Diplomatik qalmaqalın arxasındakı güc: - Təhlükə haradan gəlir?
24-12-2021, 17:06

Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin Körfez qəsəbəsində 1990-cı illərin əvvəlində başlanan çeçen azadlıq hərəkatının lideri Cövhər Dudayevin adını daşıyan parkın açılması iki ölkə arasında diplomatik skandala səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova diplomatik kanallarla Türkiyəyə etirazını bildirdiyini deyib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Türkiyə xəbərdarlıq edib. Peskov qeyd edib ki, Kreml hadisəni Çeçenistan üçün ağrılı hesab edir və respublika rəhbəri Ramzan Kadırovun emosional reaksiyasını anlayır. Xatırladaq ki, bir müddət əvvəl Çeçenistan Prezidenti Ramzan Kadırov Türkiyə hakimiyyətini Rusiyada cinayət törətmiş terrorçuların adlarını əbədiləşdirməkdə ittiham edib. O bəyan edib ki, Türkiyənin atdığı addımlar Moskva ilə Ankara arasında uzun illərdir inkişaf edən münasibətlərə mənfi təsir göstərə bilər. Bildirək ki, Türkiyədə Dudayevin şərəfinə parkın açılışı dekabrın əvvəlində məlum olub. Eyni zamanda, açılış mərasimində şəhər hakimiyyətinin nümayəndələri Dudayevi azadlıq uğrunda mübarizənin simvolu adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyi isə Türkiyənin hərəkətlərini tənqid edərək, Moskvanın terrorçulara abidələrin ucaldılması ilə bağlı mövqeyinin dəyişməz və prinsipial olaraq qaldığını xatırladıb. Rusiya və Türkiyə arasında narazılığın yaranması Azərbaycanın maraqlarına cavab vermir. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra regionda Rusiya vəTürkiyənin maraqlarının koordinasiya olunması Azərbaycanın mövqeyini gücləndirir. Lakin bu münasibətlərin pozulması Azərbaycan üçün əlavə problemlər yarada bilər. Ona görə də Rusiya və Türkiyə arasında yaranmış gərginliyin Azərbaycana təsiri ilə bağlı suallar gündəmə gəlib.
DİA.AZ-ın məlumatına görə, politoloq Elşən Manafov hesab edir ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə strateji münasibətlərə malikdir. Azərbaycan Türkiyəyə “Bir millət, iki dövlət” prizmasından yanaşırsa, Rusiya ilə münasibətlərə strateji tərəfdaşlıq münasibətləri qurub. Rusiyanın Cənubi Qafqazdakı maraqları Azərbaycanı bu məsələdə təmkinli və ehtiyatlı olmağa sövq edir. Xüsusilə də Qarabağ probleminin həllində və bölgədə dayanıqlı sülhün təmin olunmasında Rusiyanın həlledici imkanlarının olduğu nəzərə alınarsa, Türkiyə və Rusiya arasında gərginliyin yaranmasında Azərbaycan maraqlı deyil:
“Vaxtilə Rusiya və Türkiyə arasında yaranmış gərginliyin aradan alxmasında Azərbaycan Prezidentinin müstəsna rolu olub. Türkiyə-Rusiya münasibətlərində gərginliyin artması düşünmürəm ki, hər iki tərəfin maraqlarına cavab versin. Çünki hər iki ölkə yalnız Cənubi Qafqazda deyil, Suriyada və Liviyada da əməkdaşlıq edir. Hər iki dövlət adıçəkilən bölgələrdə bir-birinin maraqlarından çıxış edərək addım atırlar. Yəni razılaşdırılmış siyasət həyata keçirirlər. Bundan başqa, Türkiyənin enerji təhlükəsizliyində Rusiyanın böyük rolu var. Türkiyənin enerjiyə olan tələbatının 50 faizi Rusiyanın payına düşür. Rusiya Türkiyədə atom elektrik stansiyasının inşasında yaxından iştirak edir. Eyni zamanda, Türkiyə müdafiə qabiliyyətinin artrılması üçün Qərbin vermədiyi silahları Rusiyadan alır. Bu baxımdan, münasibətlərin gərginləşməsi nə Rusiyanın, nə Türkiyənin maraqlarına cavab verir”.
Həmsöhbətimizin fikrincə, Kadırovun bəyanatı isə Rusiyada Türkiyə ilə münasibətlərinə gərginlik gətirmək istəyi ilə bağlı ola bilər:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramzan Kadırovun ünvanına çox maraqlı bir açıqlama ilə çıxış etmişdi. Cənab Ərdoğan bildirdi ki, sən uzaqbaşı Rusiya kimi bir dövlətdə general-qubernator rolunu oynaya bilərsən. Mən isə Osmanlı dövlətinin xələfi sayılan Türkiyə Cümhuriyyətinin Prezidentiyəm. Kadrıova münasibətdə Ərdoğanın bu açıqlaması Türkiyə dövlətinin artan gücünü göstərir. Amma Kadırov da özbaşına deyil. Kadırovun Türkiyə Prezidentinin ünvanınana səsləndirdiyi ittihamların arxasında müəyyən dairələrin maraqları və mesajları var.
Rusiya-Türkiyə münasibətlərində gərginliyin yaranması daha çox Qərbin maraqlarına cavab verir. Çünki Türkiyənin Rusiya ilə yaxınlaşması ABŞ-ı və onun NATO-dakı müttəfiqlərini narahat edir. Rəsmi Moskva Ankaranın Qərblə münasibətlərində yaranmış çatın dərinləşməsində maraqlıdır. Ona görə də Rusiya və Türkiyənin siyasi elitaları arasında gərginliyin yaranacağını istisna edirəm. Xüsusilə də hər iki ölkənin prezidentləri arasında səmimi dostluq münasibətlərinin olduğunu nəzərə alsaq, son hadisə Türkiyə-Rusiya münasibətlərində gərginliyin artmasına təkan verən amil kimi qəbul edilməməlidir. Çünki son qərarı Rusiyada da, Türkiyədə də özlərinin xarizmatik keyfiyyətləri ilə seçilən Putin və Ərdoğan verir”.
Onun sözlərinə görə, Azərbaycanın strateji müttəfiqi və tərəfdaşı olan bu iki ölkə arasında gərginliyin artması arzuolunmazdır:
“Proseslərin belə inkişafı bütün hallarda bölgədə gərginliyin səngiməsi baxımından Azərbaycanın maraqlarına cavab vermir”.