Ermənistanın “böyük bacısı” Prezidentini Xankəndidə seçir - Parisin bu dəfə qərəzindən "partlayır"

24-12-2021, 11:43           
Ermənistanın “böyük bacısı” Prezidentini Xankəndidə seçir -
Ermənistanın “böyük bacısı”ndakı namizədlər seçkiöncəsi erməni səsləri uğrunda yarışa… Qarabağdan start verdilər; azərbaycanlı ekspertlərdən sərt reaksiyalar

Azərbaycan nə qədər humanist yanaşma sərgiləsə də, erməni revanşistlərinə “zəhər” verən “kərtənkələlər” geri çəkilmək istəmirlər. Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya, o cümlədən dəmir yolu və avtomagistralla bağlı razılaşmaların əldə olunması, yaxud prosedurlara başlanılması ərəfəsində Ermənistanın “böyük bacısı” yenə də aranı qarışdırmağa başlayıb.

Belə ki, Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş qadın siyasətçi Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Arayik Arutyunyan, David Babayan, həmçinin “artsax”ın ruhani lideri ilə görüşüb. Məlum olur ki, xanım namizəd Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə heç bir icazə və qanuni əsas olmadan rahat şəkildə dolaşıb, qəbiristanlıqlardakı quldur məzarlarını ziyarət edib, qanunsuz rejimin üzvləri ilə bir sıra təmaslarda bulunub.

Ümumiyyətlə, hazırda Fransada prezidentliyə namizədlərin bir yarışı getməkdədir. Bu yarış erməni əsilli fransız vətəndaşlarının səsləri uğrundadır. Hazırkı prezident Makron başda olmaqla, bütün namizədlər hər cür meymunluq edirlər ki, erməni seçicilərin xoşlarına gəlsinlər və onların səslərindən bir qismini ala bilsinlər. Qeyd edək ki, Fransa prezidentliyinə digər namizəd Erik Zemmur da bugünlərdə Ermənistanda olub. Ötən həftə Fransa mətbuatı iddia etdmişdi ki, ölkədəki erməni icmasının bir neçə nümayəndəsi prezident Emmanuel Makrona açıq məktub yazıb, onu Ermənistana səfərə dəvət edib. Bundan əvvəl Fransanın İrəvandakı səfiri Ann Luis bildirmişdi ki, Makron “İrəvana səfər etməkdən çox şad olacaq, lakin gün hələ müəyyənləşməyib”. Fransada prezident seçkiləri 2022-ci il aprelin 10-unda keçiriləcək. Belə görünür ki, namizədlər hələ rəsmən qeydiyyata alınmamış Qarabağa gələrək, özlərinin erməni sevgilərini izhar etmək, Fransadakı erməni seçicilərin rəğbətini qazanmaq istəyirlər. Yeri gəlmişkən, bu cür faktlar Rusiya sülhməramlılarının da etibarsızlığını bir daha ortaya qoyur.

Məsələ Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olub. AMIP Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz olaraq Qarabağa səfər etməsini, separatçı rejimin nümayəndələri ilə görüşməsini Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına həqarət kimi qəbul edir.

Bu barədə “Yeni Müsavat”a göndərilən bəyanatda deyilir. “Azərbaycan rəsmilərindən bu hadisə ilə bağlı susmamağı, təcili münasibət bildirməyi və Valeri Pekresin arzuolunmaz şəxs elan olunmasını tələb edirik. AMİP hesab edir ki, eyni zamanda Laçın koridoruna nəzarəti öz üzərinə götürmüş Rusiyaya da dərhal etiraz notası göndərilməli və ”sülhməramlıların” Azərbaycan qanunlarına bu şəkildə yanaşması, vəzifə səlahiyyətlərini aşaraq əraziyə aidiyyəti olmayan şəxsləri buraxması ilə bağlı izahat tələb olunmalıdır”, etiraz bəyanatında vurğulanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.