Əlil bəstəkar ölkə başçısına müraciət etdi: "Yaşlı, xəstə adam daha nə etməlidir?"
18-12-2021, 15:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti:
Azərbaycan Respublikasının Birinçi Vitse-Prezidenti xanım Mehriban Əlievaya
Surəti:
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti:
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya
Surəti:
Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət
Komitəsinin sədri cənab Musa Quliyevə
Surəti:
Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimova
Surəti:
KİVDF-nın İcraçı Direktoru Əhməd İsmayılova
Bakı şəhəri Sabunçu qəsəbəsi Komsomol döngəsi ev 2 a-da yaşayan Əhsən Mikayıl oğlu Rəhmanlı tərəfindən
Ərizə
1950-ci ildə anadan olmuşam. Bakı Mədəni-Maarif Texnikumunu və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişəm. 1970-ci ildən Bakının müxtəlif mədəniyyət ocaqlarında çalışmışam. 2000-ci ildən Bakı Humanitar Kollecində müəllim işləmişəm. 2001-ci il sentyabr ayının 28-də işdən evə gedərkən 43-cü dəqiqədə, içtimai nəqliyyatda avtomobil qəzasına düşərək sağ ayağımı itirmiş və ömürlük əlil qalmışam. 1 il fəal həyatdan təcrid olunaraq səhhətimlə bağlı bərpa dövrü keçmişəm. Protez ayaqla gəzərək yenidən işə qayıtmışam. 2003-cü ildən Milli Konservatoriya tərkibində Musiqi Kollecinin, 2004-cü ildən Şuşa Musiqi Kollecinin qarmon sinfində muğamı tədris etmişəm. Üç tədris müəssisəsində müəllim kimi seçilmiş, layiqli iş göstərmişəm. Əlbəttə, bu mənə asan başa gəlməyib, fiziki əziyyətlərə (əslində iztirablara, zülmə) tab gətirərək ailəmi dolandırmış, övladlarımı ayağa qaldırıb cəmiyyət üçün hazırlamışam. Axı əlilliyə görə aldığım pensiya yaşayış təminatımızı ödəməyib. Cəmi 120 manat alırdım. 2010-cu ildən əlavə iş yerlərindən çıxmış (səbəb “saat hesabı ödəniş”lərə keçirilməyimiz olub), yalnız Bakı Humanitar Kollecində fəaliyyətimi davam etdirmişəm. 65 yaşın tamamında yaxşı işimi, elmi fəaliyyətimi, yazdığım ktabları, elmi məqalələrimi, dərs vəsaitlərimi, həm də maddi çətinliyimi və xahişimi nəzərə alıb 2 il də işdə saxlanmışam. Yeni tədris ilində mənimlə əmək müqaviləsi bağlamadılar. Mən qalıb işləmək istəyirdim. Pensiyam 234 manat idi. Bu yalnız mənim dərmanlarıma və kommunal xərclərə çatırdı. Evdə, mənim himayəmdə ali təhsilli, işsiz subay qızım var idi. Həyat yodaşım da əlil idi, 4-5 xəstəlikdən əziyyət çəkirdi. Maddi çətinliyə görə vaxtlı-vaxtında dərmanlarını çatdırmadığımız üçün 2018-ci il iyun ayının 18-də dünyasını dəyişdi.
Adamlar var ki, pensiyaya çıxandan sonra digər işlərə baş vurub yaşayış təminatını ödəyə bilirlər. Mənim fiziki qüsurum buna imkan vermir. Mənə oturaq iş lazımdır. İş yerində lazım idim. Gənc müəllimlər daim mənə müraciət edərək istər tədris, istərsə də ifaçılıq üçün lazım olanları öyrənirdilər. Axı mən 1968-ci ildən ifaçılıq sənətinə xidmət etmişəm. Xanəndə, xalq artisti Baba Mahmudoğlunun (1940-2006) rəhbərlik etdiyi “Dastan” folklor (1989-1992), “Misri” xalq çalğı alətləri ansamblının (2003-2006) musiqi rəhbəri olmuş, xalq və aşıq mahnılarının yeni səpgidə işlənməsini və oranjemanını yerinə yetirmişəm. Həmin xanəndə ilə İran (2 dəfə), Rusiya, Tunis, İsveç, Fransa (3 dəfə) və Türkiyədə (3 dəfə) səfərlərdə olaraq musiqimizi təbliğ etmişəm. 2004-cü ildə Fransada, “Fuar”da (səs, sənət sərgisi) birincilik qazanmağımıza səbəb mənim tərtib etdiyim proqram olub. Dünya üzrə 350 folklor qruplar arasından seçim edilən 33 qrup arasında birinci yerə çıxdıq. B.Mahmudoğlu həmişə mənə deyərdi: “Maestro, sənin qafan yaxşı işləyir. Artıq bizim dünya turnesinə çıxışımız baş tutub”. Əgər o, vaxtsız dünyanı tərk etməsəydi, bizimlə bağlanan müqavilələrə əsasən bu günə qədər çox ölkələrə gedəcəkdik.
