissiyasının 19-20 iyul 1929-cu il iclasında bu vəziyyəti aradan qaldırmaq üçün yeganə mümkün həll yolu kimi hər üc kəndin Ermənistanın Dilican qəzasına verilməsi göstərilib.

Eyni fərmanla 26 təsərrüfatdan ibarət olan Qazaxın Xeyrimli kəndi də Dilican qəzasının Kunen-Heyrimli kəndinə birləşdirilib. Sərhəd mübahisələri haqqında Torpaq Komissiyasının 1928-ci ilə dair hesabatında qeyd edilir ki, yalnız Azərbaycanın Qazax qəzasından Ermənistan SSR-ə 79208 desyatin əkinə yararlı və 75904 desyatin yararsız torpaq verilib. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqların 50 faizindən məhrum edilib. 1946-ci ildə də Qazax rayonunun bəzi əraziləri Ermənistana verilib. Bu halda 1926-cı ilin xəritəsi tətbiq edilərsə, Ermənistan yalnız işğal altındakı kəndləri deyil, eyni zamanda minlərlə hektar torpaq sahəsini Azərbaycana qaytarmalıdır. Eləcə də, 1969-cu ildə SOV.İKP MK Plenumunun qərarı ilə qanunsuz olaraq Gədəbəy rayonundan alınıb Ermənistana verilmiş Tağlar kəndi də Azərbaycanın yurisdiksiyasına keçməlidir. Yəni hər iki xəritə Azərbaycana SSRİ dövründə itirdiyi torpaqları Ermənistandan geri almaq imkanı yaradır.

Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.