1970-1990-cı illərdə Azərbaycanın bir sıra məşhur və gənc xanəndələrini konsertlərdə, bədii-kütləvi tədbirlərdə müşayiət etmişəm. 1990-cı illərdə öz qrupumla və “Dastan”la qocalar və əlillər evlərində, hospitallarda xeyriyyə konsertləri vermişəm. Bu barədə bəzi təşəkkür məktubları da arxivimdə qorunur.
Onu da qeyd edirəm ki, 1989-1991-ci illərdə “Dastan” ansamblının tərkibində xalq artistləri Baba Mahmudoğlu və Səfa Qəhrəmanovla (1949-2008) Dövlət Filarmoniyasında, Respublika sarayında və bir sıra rayonlarda konsertlərdə olmuşam. Əyalətlərdəki konsertlərimiz yalnız rayon, kənd mədəniyyət evlərində deyil, həm də kənd zəhmətkeşləri qarşısında, tarlalarda, onlar üçün yaradılmış istirahət köşklərində (talvar altında) olurdu. Hətta Baba bir dəfə pambıqçılardan önlük alıb iplərini belinə bağladı və pambıq topladı.
Milli radioda ifalarım var. Arada bir səsləndirilir. B.Mahmudoğlu dünyasını dəyişdikdən sonra “Misri” ansamblı ilə xeyli sayda instrumental musiqini studiyalarda disklərə yazdıraraq özəl radiolara da təqdim etmişəm. İnstrumental melodiyalar bəstəkarıyam. Bura instrumental əsərlər, rəqs havaları, dəramədlər, rənglər daxildir. İnternetin “Youtube” proqramında mənim rəhbərliyimlə “Baba Mahmudoğlu adına instrumental ansambl”ın və “Əhsən“ (“Ehsen”) qrupunun xeyli sayda ifası yayımlanır. Buraya mənim bəstələrim, xalq və bəstəkar mahnıları, aşıq havaları, rəqs melodiyalar və s. daxildir.
Vaxtılə televiziyalarda mahnılarım oxunub. Özümün və məşhur şairlərimizin sözlərinə mahnılar bəstələmişəm. 1980-ci illərin ortalarında müğənni Nizami İsmayılov (1948-2020) AzTV-də şair Zakir Fəxrinin sözlərinə bəstələdiyim “Qızlar qəribə olub”mahnımı dəfələrlə oxuyub. Xalqımızın sevimli, həmişəyaşar Novruz bayramına həsr olunmuş mahnılar da bəstələmişəm. 1990-cı illərdə Opera və Balet Teatrının aktyor-müğənnisi Məzahir Kuhi (1960-2011) Hikmət Ziyanın sözlərinə bəstəm olan “Salam Novruz bayramı”, Teleradio xorunun solisti olmuş Bayram Musayev İsmayıl Dadaşovun sözlərinə bəstələdiyim “El bayramı” mahnısını Novruz ərəfəsində AzTV-də və müxtəlif yerlərdə keçirilən bayram tədbirlərində oxuyub. Bir zamanlar müğənni Yusif Mustafayevin (hazırda əməkdar artist) ifasında populyar bir mahnı meydana çıxmışdı: “Dövlət yol polisləri”. Bu sahədə çalışan bütün əməkdaşların avtomobilindəki maqnitofonda həmin mahnı səsləndirilirdi. Mahnının sözləri mənimdir. Y.Mustafayev o mahnını AzTV-də və digər televiziyalarda oxumuşdu. 2010-cu ildə MBM nəşriyatının çap edib yaydığı “Min bir mahnı” kitabında on beş mahnım özünə yer tutub. Son illərdə, gənc musiqiçilər bir-necə baxış-müsabiqədə mənim “Çahargah dəramədi”mi ifa edib birinci yer alıblar. Vaxtılə “Xəzər” radio yayımında və ANS telekanalındakı verilişlərdə, bəzən mənim “Vətən təranəsi” adlı əsərimdən (möhtəşəm səslənməsi və çağırış xarakterli olduğu üçün) anons kimi istifadə edirdilər. Televiziyaların musiqi verilişlərinə bəzən məni tədqiqatçı kimi dəvət edirdilər. Haqq olaraq qeyd edirəm ki, tədqiqatçı, bəstəkar, aranjemançı, ansambl rəhbəri, ifaçı, pedaqoq, 100-dən artıq elmi-publisistik məqalənin və on altı kitabın müəllifiyəm. Kitabların dördü iri həcmlidir. Bu sırada “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi” (sonuncu 2016-cı il nəşri A-4 formatlı, 784 səh.), “Azərbaycanda klarnet ifaçılığı sənəti” (A-4 formatlı, 988 səh., çəkisi 2 kq. yarım) xüsusi vurğulanmalıdır. 1970-ci ildən müəllimlik fəaliyyətində olduğum üçün xeyli yetirmələrim var. Onlar Azərbaycanın hər guşəsində fəaliyyətdədirlər. Televiziya konsertlərində, müxtəliv tədbirlərdə yetirmələrimi görəndə, fərəh hissi keçirirəm. Əksər qruplarda tələbələrimi və vaxtılə qrupumun üzvü olanları görürəm.
2017-ci ildə “Şərq-Qərb” nəşriyyat evi və Milli Ensiklopediyanın şifarişi ilə ustad qarmon ifaçısı olmuş Teyyub Dəmirov, SSRİ xalq artisti, ilk Azərbaycan balerinası, görkəmli pedaqoq Qəmər Almaszadə haqqında kitablarım çapdan çıxıb.
“Əhsən” (Ehsen) qrupum ilə musiqi yaradıcılığımı davam etdirirəm. Az.TV-nin “Mədəniyyət” kanalı 28 dəqiqəlik konsertimi çəkib fonda daxil edərək yayımlayır. İnternetin “Youtube” kanalında özümün qarmonla solo ifalarım da yayımlanır. Nə qədər ömrüm var, yaradıcılıq və ifaçılıq fəaliyyətimi davam edəcəyəm. Bu sahədə gördüyüm işlərə görə heç bir maliyyə qazançım yoxdur. Onu da qeyd etməliyəm ki, qrupumla üzərində işləyib ortaya çıxardığım bütün melodiyalarda nağaranın ritimlərini xüsusi işləyərək önə çıxarıb qabarıq şəkildə göstərirəm. Bu üsluba ehtiyac olsa da, Azərbaycanda bunu heç kim işləməyib. Ansambl rəhbərləri bunu ifaçılardan tələb etməyiblər, nə onlar, nə də nağara ifaçıları özlərinə əziyyət vermək istəməyiblər. Vaxt sərf etmək və yaradıcılıq işinə baş vurmaq lazımdır axı... Bu iş İran-fars musiqisində daim olub və bu gün də var. Və bu üslubla özlərini bizdən üstün tutub qürurlanıblar. Mən isə bunu meydana gətirdim. Nə yaxşı ki, artıq bəzi gənc nağara ifaçıları bəzən mənim işimdən bəhrələnirlər. Bizim qrupda nağaraçalan Heybət Babayev (o, həm də uşaqlardan ibarət “Şuşa” ritm qurupunun rəhbəridir) bütün musiqi cümlələrinin ritmini tutur. Əlbəttə, bununla rəqs etmək münasib deyil. Biz melodiyaların ritmini toyda, tədbirlərə rəqs edənlər üçün deyil, musiqini gözəlləşdirmək, sanballı etmək, ritmlərin xüsusiyyətlərini açmaq və daha da zənginləşdirmək üçün işləyirik. Bizdən başqa bütün qruplar sintezatorun ritmlərindən istifadə edir, zərb alətlərinin səsini studiyalarda onun üzərinə yazır və ya çanlı çıxışlarda bu qaydadan istifadə edirlər. Artıq milli ritmləri sintezatorun ixtiyarına veriblər. Əlbəttə, bu yaxşı hal deyil. Belə davam etsə, ritm ustalarımız yetişməz. Demək istəyirəm ki, milli ritmlərimizlə bağlı da xidmətim var. Tehrandan gələn ən mahir nağaraçalan, İrşadi-İslam dövlət təşkilatının əməkdaşı Vəhid Əsədullahi fars ritm ustalarının bu üstünlüyünü dilə gətirib sual verəndə ki, niyə bizdə bu yoxdur? Mən ifalarımız toplanan diskimizi ona verib dedim ki, buyurun, bizdə bu artıq var, istəsəniz dinləyib öyrənin.
Tədris proqramlarım və dərs vəsaiti olan kitabım təsdiqini tapıb çap olunaraq yayılıb. Yazdığım “Muğam tarixi”, “Muğam tədris edilən təhsil müəssisələri üçün vəsait” çap olunub. “Çahargah” muğamına aid metodik göstərici Mədəniyyət və İncəsənət Universitetinin elmi şurasında təsdiqini alaraq Təhsil Nazirliyinin qərarı ilə çap edilib. Milli Konservatoriyanın dissertantı olmuşam. Elmə əlil olandan sonra gəlmişəm. Bütün mərhələləri keçmiş və 2017-ci il sentyabrın 30-da BMA-da “Azərbaycanda qarmon ifaçılığı sənəti və onun tədrisi” adlı elmi mövzunu müdafiə etmişəm.
Bəstələdiyim melodiyaların bəzilərinin notları musiqiyə aid kitablarda verilib. Bütün melodiyalarımı məcmuə halında çap etdirmək arzum olsa da, maddi imkanım yoxdur. Notların isə əksəriyyəti işlənib. Bu yazıda Azərbaycan mədəniyyətinə, milli musiqiyə xidmətlərim barədə yalnız yadıma düşənləri qeyd edirəm. Əlbəttə, bunlar hamısı deyil, xatırlayıb onları da yazıb sizə göndərəcəyəm. Bu yayda folklor rəqs havaları üzərində işləyərək öz qrupumla ifa edib fecebook səhifəmdə yayaraq musiqisevərləri maarifləndirmişəm.
Mənim necə musiqiçi olmağım barədə xalq artsitləri-xanəndə Əlibaba Məmmədov, Niyaməddin Musayev, tarzən-pedaqoq professorlar-Möhlət Müslümov, Ağasəlim Abdullayev, mahir kamança ifaçısı Munis Şərifov, qarmonçalan Avtandil İsrafilov, əməkdar artistlər - virtuoz qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zakir Mirzəyev, ustad kamança ifaçısı, professor Mirnazim Əsədullayev, AMK-nın müəllimləri, əməkdar artistlər-tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovdan soruşmaq olar. Necə tədqiqatçı, yazıçı olmağımı akademik Rafael Hüseynovdan, filologiya elmləri doktoru, professor Fərahim Sadıqovdan soruşmaq olar.
Hörmətli, cənab Prezidentimizin musiqiçilərə, kino, teatr işçilərinə, rəssamlara, heykəltəraşlara, mədəniyyət sahəsinin adamlarına fəxri adlar verməsi müntəzəm olaraq davam edir. Əslində mənə də “əməkdar incəsənət xadimi”, “əməkdar artist” fəxri ad düşür. Axı fasiləsiz olaraq musiqimizə sədaqətlə xidmət etmişəm. Düşünürəm ki, xidmətimin çoxşaxəli olması əməkdar incəsənət xadimi fəxri adı ilə daha uyğun gəlir. İndi o qədər əməkdar incəsənət xadimi var ki, tanınmırlar, fəaliyyətləri geniş olmadığı üçün onların xidmətinə xalq bələd deyildir. Mənim xidmətim isə heç də az deyil.
Hazırda Azərbaycan dövlətinin büdcəsindən, yaradıcı təşkilatlara ayrılan vəsaitdən, Heydər Əliyev fondundan yararlanan, prezident təqaüdü, mükafatı, müəyyən imtiyazlar, ev, avtomobil alan, xarici ölkələrə müalicəyə, ezamiyyətə göndərilən, əsərləri çap olunan xeyli sənət adamları, şairlər, yazıçılar, bəstəkarlar var. Çox yaxşı. Elə isə bu imkandan mənə də pay düşə bilər və fəxri adın maaşı ilə maddi vəziyyətim müəyyən qədər düzələr. Mənə fəxri ad verilmirsə, prezident mükafatı təyin edilsin, həmin vəsaitlə yaşayaraq yaradıcılıq işləri ilə məşğul olum.
1988-ci ildə öz vicdanım ilə milli azadlıq hərəkatına qoşuldum, bacardığım xidməti göstərdim, ölkənin mütəqilliyi üçün çalışdım, canımdan, sağlamlığımdan keçdim, xeyli məhrumiyyətlərə düçar oldum. İndi müstəqil ölkəmizin büdcəsindən yararlanan o qədər xalq artistləri var ki, onları nə xalq hərəkatında, nə meydanlarda, nə də ümümiyyətlə xalqın səsinə səs verən görmədim. Sovet dövlətinin dağılmasını istəməyən SSRİ xalq artistləri var ki, indi qüdrətli ölkəmizin ən viravan adamlarıdırlar. Deməli, vətəndaşlıq borcunu, xalqa, vətənə məhəbbəti yerinə yetirmək, zəhmət, əziyyət çəkmək bizə, keyf, bəxtəvərlik, yaxşı yaşamaq onlara düşüb.
Fəxri adlar verilən o qədər adam adı çəkə bilərəm ki, istedadı yoxdur, bu sənətə təsadüfən gəlib, Mədəniyyət Nazirliyindən cavab verildiyi kimi “Milli musiqi mədəniyyətində müstəsna xidmətləri olmayan”lara fəxri adlar verilib.
Mən 50 ildir ifaçılıq sənətində və uzun illər pedaqoji fəaliyyətdə olmuş, öyrənə-öyrənə, öyrədə-öyrədə gəlmiş, bu qədər xalq musiqisi nümunələri, xalq və bəstəkar mahnıları, aşıq havacatları, oyun havaları, instrumental melodiyalar, muğamlar, dəramədlər, rənglər, diringilər və təsnifləri hafizəmdə saxlayaraq ifa etmiş və davamaçılara ötürmüşəm. Hətta repertuarımda başqa xalqların da musiqi nümunələri olub. Bunlar niyə nəzərə alınmamalıdır?
1 ay yarım və ya 2 ay muğam müsabiqəsində iştirak edən gənclərdən I-II-III yeri tutanlar Azərbaycan Teleradio Verilişləri QSC-ə solist götürülür, 5-6 ay və ya 1-2 il keçən kimi əməkdar artist fəxri adı ilə təltif olunurlar. “Əməkdar” sözündən anlaşılır ki, bu, sənət aləmində uzun illər əməkdarlığı, xeyli zəhməti, hünəri, geniş xidməti, stajı, biliyi və böyük təcrübəsi olanlara aid edilir. Hanı o meyarlar? Bunları görəndə sual yaranır ki, illərlə mənim kimi zəhmətsevər, istedadlı, fədakar, təcrübəli, çoxşaxəli işlərə baş vuran sənətkarların haqqı, hüququ tapdanmırmı? Axı mənim kimilər həmişə öz abır-həyasını gözləyib, özünü gözə soxmayıb, qapılar döyməyib, əlaqədar təşkilatları bezdirməyib, heç kəsdən heç nə tələb etməyib. Düşünmüşük ki, biz kimik ki, bizdən böyük sənətkarlar var, hər nə düşürsə, onlar layiqdirlər, məsləhət bilsələr, bizi də nəzərə alarlar. Lakin susduqca görürük ki, mizan-tərəzi pozulur, bizi nəzərə almır, haqqımızı pozurlar və ümumiyyətlə yada düşmürük. Layiq olmayıb fəxri ad alanlar var ki, bizi tapdalayıb keçirlər və düşünürlər ki, belə də olmalıdır.
Bilirəm ki, mənə fəxri ad verilsə, cəmiyyətdə rəğbətlə qarşılanacaq və bu məsələlərə xüsusii inam yaranacaq. Çünki mənim arzu-istəyim hansısa xoşagəlməz “meyarlarla”, tanışlıqla, tapşırıqla, əl altdan görülən vasitələrlə deyil, acıq şəkildə, paklıqla, saflıqla, haqq-ədalətlə başa gələcək. Məni tanıyanlar bilir ki, mən hər işə yalnız ədalətlə nail olur, heç kəsin yerini tutmur, heç kimin haqqına sahib çıxmaq istəyində olmuram. Mənə fəxri ad verilməsi xalq arasında əlaqədar təşkilatlar haqqında müsbət rəylə bərabər, həm də güclü inam yarada bilər.
Mənim təqdimatımı heç kəs etməyəcək. Bu barədə mən heç kəsə müraciət etməmişəm. Çünki bu əhəmiyyətsizdir. Versəydilər, bu illər ərzində verərdilər. Bu məsələlərə görə mənə kömək edəcək, tapşıracaq heç kəsim yoxdur. Yuxarıdan tapşırıq olmasa, aşağıdan təqdimat verməyə heç kəsin cürəti çatmaz. Mənim Allahım, vicdanım, əxlaqım, fəhmim, düşüncəm, bir az elmim, zəhmətə qatlaşmağım, istedadım və güclü qələmim (deyilənə görə) var. Öz-özümə və sizin kimi böyük səlahiyyəti olan şəxslərə müraciət edirəm ki, daha nə etməliyəm, mənə də fəxri ad verilsin? Bir insan daha nə qədər iş görə bilər ki... Mənim ərizələrimə Mədəniyyət Nazirliyindən müntəzəm cavab gəlir və orada yazılır ki, fəxri ad xidməti olanlara verilir, sizin ərizəniz də nəzərə alınacaq. Bu cavab məntiqsiz olaraq məni rədd etmək, yola vermək üçün vasitədir. Fəxri adla bağlı müraciət edən hər kəsə ünvanlanan eyni cavab məktubundan mənə də göndərilir. Bəs deyirsiniz ki, xidmət nəzərə alınır. Əgər bu doğrudursa, ərizəmdə göstərdiyim xidmət niyə nəzərə alınmır?
Bu fikrə görə üzr istəyirəm, mənim kimi əlillər metro stansiyalarının, bazarların qarşısında və ya əhalinin gur olduğu yerlərdə, protez ayağını çıxarıb, səkidə əyləşərək dilənirlər. Mən isə yara açan ayağımın qanı axa-axa işləyib halal zəhmətlə çüzi qazancım sayəsində yaşayıram. Bütün stajım ərzində heç bir şagird, tələbə, valideyn deyə bilməz ki, mən onlardan nəsə almışam. Hətta rayonlardan gətirdikləri kənd təsərrüftı məhsullarını, sovqatları belə qəbul etməmişəm. Mən yalnız təmənnasız və halal yaşamışam. Əlbəttə, iş yerlərimlə əlaqə saxlayıb bunları təyin etmək mümkündür.
Hörmətli səlahiyyətlilər, mən istedadlı, zəhmətsevər, çalışqan bir vətəndaş kimi sizə müraciət edirəm ki, əməkdar incəsənət xadimi, əməkdar artist fəxri adı almağıma kömək edəsiniz. Fəxri ad mənə şöhrətə görə deyil, yalnız maddi vəziyyətimin yaxşılaşmasına görə lazımdır. Oradan ala biləcəyim 100 AZN mənim üçün müəyyən maddi köməkdir. Həm də haqqım çatır axı. Haqqı çatmayanlar bizdən önə keçir axı. Əslində fəxri ad verilsə, mənə iş yeri lazım deyildi. Qeyd etdiyim kimi, görün, Azərbaycanda nə qədər adam fəxri ad daşıyır, prezident mükafatı, prezident təqaüdü alır. Əlbəttə, bunlar həmin adamların yaxşı yaşamasına köməkdir. Biri də artıq olsun, biri də mən olum. Axı, adam var ki, həm prezdent mükafatı, həm prezident təqaüdü və həm də müəyyən fonlardan maddi vəsait alır.
2018-ci il may ayında mənim elmi müdafiə işim “Azərbaycanda qarmon ifaçılığı sənəti və onun tədrisi” adlı mövzu öz təsdiqini almış və AAK tərəfindən mənə sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomu verilmişdir. Azca elmi dərəcəmə, bir az fəxri ada görə alacağımı da pensiyamın üzərinə qoyub babat yaşaya bilərəm. Axı pensiyam azdır. Hələ son 1-2 ildə pensiyamdan qanunsuz olaraq tutulmalar da oldu. Hər ay izləməsəm, yenə də həmin hallar baş verir. Məm canımdakl 5-6 xəstliklərə görə dava-dərmanla yaşayıram. Heç olmasa mənim dərman pulumu nəzərə alıb, ərizəmə müsbət yanaşın. ADMİU-da 2 il saathesabı, 2 il də yarımştat çalışmışam. 06.07.2016-ci il tarixdə ADMİU-nun xalq çalğı alətləri ifaçılığı kafedrasında keçirilən iclasda kafedra müdiri dedi ki, yarımştat və saathesabı çalışan müəllimlər işdən azad olunur. Əslində olmayan fikri söylədi. Halbuki, hamı saxlanıldı və bu sırada mən də ola bilərdim, axı yazı əhliyəm, tədqiqatçıyam və elm adamıyam. Mənim Bakı Humanitar Kollecində və ADMİU-da qalıb işləməyə böyük ehtiyacım var idi, bu mənə lazım gəlirdi və həm də iş yerlərimdə qalmağa haqqım çatırdı. ADMİU-dan cəmi 192 AZN alırdım. Lakin haqq əvəzinə haqsızlıq baş verdi. Bu barədə Preziden Aparatına, Milli Məclisə, Təhsil Nazirliyinə dəfələrlə rəsmi müraciət etsəm də, heç bir cavab verilmədi. Əgər tələbələr arasında sorğu aparılsaydı, mənə olan təlabat, inam və rəğbət öz nəticəsini tapacaqdı.
Hamı bilir ki, elmi jurnallarda nəşr olunan məqalələrə ödəniş olunmalıdır. Belə jurnallarda müntəzəm məqalələrim çıxdığı üçün mənə vəsait lazımdır ki, bunu da yalnız maaşımla ödəyə bilərəm. Bunları da nəzər almanız çox yaxşı olardı. Hazırda jurnal və qəzetlərdə qonorar verilmir. Elmlə məşğul olan biri kimi və tədqiqatçı olaraq mədəniyyətimizin yazılmayan səhifələrini araşdırmaq üçün Azərbaycan bölgələrinə, Tbilisi, Daşkənd, Türkiyə, Təbriz, Aşqabad arxivlərinə getmək arzum olsa da, maddi çətinlik üzündən bunlar ürəyimdəcə qalır. Yol xərci, hotellerdə günlərlə, həftələrlə qalmaq maddiyyat tələb edir axı...
Cənab prezident İlham Əliyev əlillər haqqında fərman imzalayıb. Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun” qəbul edib. VIII fəsil və 40 maddədən ibarət bu sənəddə işlə təmin olunmaq, mənzil şəraitinin yaxşılaşdırılması, sosial məsələlər və s. özünə yer alıb. Elə isə, bir nəfər də istedadlı, hərtərəfli bacarığa malik, vətənə, xalqa, elmə sədaqətlə xidmət edən, II dərəcəli əlilə fəxri ad verib sevindirmək və maddi vəziyyətinə kömək etmək olmazmı? Sovet dönəmindən qalan, kürsüsüz evdə (həyət evində, əslində daxmada) yaşayıram. İnkişaf etmiş bir ölkədə, Azərbaycanda belə bir şəraitsizlikdə yaşamaq heç bir məntiqə sığmır. Komissiya göndərilsə, dediyimin doğru olduğu öz təsdiqini tapacaq. Komissiya ona görə göndərilmir ki, gəlib yerində baxanda görəcəklər yazdıqlarım tam düzdür. İnanın ki, prezidentin jurnalistlərə hədiyyə etdiyi mənzillərdən mənə də ayrılsa, siyahıda adım çıxsa, hamının sevincinə səbəb olacaq və deyəcəklər ki, bu mənzil, bu fəxri ad bu kişiyə halaldır. Bir daha qeyd edirəm ki, məndən təqdimat istəməyin. Xahiş edirəm ki, elə mənim adamım, arxam, dayağım siz olun, Əlillərə verilən imtiyazlara görə mənə kömək edin. Axı bu Allaha da xoş gedər. Sizə bildirdim ki, şikəst ayağımın qanı axa-axa üç, daha sonra iki iş yerində çalışmışam. Pensiyam bəs etmir axı? Protez ayaqla hər gün avtobusla, metro ilə işə getmək, dayanacaqlarda dayanmaq heç kəsə asan gəlməsin. Bu candır, can ağrıyır axı? Mənsə məcbur olub buna dözmüşəm.
Yazdıqlarım barədə dəfələrlə müraciət edəcəyəm. Mən Jurnalistlər Birliyinin üzvüyəm. Bir daha qeyd edirəm, Cənab Prezident jurnalistlər üçün ev tikdirir və onlara mənzil hədiyyə edilir. Böyük xeyirxahlıqdır. Bir əlil jurnalistə də mənzil verilsə, xeyirxahlığın təntənəsi olar. Ümid edirəm ki, məni düz başa düşəcəklər. Onu da bildirirəm ki, Milli Məclisin mədəniyyət komitəsinin sabiq sədri, akademik, cənab Rafael Hüseynov əvvəlki ərizəmə əsasən mənim fəxri ad almaq arzuma müsbət yanaşaraq əvvəlki mədəniyyət nazirinə məktubla dəfələrlə müraciət edib və surəti mənə göndərilib. Qənirə xanım Paşayeva da ona göndərdiyim ərizələrimlə bağlı Mədəniyyət Naziliyinə müraciət edir. Milli Məclisin Sosial Siyasət Komitəsinin sabiq sədri, cənab Hadı Rəcəbli ərizəmi əsas tutub həm jurnalist, həm də əlil olmağıma görə mənzil almağım üçün Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova məktubla müraciət edib və surəti mənə çatıb. Lakin Mətbuat Şurasından heç bir cavab yoxdur. Milli Məclisin komissiya sədrləri Musa Quluyev, Qənirə Paşayeva və Mədəniyyət Naziri Anar Kərimov məni qəbul edə bilməzmi? Axı nazirliyə çatan məktublarıma şöbələrdən hamıya göndərilən standart, şablon cavabları (yalnız başlıqda ad-soyad, ünvan dəyişməklə) almaq məni qane etmir, heç də aldada və yuxuya verə bilmr. Onlar cavab verir: “Fəxri ad Azərbaycan mulli mədəniyyəti qarşısında müstəsna xidmətləri olanlara verilir”. Mən mədəniyyətə göstərdiyim xidmətim barədə yuxarılara dəfələrlə məlumat vermiş və daim eyni cavabı almşam. Və istedadı, heç bir xidməti olmayaraq fəxri adlar daşıyanların da siyahısını qeyd etmişəm.
Əlaqədar nazirliklər məni qəbula yazsın. Əks təqdirdə ərizələrimin davamı gələcəkdir.
Onu da bidirirəm ki, hazırda ağır xəsətlik dövrümü yaşasam da, yaradıcılıq fəaliyyətim davam edir. 44 günlük müharibəyə həsr etdiyim “Türklüyümüz yenilməz” adlı marş müğənni, əməkdar artist Zakir Əliyevin ifasında bütün televiziyalarda və qələbənin ildönümü ilə bağlı keçirilən tədbirlərdə səsləndirilib. Filklor nümunələrimizi ifa edərək öz facebook səhifəmdə və You Tube internet kanalında yayımlayaraq bu zəngin sərvətin bizim olduğunu bildirir, musiqisevərləri və gənc musiqiçiləri maarifləndiririk. Bakı Musiqi Akademiyasının elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin uzun illər araşdımaları sayəsində toplayıb, işləyib notlaşdıraraq məcmuə halında nəşr etdirdiyi folklor nümunələrini öz musiqi üçlüyümlə ifa edərək BMA-ya təqdim etmişik. Orada keçirlilən elmi komfranslar və elmi seminararda bizim ifa etdiyimiz nümunələrdən istifadə edilir və əyani vəsait kimi digər elm, tədris müəssisələrində də gərək ola bilər. On bir “Gəlin havası”, doqquz “Qaytağı” (hələlik, davamı olacaq, ümumi otuz “Qaytağı” notlaşdırılıb), dörd “Yallı” (bunlar çoxdur, davamı olacaq) ifa edib disklərə yazmışıq. “Cəngi”ləri fa edib cəmiyyətə təqdim etmək arzusundayıq. İfa etdiyimiz musiqi nümunələrinin bəzilərini ermənilər öz adlarına çıxaraq ifa edib İnternet vasitəzilə yayımlamaqdadırlar. Biz öz milli sərvətimizə sahib çıxaraq ifa edib musiqi cəmiyyətinə, bütünlükdə xalqa çatdırmaq əzmindəyik.
Mən öz xidmətim barədə məlumat verdim. Yaşlı, xəstə adam daha nə etməlidir? Buyurun, deyin, bacardığım, güçüm çatdığı qədər edim. Sonda bildiriməli oluram ki, “gizli əllər” öz adamlarının adını siyahıya salıb cənab prezidentə göndərir, onlara fəxri adlar və imtiyazlar verilir. Diqqətinizə görə təşəkkür edirəm.
/Ə.M.Rəhmanlı
Teref.az